Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:58

MTN generalı və polkovnikinin işi: 'Eldar Mahmudov dindirilsin'


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, həbsdə olan general Elçin Quliyevə qarşı 2 milyon 864 min manatlıq mülki iddia qaldırılıb.

İddiaçılar isə Elçin Quliyevin cinayət işindəki zərərçəkmişlərdir. Onlar mayın 4-də elə Elçin Quliyevin məhkəməsində mülki iddiaları qaldırıblar.

Elçin Quliyev və MTN-də onun rəhbərlik etdiyi idarədə işləmiş polkovnik Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax: MTN işində zərərçəkmiş: “Özümdən çox, oğlumu nəzərə almağımı istədi”

1 MİLYON 400 MİN MANATLIQ İDDİA

Zərərçəkmişlərdən Aydın Cəfərov 50 min maddi, 40 min manat isə mənəvi ziyanın adları çəkilən iki təqsirləndirilənlə yanaşı, həm də cinayət məsuliyyətinə cəlb olunmuş daha iki MTN generalına – nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və Əməliyyat-Texniki İdarəsinin rəisi Natəvan Mürvətovaya qarşı da yönəldilməsini istəyib.

İttihama görə, MTN-də zərərçəkmiş Maqsud Mahmudovdan 120 min dollar pul alınıb. Bunun əvəzində zərərçəkmişin 1 milyon 400 min manatlıq mülki iddia qaldırmasına Elçin Quliyevin vəkili etiraz edib. Zərərçəkmiş Mahmudov isə onun etirazının əsassız olduğunu bildirib. Deyib ki, 120 mindən ötrü dəyəri daha çox olan əmlakını bir günün içində 120 minə satmaq məcburiyyətində qalıb.

Məhkəmə bütün mülki iddiaları qəbul edib, onların təmin olunub-olunmaması haqda qərar isə prosesin sonunda veriləcək.

Buna da bax: Həbsdəki məmurun qardaşı etiraz edir: 'Mülklərimə həbs qoyulub'

Zərərçəkənlərdən Mətləb Mustafayev 22 nəfərin məhkəmədə əlavə şahid qismində dindirilməsi haqda vəsatət qaldırıb. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, MTN-in Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev, onun müavini Təhsin Ağayev, Nəsimi və Səbail rayon məhkəmələrinin hakimləri də var. Zərərçəkmiş eyni zamanda, məhkəmə qərarı olmadan MTN əməkdaşlarının onun evində axtarış aparması haqda sənədlərin DTX-dan sorğu ilə alınmasını istəyib.

“QARDAŞIMIN İNTİHARI BARƏDƏ MƏLUMATLARI OLUB”

Mətləb Mustafayev bildirib ki, MTN əməkdaşları onu qondarma ittihamla həbs edib. Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə məhkum olunub. Amma 2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Ali Məhkəmə onun haqqında hökmü ləğv edərək, işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. Amma bu instansiyada da işin baxılmasında fasilə elan olunub: “Hakim Rizvan Səfərov bildirib ki, bu məhkəmənin yekun nəticəsini gözləyirlər”.

Buna da bax:​ Polkovnik ifadə verəndən 5 gün sonra özünü asıb

Keçmiş nazirin dindirilməsi tələbinə gəlincə, zərərçəkmiş deyir ki, onun saxta ittihamla həbsi üçün əməliyyat qurulması əmrini Eldar Mahmudov verib: “Mövlan Şıxəliyev, Təhsin Ağayev və digər əməkdaşlar da bu prosesdə iştirak ediblər. Onların həm də qardaşım Malik Mustafayevin intihar etməsi haqda məlumatı olub. Dindirilməsini istədiyim hakimlər isə saxta ittihamla qanunsuz həbs qərarı verənlərdir”.

Əlavə şahidlərlə bağlı vəsatət baxılmamış saxlanılıb. Hakim bildirib ki, ittiham tərəfin şahidləri dindiriləndən sonra əlavə şahidlər məsələsinə baxılacaq.

Təqsirləndirilən polkovnik Azər Mehdiyevin vəkili onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. Amma vəsatət təmin olunmayıb.

Buna da bax: Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'

TİBBİ EKSPERTİZA TƏLƏBİ SƏSLƏNİB

Vəkil Qubad Salayev zərərçəkmiş Maqsud Mahmudovun tibbi ekspertizadan keçirilməsi haqda da vəsatət qaldırıb. Deyib ki, bu adam iki dəfə əsəb dispanserində müalicə alıb, ona görə də anlaqlı olub-olmaması yoxlanmalıdır.

Maqsud Mahmudov vəsatətə etiraz edib. Deyib ki, birinci dəfə Qarabağ döyüşlərində iştirakdan sonra 1994-cü ildə müalicə alıb. İkinci dəfə isə birdəfəlik pensiyadan ötrü dispanserdə yeddi gün yatıb.

General Elçin Quliyev isə zərərçəkmişi porno-şantajda suçlayıb: “Bu adam əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub. Ona pornoqrafik videolarla qadınları şantaj etməyə görə də cinayət işi açılıb. O, peşəkar şantajçıdır. Mütləq ekspertiza keçirilməlidir”.

Buna da bax:​ MTN generalı keçmiş nazirin əleyhinə ifadə verib

Amma hakimlər kollegiyası zərərçəkmişin ekspertizadan keçməsinə ehtiyac görməyib.

Ardından MTN generalının vəkili mediada haqqında yazılanlara etiraz edib, məhkəməsinin videoçəkilişlə aparılmasını istəyib: “Çəkiliş aparılsın, məhkəmə-iclas protokolları görüntülərlə uyğunlaşdırılsın. Burada məhkəmə istintaqı başlamamış mətbuatda Elçin Quliyevin ifadələri yayılıb. Elə məlumatlar yayırlar ki, onları açıqlamaq olmaz”.

“ƏMƏKDAŞLARIMIZIN ADLARINI AÇIQLAYIRLAR”

General özü də bu halda, ifadə verməyəcəyini deyib və məhkəməsinin qapalı keçirilməsini istəyib.

Prokuror ona xatırladıb ki, onsuz da dövlət sirri və ailə sirri olan məlumatlarla əlaqədar bəzi iclaslar qapalı keçiriləcək. Amma prosesin tam qapalı keçirilməsinə ehtiyac yoxdur.

Buna da bax: 'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...

Ardından ittiham aktı elan olunub. Amma nə Elçin Quliyev, nə də Azər Mehdiyev özünü təqsirli bilib. Onlar ittihamları qəbul etmədiklərini deyiblər və indiki mərhələdə ifadə verməkdən də imtina ediblər.

“Mənim hər sözüm dövlət sirridir. Bizim əməkdaşlarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. “Meşə qardaşları”, Kamran Əsədovun dəstəsi, İŞİD, “Əl-Qaidə” və digər terror şəbəkələri ilə əlaqələri olan o qədər adamı ifşa eləmişik ki... Əməkdaşlarımızın adlarını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, məsuliyyət kimin üzərində qalacaq?”, – Elçin Quliyev belə deyib. O, sonda ifadə verəcəyini söyləyib.

Məhkəmə mayın 8-də davam edəcək.

Buna da bax:​ 'O, otağıma girən kimi stolun üstünə pul qoydu...'

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.

Elçin Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG