Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:52

Nobel Sülh Mükafatı Yaponiya təşkilatına verildi


ABŞ-nin Naqasakidə partlatdığı "Fatman" atom bombasının göbələk buludu
ABŞ-nin Naqasakidə partlatdığı "Fatman" atom bombasının göbələk buludu

Norveç Nobel Komitəsi 2024-cü il Nobel Sülh Mükafatını Yaponiyanın "Nihon Hidankyo" təşkilatına verib. "Hibakuşa" adı ilə tanınan bu təşkilat Hiroşima və Naqasaki atom bombası hücumundan sağ çıxanların hərəkatıdır.

Qurum mükafata nüvə silahsız dünya uğrunda səyləri, şahid ifadələri vasitəsilə nüvə silahlarından heç vaxt istifadə etməməyin gərəkdiyini göstərdiyinə görə layiq görülüb.

Nihon Hidankyo 1956-cı ildə, Hiroşima və Naqasakinin bombalanmasından zərər görənlər tərəfindən yaradılıb. Qurum üzvləri nüvə silahının tətbiqinin fəlakətli humanitar fəsadları barədə maarifləndirmə işi aparır.

Bu il Nobel Sülh Mükafatına sayda – 286 namizəd irəli sürülüb: 197 fərd və 89 təşkilat. Rekord iddiaçı isə 2016-cı ildə olub – 376 ərizə.

Ötən il mükafata iranlı hüquq müdafiəçisi, həbsdə olan Nərgiz Məhəmmədi layiq görülüb. 2022-ci ildə mükafat belaruslu hüquq müdafiəçisi Ales Belyatski, Rusiyadan “Memorial” insan haqları təşkilatı və Ukraynadan “Vətəndaş azadlıqları mərkəzi”nə verilib.

Ədəbiyyat üzrə mükafatı Cənubi Koreya yazıçısı alıb

Stokholmda oktyabrın 10-da Ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan edilib.

Bu, Cənubi Koreya yazıçısı Han Qandır. Han Cənubi Koreyadan Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk yazıçıdır.

Nobel Komitəsinin qərarında deyilir ki, Han Qan bu mükafata “tarixi yaralara meydan oxuyan və insan həyatının kövrəkliyini açan dərin poetik nəsrinə” görə layiq görülüb.

Han Qan 1970-ci ildə Kvancu şəhərində doğulub. 9 yaşında ikən ailəsi ilə birlikdə Seula köçüb.

Onun atası tanınmış romançı idi.

Han Qan öz bədii karyerasına 1993-cü ildə “Ədəbiyyat və cəmiyyət” jurnalında dərc edilmiş şeirləri ilə başlayıb. 1995-ci ildə “Sevgi” adlı ilk hekayələr toplusu çapdan çıxıb.

Yazıçıya Koreyanın hüdudlarından kənarda məşhurluğu “Vegeterian qadın” romanı gətirib.

O bu əsərə görə beynəlxalq Booker mükafatına layiq görülüb.

Bundan başqa Han Qan “Sevimli oğluma” və “Mən vidalaşmıram” romanlarını yazıb.

Kimya üzrə

2024-cü il üçün Kimya üzrə Nobel mükafatları ABŞ-dan Devid Beykerə, Britaniyadan Demis Hassabisə və Con Camperə, zülalların kompüter dizaynına və onların üçölçülü strukturlarının proqnozlaşdırılmasına görə verilib.

Beyker mükafata zülalların kompüter dizaynına görə layiq görülüb. Onun tədqiqatları tamamilə yeni zülalların yaradılmasına imkan verir.

Beyker hələ 2003-cü ildə amin turşularından, başqa heç bir zülala bənzəməyən zülal yaratmışdı.

O vaxtdan bəri onun elmi komandası çox sayda unikal zülallar yaradıb. Bunlardan dərmanların, vaksinlərin, nanomaterialların və mikroskopik sensorların hazırlanması üçün istifadə olun bilər.

Google şirkətinin törəmə firması olan Google DeepMind qrupundan Hassabis və Camper demək olar bütün məlum 200 milyon zülalın strukturunu proqnozlaşdırmaq üçün süni intellektdən istifadə ediblər.

Zülal strukturunun proqnozlaşdırılmasından tibdə, əczaçılıqda və biotexnologiyada istifadə etmək mümkündür.

Bu metod tədqiqatçılara antibiotiklərə müqaviməti daha yaxı anlamaq və plastikləri parçalayan ferment modellərini hazırlamaq imkanı verir.

Kimya üzrə Nobel mükafatları təsis olunduğu gündən 197 nəfərə verilib və bunlardan yalnız 8-i qadındır.

Bu da qeyd olunur ki, qadınlar arasında Kimya üzrə mükafatı yalnız iki nəfər - Mariya Sklodovskya KüriDoroti Hockin “şəriksiz” olaraq alıblar.

Fizika üzrə

Fizika üzrə 2024-cü ilin Nobel mükafatı amerikalı Con Hopfildə və kanadalı Cefri Hintona maşınların süni neyroşəbəkələr vasitəsilə öyrədilməsi sahəsindəki kəşf və tədqiqatlarlına görə verilib.

Hopfild assosiativ yaddaş əsasında təsvirləri rekonstruksiya edən və saxlayan şəbəkə yaradıb. Hinton isə Hopfildin kəşfindən faydalanaraq Boltsman maşınını yaradıb. Bu maşın məsələn fotoşəkillərdəki konkret elementləri identifikasiya edir və və bunların təsnifatını qura bilir.

Fizika üzrə Nobel mükafatları 1901-ci ildən verilir. O vaxtdan bəri bu mükafat 224 nəfərə verilib. Onlardan yalnız beşi qadındır

Amerikalı Con Bardin bu mükafatı iki dəfə ala bilib.

Fizika üzrə Nobel mükafatının ən gənc laureatı isə 25 yaşlı avstraliyalı fizik Uilyam Lourens Breqq olub. O atası ilə birlikdə rentgen şüaları vasitəsilə kristalları öyrənirdi.

Oktyabrın 7-də isə Fiziologiya və Tibb üzrə Nobel mükafatları ABŞ alimləri Viktor Embrosa və Geri Ravkana mikroRNT-lərin kəşfinə və tədqiqatına görə verilib.

Oktyabrın 9-da Kimya, 10-da Ədəbiyyat və 11-də isə Sülh üzrə Nobel mükafatlatlar elan ediləcək.

Nobel mükafatı laureatlarına qızıl medal, diplom və 11 milyon İsveç kronu (1.1 milyon dollar) pul mükafatı verilir.

XS
SM
MD
LG