Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:44

'Müəllim uşağı döyüb… Deyirlər, xəstədir, işin olmasın' - Valideyn


Foto illüstrasiya
Foto illüstrasiya

«Məktəbdə döyülən də mənim uşağım, şikayətçi də mən, gəl ki, müəllim qalıb kənarda, özümü hədələyirlər».

Cəlilabad rayonu, Hacıcavad kənd sakini Rahib Məmmədov AzadlıqRadiosuna danışır ki, bu ilin martında kənddəki orta məktəbin 6-cı sinfində təhsil alan qızı Günəş Məmmədova dərsə hazırlıqsız getdiyi üçün fizika müəllimi tərəfindən döyülüb. O da buna görə polisə müraciət edib:

«Zeynəddin İbrahimov uşağı şillələyib, taxta parçasıyla qoluna xəsarətlər yetirib. Uşaq ağlaya-ağlaya gəldi, müəllim tərəfindən döyüldüyünü dedi. Sifətində və sol qolunda döyülmənin izlərini görən kimi DİN «102 xidməti»nə zəng vurub baş verənlər barədə məlumat verdik. Bizə bildirildi ki, polis şöbəsindən əlaqə saxlayacaqlar. Üç gün sonra mobil telefonuma Göytəpə polis bölməsindən təhqiqatçı Rövşən Məmmədov zəng vurdu. Məni uşaqla birlikdə bölməyə dəvət etdi. Bölmədə izahat yazdım, uşaq da baş verənləri danışdı. Təhqiqatçı arayış verib ekspertizaya göndərdi. Üç gün keçməsinə baxmayaraq, uşağın qolunda qançırlar, sifətində yüngül izlər qalmışdı və ekspertiza da izləri təsdiqlədi».

«XƏSTƏ OLMASI ONU MƏSULİYYƏTDƏN AZAD EDİRMİ?»

R.Məmmədov şikayətinin araşdırılmadığını iddia edir:

«Bir valideyn kimi uşağımın hüquqlarını qorumağa çalışdığım halda özümü divara sıxışdırıblar. Dövlətimin qanunlarına sığınmaq istədim, ancaq ədalətli addım görmədim. Xəsarət alan azyaşlı qızımı və məni – şikayətçi valideyni gah «böhtançı» adlandırırlar, gah da «xəstədir, çox üstünə getmə» deyirlər. Necə deyərlər, polis doğrunu oğru, oğrunu doğru çıxarır. Mənə bildirdilər ki, müəllim epilepsiya xəstəsidir və üstünə çox gedə bilməzlər. Maraqlıdır, epilepsiya xəstəsi auditoriyaya niyə buraxılır? Bu qədər şagirdlə necə işləyir? Altı ay bülletendə olan xəstənin bu qədər uşaqla işləməsi vacibdirmi? Bu uşaqlara dərs keçəcək ölkədə ikinci fizika müəllimi tapılmırmı? İşsiz-gücsüz dolaşan gənc kadrlar qalıb kənarda, xəstə müəllim sinifdə uşaqlara qarşı kobudluq edir, valideynə də deyirlər, «dillənmə, müəllim xəstədir». Xəstə xəstəxanada olar, xəstə evində müalicə altında qalar. Xəstənin məktəbdə nə işi var?.. Xəstədir deyə, əlinə çoban dəyənəyi alıb, uşaqları şil-küt eləməlidir? Sabah bir başqa uşağı şikəst etsə, necə olacaq? Xəstə olması onu məsuliyyətdən azad edirmi?».

Ata bu suallara Təhsil Nazirliyində şöbə müdirlərindən birinin qəbulunda olanda da cavab axtarıb. Ona bildirilib ki, altı ay bülletendə olan müəllimin sonradan işinə qayıtması yolverilməzdir.

«ŞİKAYƏT TƏSDİQİNİ TAPMAYIB»

11 yaşlı Günəş hələ də üç ay əvvəl baş vermiş hadisənin psixoloji təsirindədir. Valideynlərinin deməsinə görə, gecələr qışqırıb ayılır, ağlayır. O, növbəti tədris ilində məhz həmin müəllimdən qorxduğu üçün məktəbə getməyəcəyini deyir.

Göytəpə polis bölməsindən «Qaynar xətt»ə bildirilib ki, R.Məmmədovun müəllimlə bağlı şikayət ərizəsi araşdırılıb və təsdiqini tapmadığı üçün işə xitam verilib. Vətəndaş qərardan şikayət edə bilər.

Cəlilabad rayon Təhsil Şöbəsindənsə bildirilib ki, R.Məmmədovun şikayəti həm rayon təhsil şöbəsi, həm də Təhsil Nazirliyi səviyyəsində araşdırılır:

«İyunun 30-da Təhsil Nazirliyində də olub. Şikayət araşdırılır. Bütün məsələlərə aydınlıq gətiriləcək».

R.Məmmədov bu dəfə Baş Prokurorluğa müraciət edib.

XS
SM
MD
LG