Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:29

Azərbaycanda Ukrayna ilə müqayisədə məhsuldarlığın az olmasının səbəbləri...


Arpa sahəsi
Arpa sahəsi

"Böyük torpaqlar məmurlara məxsusdur"

Cəlilabad rayonunda taxıl əkən fermerlərdən biri Uzuntəpə kənd sakini Ələddin Mirzədir. O, hər il 10 hektara yaxın sahədə arpa əkdiklərini söyləyir. Amma deməsinə görə, əldə etdikləri məhsul onları qane etmir. O, bunu ildən-ilə xərcin artması, qazancın isə azalması ilə izah edir: "Torpaqları birləşdirmişik. Özümün 2 hektara yaxın pay torpağım var. Böyük torpaqlar oliqarxlara, məmurlara məxsusdur. Torpaqlarımız arpa üçün nisbətən yararlıdır".

O deyir ki, əkdikləri arpanın məhsuldarlığı ildən-ilə azalır: "10 tona yaxın arpa topladıq. Məhsuldarlıq aşağıdır. Arpa sortları standartlara cavab vermir. Bizim o qədər pulumuz yoxdur ki, xaricdən daha məhsuldar sort gətirək. Bunu dövlət etməlidir. Amma arpanın satış qiyməti ötən ilə nisbətən yaxşıdır, bir kiloqramı 40 qəpikdir. Xərc artdıqca qazanc azalır".

Ukrayna və Azərbaycanın müqayisəsi

Ə.Mirzənin deməsinə görə, qardaşları Ukraynada yaşayırlar, çox böyük ərazilərdə taxıl əkirlər: "Qardaşıma məhsuldarlığı deyirik, o da qayıdır ki, bu qədər məhsul verən sahələrə biz kombayn çıxartmırıq. Onlar hər hektardan 8-9 ton arpa götürürlər. Məhsuldar toxum əkirlər. Vaxtında onlara kredit verirlər. Biz xərcləri azaltmaqdan ötrü aqrotexniki qaydaları tam həyata keçirdə bilmirik".

Ələddin Mirzə
Ələddin Mirzə

"Bizim torpaqlar isə səhralaşır"

O, suvarmanın da bərbad vəziyyətdə olduğunu söyləyir: "Su yoxdur, halbuki, sovet dövründə bu torpaqlar suvarılıb. Uzuntəpə kənd ərazisində olan torpaqlar get-gedə gücdən düşür. Sonra səhralığa çevriləcək. Hökumət gedib Ukraynada əkin üçün torpaqlar alırdı, bizim torpaqlar isə səhralaşır".

"Gübrələr 10-15 manatdan 60-70 manata qalxıb"

Cəlilabadlı fermerin fikrincə, məhsuldarlığın aşağı düşməsinin bir səbəbi də gübrənin olmamasıdır. Onun sözlərinə görə, lazımı qədər gübrə tapa bilmirlər: "Keçən il şikayət etmədiyim yer qalmadı, üç kisə gübrə verdilər, halbuki, 10 kisə lazım idi. Azot gübrəsi tapılmır, bitkinin inkişaf etməsində böyük rol oynayır. 200 manat subsidiya verirlər, ondan 60-70 manatını götürə bilirik. Qalanlarını gübrə verirlər, baha qiymətə. Gübrələr 10-15 manatdan 60-70 manata qalxıb".

O deyir ki, buğda sahələrində də vəziyyət qənaətbəxş deyil.

Arpa yığımından sonra torpaqlar sürülür...
Arpa yığımından sonra torpaqlar sürülür...

"Suvarma zəifdir, gübrə azdır"

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisin isə bildirdiyinə görə, sadalanan problemlər əksər rayonlarda və kənd təsərrüfatının bütün sahələrində var. Onun sözlərinə görə, ölkədə 14 sort arpa əkilir: "Bu sortlar hər hektardan ən çox 6 tona yaxın məhsul verir. Bütün aqrotexniki qaydalar həyata keçiriləndən sonra bu qədər məhsul almaq olur. Suvarma zəifdir, gübrə azdır. Bu il Cəlilabadda 5 min 879 hektarda arpa əkilib. Biçin davam edir".

Müavin: "Kimlər ki, aqrotexniki qaydalara əməl edir..."

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə mövzu ilə bağlı bunları deyir: "Ot biçini başa çatmaqdadır, sonra taxıl biçini başlayacaq. 3 min hektara yaxın buğda əkilib, arpa sahəsi azdır. Taxıl sahələrinin hər hektarından 18-20 sentner məhsul götürürük. Elə yerlər var 30-40 sentner taxıl verir".

Müavinin sözlərinə görə, kimlər ki, aqrotexniki qaydalara tam əməl edir, məhsuldarlıq yaxşı olur: "Bizdə suvarma yoxdur, dəmyə torpaqlardır".

Gübrəsiz qalan fermer: 'Ümidimizi Allaha bağlamışıq'
Gözlə

No media source currently available

0:00 0:04:46 0:00

"Qiyməti Rusiya qaldırır"

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov da məhsuldarlığın az olmasını aqrotexniki qaydaların düzgün həyata keçirilməməsində görür: "Düzgün aqrotexniki qaydada iş görməyəndə torpaq məhsul verməz. Gübrə Rusiyada istehsal olunur, qiyməti orada qaldırırlar. Arpa biçini yekunlaşmaq üzrədir".

Arpa satılmır

Arpa biçini başa çatmaq üzrə olsa da, kənd təsərrüfatı məhsulları satan yerlərdə tapılmır. Satıcılar deyir ki, arpa satış yerlərinə gətirilmir, qiymətin qalxmasını gözləyirlər. Onların sözlərinə görə, halbuki, əvvəlki illərdə sahədə tədarük edilən arpa birbaşa satış yerlərinə gətirilərdi...

XS
SM
MD
LG