Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:35

Böyük Britaniyadan Rusiyaya xəbərdarlıq


Liz Truss, arxiv foto
Liz Truss, arxiv foto

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanı Ukraynaya hərbi müdaxiləyə qarşı xəbərdar edib.

Avstraliyada səfəri zamanı çıxış edən nazir Rusiya prezidenti Vladimir Putini "böyük strateji səhvə yol verməməyə" və iddia olunan təcavüz planlarından əl çəkməyə çağırıb.

Trussun fikrincə, işğal onu göstərəcək ki, Kreml “tarixdən dərs almayıb”. Nazirə görə, irimiqyaslı hərbi əməliyyatlar çoxlu sayda insanın, o cümlədən Rusiya hərbçilərinin də itkisinə səbəb olacaq. Bu kontekstdə o, Sovet İttifaqının Əfqanıstanda, Rusiyanın da Çeçenistanda apardığı müharibələri xatırladıb.

Truss həmçinin Rusiyanın özünün Ukraynanın ərazi bütövlüyünü qorumaq öhdəliyi götürdüyü 1994-cü il Budapeşt Memorandumunu yada salıb.

Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın işğalı halında Qərb Rusiyaya qarşı “çox ciddi sanksiyalar” tətbiq edəcək. Bundan əlavə, Britaniya Ukraynanı silahla təmin edir - bu yaxınlarda, xüsusən də, Moskvada tənqidlərə səbəb olan tank əleyhinə silahların tədarükü elan edilib.

Truss öz çıxışında həm Putini, həm də Çin lideri Si Tsinpini kəskin tənqid edib. O, Rusiya və Çini Belarus, Şimali Koreya və Myanma kimi ölkələrin rəhbərliyinə dəstək verən “diktatura ixrac edən qlobal təcavüzkarlar” adlandırıb.

Britaniyalı nazirin sözlərinə görə, qlobal təcavüzkarlar hazırda İkinci Dünya Müharibəsindən sonra ən güclülərdir. Onlara ancaq dünya demokratik dövlətlərinin birliyi – “azad dünya” müqavimət göstərə bilər.

Onun fikrincə, Qərb ölkələri Avstraliya, İsrail, Hindistan, Yaponiya və İndoneziya kimi dövlətlərlə əməkdaşlıq etməlidir. Britaniyalı nazir deyib ki, Qərb də Avstraliyanın Çinlə ticarət asılılığını necə azaltdığı kimi Rusiyadan iqtisadi asılılığını azaltmaq barədə düşünməlidir.

XS
SM
MD
LG