Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:50

Çində sərt karantin qaydalarına qarşı etirazlar davam etməkdədir


Protest against COVID-19 curbs in Shanghai
Protest against COVID-19 curbs in Shanghai

Çində hökumətinin koronavirusla bağlı tətbiq etdiyi sərt karantin qaydalarına qarşı etirazlar keçirilməkdədir. Beləki Çin səlahiyyətliləri xəstə insanların olduğu qəsəbələrdə sərt kilidləmə elan etməkdədilər.

İlk etirazlar ölkənin şimal-qərbindəki Urumçi şəhərində baş verən yanğında 10 nəfərin ölməsindən sonra başlayıb. Verilən məlumata görə, sərt karantin tələbləri səbəbindən adamlar yanan mənzilləri tərk edə bilməyiblər.

4 milyona yaxın adamın yaşadığı Urumçi üç aydan çoxdur ki, sərt karantin rejimindədir. Ciddi məhdudiyyətlər səbəbindən adamların çoxu 100 günə yaxındır ki, evlərini tərk edə bilmir.

Noyabrın 24-də çoxmərtəbəli binalardan birində yanğın baş verib və ehtimal ki, bağlanan qapılar səbəbindən bir çox sakin çölə çıxa bilməyib. Şəhər hakimiyyəti isə sakinlərin təhlükəsizlik qaydalarını səhv başa düşdüyünü bildirərək, bu ehtimalı rədd edib.

Urumçidə başlayan etirazların artıq ölkənin bir çox böyük şəhərlərini və universitet şəhərciklərini əhatə etdiyi bildirilir.

O da qeyd olunur ki, ilkin etirazlarda karantin rejiminin ləğvi tələb olunurdusa, sonradan aksiyalarda siyasi tələblər irəli sürülüb. Beləki Şanxayda nümayişçilər Çin liderinin və bütövlükdə Çin Kommunist Partiyası rəhbərliyinin istefasını tələb etməyə başlayıblar. Polisin mitinqləri dağıtdığı və həbslər apardığı bildirilir.

Koronavirus pandemiyası başlayandan bəri Çin infeksiyanın yayılmasının qarşısını almaq üçün ən sərt tədbirlərə əl atmaqdadır.

Dünyanın əksər ölkələri epidemioloji qaydaları yumşaltsa da, Çin hələ də sakinlərin həftələr və aylarla çölə çıxmasına icazə verilməyən sərt karantin qaydalarını tətbiq etməkdə davam edir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG