Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:24

'Bu fərman 6 il öncəki sərəncamın taleyini yaşayır'


Dosye
Dosye

Son dövrlərdə ölkədə məhkəmə-hüquq sahəsində vəziyyətdən söhbət düşəndə, tənqidlər səslənəndə hakimiyyət təmsilçiləri adətən prezidentin 3 aprel 2019-cu il tarixli fərmanına istinad edir. «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərman bu sahədəki islahatların əsas elementi kimi vurğulanır. Sənədin imzalanmasından 9 aya yaxın vaxt keçir, fərmanda əksini tapan məsələlərin icrası istiqamətində hansı addımlar atılıb?

Kommersiya məhkəmələri yaradılmadı

Fərmanda nəzərdə tutulan işlərdən biri vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı mübahisələrə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar məsələləri araşdırmaqdan ötrü yeni ixtisaslaşmış məhkəmənin (kommersiya məhkəmələri) yaradılmasıdır.


Ardınca iyulun 19-da prezident İlham Əliyev «Məhkəmələr və hakimlər haqqında» Qanuna dəyişiklik edilməsi barədə sərəncam imzaladı. Sənədə əsasən, Azərbaycanda inzibati-iqtisadi məhkəmələr ləğv edilir, onların yerində inzibati və kommersiya məhkəmələri (Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə 6 inzibati və 6 kommersiya məhkəməsi-red.) yaradılır. Yeniliklər 2020-ci il yanvarın 1-dən qüvvəyə minməliydi.

Yanvarın 1-nə cəmi bir həftə qalır. AzadlıqRadiosunun məhkəmə sistemindəki mənbələrdən əldə etdiyi məlumata görə, göstərilən tarixdə sərəncamın icrası mümkün olmayacaq. «Bu istiqamətdə hələ görüləsi çox iş var», – mənbələr bildirir.

Ədliyyə Nazirliyindəki başqa bir mənbə də yanvarın əvvəlindən ayrıca kommersiya məhkəmələrinin fəaliyyətə başlamasının mümkünsüz olduğunu deyib.

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Alternativ ekspertiza

Yanvarın 1-dən qüvvəyə minməli məsələlərdən biri də özəl məhkəmə ekspertizası institutunun – alternativ ekspertizanın yaradılmasıydı. Bu da prezidentin 3 aprel 2019-cu il tarixli fərmanında əksini tapmışdı. Hazırda ölkədə ekspertizalar yalnız Ədliyyə Nazirliyinin tabeliyindəki Məhkəmə Ekspertiza Mərkəzində həyata keçirilir. Bir çox hallarda bu Mərkəzin ekspertlərinin rəyləri narazılıq yaradır. Nəzərə alsaq ki, hakimlər hökm və qərarların qəbulunda ekspertizanın rəyinə əsaslanır və bu rəylər insanların taleyinə birbaşa təsir göstərir, alternativ ekspertiza yeniliyi ümidlə gözlənilən addımlardandır. Amma belə görünür ki, hələ bir xeyli vaxt da gözləniləcək. Çünki yanvarın əvvəlindən bu məsələnin də icrası mümkün olmayacaq.

Məhkəmələrlə bağlı narahatlıq doğuran məqamlardan biri də iclaslarda baş verənlərin, ifadələrin iclas protokollarında doğru-düzgün yazılmamasıdır. Dəfələrlə bununla bağlı mübahisələr olur. Özəlliklə vəkillər iddia edir ki, məhkəmə iclaslarında olanlar protokollarda təhrif edilir. Son belə mübahisələrdən biri müxalifətin 19 oktyabr aksiyasında həbs olunan Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun işində oldu. T.Yaqublu iddia edirdi ki, onun işgəncəyə məruz qalması barədə məhkəmədə söylədikləri protokolda əksini tapmayıb. Prezidentin 3 aprel 2019-cu ildə imzaladığı fərman həm də bu problemə görə ümidverici idi. Çünki fərmanda həm də «obyektivliyi təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun audioyazıya uyğun tərtibi» nəzərdə tutulurdu. Üstündən 9 ay keçsə də, bu məsələ də kağız üzərində qalır. Hələ də məhkəmə iclaslarında vəkillərin audioyazı barədə vəsatətləri rədd edilir...

Ə.Məmmədli
Ə.Məmmədli

Elektronlaşma, vəkil çatışmazlığı

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, prezidentin 6 il öncə imzaladığı ««Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında» Sərəncam kağız üzərində qaldığından 3 aprel 2019-cu il tarixli fərman meydana gəldi. Hüquqşünasın sözlərinə görə, illər öncəki sərəncamda da məhkəmə sistemindəki problemlər sadalanır, onların həlli yolları göstərilirdi. Amma nəticə dəyişmədi. Ə.Məmmədli builki fərmandan sonra məhkəmə-hüquq sistemində baş verənləri nəzərə alaraq, nikbin olmadığını deyir: «Bu gün də məhkəmələrdə şəffaflıq məsələsi problem olaraq qalır. Bu istiqamətdə real addım atılmır. Ümumiyyətlə, ciddi dəyişiklik baş verməyib. Şəxsən özüm monitorinq aparmışam. Azərbaycanda 111 məhkəmə var, bunların cəmi 45-46-sı elektron məhkəmə portalına inteqrasiya eləyib. Halbuki elektron məhkəmə portalına inteqrasiya hələ 6 il öncəki sərəncamda nəzərdə tutulmuşdu. Düşünürəm ki, builki fərman 6 il əvvəlki sərəncamın taleyini yaşamaqda davam edir».

Hüquqşünas məhkəmə-hüquq sistemindəki durumu təhlil edərkən vəkilliyə də diqqət çəkir. Deyir ki, bu sahədə də vəziyyət həyəcan təbili çalmağa əsas verir. Onun sözlərinə görə, özəlliklə nümayəndəlik institutunun ləğvi (Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmə proseslərində hüquq müdafiəsi ilə məşğul ola bilməz-red.), ictimai-siyasi fəalları müdafiə edən vəkillərin sıxışdırılması acınacaqlı durum yaradıb. Ə.Məmmədli vəkillərin sayı ilə bağlı da problemin davam etdiyini vurğulayır: «Gerçəkdən hüquq müdafiəsi ilə məşğul olan müstəqil vəkillər çəkindirilir, təzyiqlərə məruz qalır, müxtəlif bəhanələrlə Vəkillər Kollegiyasından uzaqlaşdırılır. Çox savadlı, Avropa Məhkəməsində uğur qazanmış müstəqil hüquqşünaslar Kollegiyaya buraxılmır. Bu cür yanaşma ilə vəkilliyi inkişaf etdirmək olmaz. Vəkillərə çatımlılıq problemi yaşanır, onların sayı hələ də azdır. Üstəlik, olanların da 85 faizi Bakıda fəaliyyət göstərir».

A.Bağırov
A.Bağırov

«Vəkilliyin tarixində inkişaf ili»

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı səslənən fikirlərlə razılaşmır. Hesab edir ki, əksinə, Azərbaycanda vəkillik inkişaf edib. AzadlıqRadiosuna da 2019-cu ilin vəkilliyin tarixində inkişaf ili kimi qalacağını iddia edir.

«Bu il vəkilliyin 100 illiyini qeyd elədik. Orderlərdə markaların tətbiqinə başladıq, Türkiyə modelindən istifadə elədik. Prezidentin fərmanı da vəkilliyin maliyyə müstəqilliyi istiqamətində addım oldu (dövlət hesabına vəkillik edənlərə ödənilməsi üçün birbaşa Vəkillər Kollegiyasına vəsait ayrılması nəzərdə tutulur-red.). 14 ASAN Xidmət mərkəzində vəkil bürosu fəaliyyətə başladı, onlardan 10-u vətəndaşlara pulsuz şifahi hüquqi yardım göstərir», – A.Bağırov ötən il baş verənləri sadalayır.

Kollegiya rəhbərinin sözlərinə görə, vəkillərin azlığıyla bağlı problem də tədricən aradan qalxır. Bu il daha 170 nəfərin vəkil olduğunu vurğulayan A.Bağırov sayın 1740-a çatdığını söyləyir.

Bu il cəzalanan vəkillərlə bağlı hələlik dəqiq rəqəmin məlum olmadığını bildirən A.Bağırov vəkillərdən şikayətlərin, əsasən, bu səbəblərlə bağlı olduğunu deyir: «Vəkil kimi üzərilərinə düşən vəzifənin yerinə yetirilməməsi, müqavilə bağlamadan hüquqi yardım göstərilməsi, müştərinin şərəf və ləyaqətinə, işgüzar nüfuza xələl gətirilməsi, müqavilədən kənar pulun alınması...».

Deputat Fazil Mustafa «Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında» Fərmanın icrasından danışarkən deyir ki, bu sahədə köklü dəyişikliklər baxımından tarixi sənəddir. Onun fikrincə, nəticəsi tədricən daha çox hiss olunacaq. Deputat faydalar barədə danışarkən alternativ ekspertizanı özəlliklə vurğulayır. Onun fikrincə, ümumiləşmiş məhkəmə təcrübəsinin tətbiqi də süründürməçiliyi aradan qaldıracaq: «Təcrübədə artıq müəyyən dəyişikliklər hiss olunur. Məsuliyyət də artır».

XS
SM
MD
LG