Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:37

'Ölünü bədəndən çıxarmaqdan ötrü 20 min dollar...'


arxiv foto
arxiv foto

Azərbaycanda fal qurbanları var

Son illər Azərbaycanda artan və mediada daha çox əksini tapan cinayətlər arasında dələduzluq ön planda görünür. Nədir dələduzluq? - qarşı tərəfin etibarından sui-istifadə edib onu aldatmaq. Ölkədə kateqoriyaya aid cinayətlərdə adamları daha çox işə düzəltmək, hansısa yaxınını həbsdən buraxdırmaq, əmlak satmaq kimi vədlərlə aldadırlar. Amma taleyini falçıların ümidinə buraxıb, pulunu-qızılını itirənlər də az deyil. Bakı sakini Qəmər Mehrəliyeva kimi. Ailəsindəki problemləri yoluna qoymaq adıyla iki falçı qadın – Lyuba Petrovna və Lida Nokolayevna onun 26 min manatlıq qızıl-brilyantını alıb və... sonradan həmin bər-bəzək əşyalarını Gəncədə satıblar.

“Yumurtanı suya salıb, ayinlər edirdilər...”

Hər dəfə falçıların tələb etdiyi qızılları versə də, problemlərin çözülmədiyini görən qadın aldadıldığını anlayandan sonra polisə üz tutub. Zərərçəkmiş məhkəmədə bildirib ki, falçılar yumurtanı suya salaraq, hansısa ayinlər edirdilər. Bu zaman haldan-hala düşür və belə hərəkərləriylə özlərinə inam oyadırdılar.

Hər 2 falçı qadın özünü qismən təqsirli bilsə də, heç kimdən zorla heç nə almadıqlarını, zərərçəkmişin qızılları könüllü verdiyini söyləyib:

“Qadın özü bizi axtarırdı. İki dəfə bizi evinə çağırdı. Onu əri atıb getmişdi deyə, bizdən kömək istəyirdi. Mən də falına baxdım, yaxşı olacağını dedim. Sonra əri geri qayıtdı və qadın bizi evinə çağırıb, sevindiyindən qucaqladı və qızılları hədiyyə etdi”, - Lyuba Petrovna-nın sözləridir.

Digər falçı Lida Nikolayevna qızılların dəyərinin şişirdilməsindən narazıdır: “O qızılların 26 min dəyəri olmayıb, məbləğ şişirdilib”.

“10 mindən çox pul və qızıl verdim ki...”

Fala baxmaq adıyla adamları aldatmağa görə həbs olunanlardan biri də məşhur “falçı Səkinə”dir.

“Xəstəlikdən əziyyət çəkirdim, ona görə Səkinə İsmayılovaya müraciət etdim. Məni əllə müalicə edəcəkdi. Ona 10 min manatdan çox nağd pul və qızıl verdim. Əvvəlcə Səkinəni mənə ekstrasens kimi təqdim etmişdilər. Evinə gedəndə kartla fala baxdığını gördüm. Səkinə xəstəxanada ölüm ayağında olan bir qadının yanına gəlmişdi. Qadın çox əziyyət çəkirdi. Səkinə həmin xəstəyə nəsə elədi, amma neylədiyini bilmirəm. Sonra həmin qadın öldü. Mənim özüm də xəstəydim. Mənim də öləcəyimi dedi. Pulu həm özümün, həm də həmin vaxt ana bətnində olan uşağımın müalicəsi üçün vermişəm”, - Esmira Hüseynova bunları falçı Səkinə haqqında deyib.

S. İsmayılova zərərçəkmişin dediklərini şər-böhtan adlandırsa da, qarşı tərəf dediklərindən dönməyib:

“Düzünü danışın, siz məni israrla çağırıb, mənə “öləcəksən, gəl” deyirdiniz. Balam şikəst qaldı, heç olmasa, məni sağaldardınız... Mən indi də xəstəyəm, Allahdan qorxub, o kartları açıb bizi aldatmazdınız..”.

“Məni nişanlımla barışdıracaqdı”

Vəlican Rəcəbov adlı başqa bir zərərçəkmişsə ayrıldığı nişanlısıyla barışmaqdan ötrü falçıdan kömək umsa da aldandığını deyir: “Səkinə İsmayılovanın Şəlalə adlı rəfiqəsini də tanıyırdım. Mən nişanlımla ayrılmışdım. Şəlalə ilə Səkinə məni aldadıb nişanlımla barışdıracağımı dedilər. Buna görə 1500 manat pul vermişəm”.

Bakıda bir neçə kiçik otel və başqa obyektlərin sahibi olan Barat Abdullayev həyat yoldaşı Təyminə Abdullayeva-nı onun əmlakını ələ keçirməkdə suçlayaraq, haqqında cinayət işi başlanmasına nail olmuşdu. Həmin iş üzrə istintaq və məhkəmə gedən ərəfədə Təyminə Abdullayeva bildirmişdi ki, evindəki pulları, qızılları “falçı Səkinə”yə verib. Onun sözlərinə görə, Səkinə həm fala baxmaq, həm də metronun “Əhmədli” stansiyasının yaxınlığındakı gözəllik salonunu satmaq adıyla onu aldadıb.

“Baxıcı Səkinə bacıma demişdi ki, “hamınıza cadu ediblər, öləcəksiniz”. Bacım da buna inanıb. Təyminə də uşağı da götürüb bunun yanına aparıb, şam yandırır, üstlərinə əl çəkirdi. Səkinə deyib ki, bununla da “ölünü sizin bədəninizdən çıxartdım”.

Buna görə də bacımdan 20 min dollar istəmişdi. Amma Səkinə deyirdi ki, bu pul azdı. Əlavə olaraq da qızıl istəmişdi. Bacım da buna inandı, hər şeyini verdi buna. Qızılları satdı, bankdan pul götürdü...”, - Rəna Abdullayeva danışır.

Amma bugünlərdə məhkəmə CM-in 178-ci (dələduzluq) maddəsiylə suçlanan Səkinə İsmayılovaya bəraət verdi və o, həbsdən buraxıldı.

“Çarəsiz, zəif adamlar xoş söz eşitmək istəyir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bir müddət öncə bildirilmişdi ki, komitənin 15 regional şöbəsi polis orqanları ilə əməkdaşlıq edərək, falçılara qarşı mübarizə aparır. Komitə əməkdaşları eyni zamanda, falçılara münasibətin dəyişməsindən ötrü insanlar arasında dini maarifləndirməyə də vaxt ayırır.

Belə görünür ki, hələlik, nəticə istənilən səviyyədə deyil. Falçıların “qurbanları” arasında ali təhsilli adamlar da az deyil. Bu adamlar falçılara niyə inanırlar?

Psixoloq Habil Hacıyev AzadlıqRadiosu-na bildirib ki, falın heç bir elmi əsası yoxdur. Daha çox zəif, çətin durumda qalan insanların falçıya üz tutduğunu deyən psixoloqun sözlərinə görə, onlar xoş, ümidverici söz eşitmək istəyirlər. Falçılar da adamların durumundan sui-istifadə edərək, onları proqramlamaqla məşğul olurlar:

“Falçının dediyi kimi hərəkət eləməyə çalışırlar, hansısa xırda məsələdə deyilən proqnoz düz çıxanda falçıya inam möhkəmlənir. Təəssüf ki, ətrafdakıların yetərincə ağıllı, savadlı, səviyyəli hesab etdikləri adamlar da falçıların “toruna” düşür”.

“Günahdır...”

H.Hacıyevin sözlərinə görə, falçılara daha çox xanımlar üz tutur: “O adamlar arasında sorğu keçirilsə, məlum olar ki, əksəriyyəti heç vaxt psixoloqa müraciət etməyib”.

İlahiyyatçı Elşad Miri isə İslam dinində falın heç bir halda qəbul edilmədiyini deyir və xatırladır ki, din baxımından, nəinki fala baxmaq, hətta buna inanmaq da günahdır.

XS
SM
MD
LG