Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Qlobal cihadın ‘məğlubiyyəti’ – Qərb mediası


Siracəddin Həqqani FTB-nin axtarış siyahısında
Siracəddin Həqqani FTB-nin axtarış siyahısında

“The Wall Street Journal” qəzeti isə Əfqanıstanın yeni daxili işlər nazirinin axtarışda olan terrorçu olmasından yazır

“The Financial Times” qəzeti 21-ci əsrdə islamçı cihadçılara qarşı yürüşün azacıq dəyişdiyini yazır.

Müəllif David Gardner ABŞ torpağına 2001-ci il 11 sentyabr terrorundan sonra oxşar hücumun təkrarlanmadığını, elə dünyanın qalan yerlərində də bu tendensiyanın müşahidə olunduğunu qeyd edir. Londonda, Madriddə, Parisdə, İstanbulda böyük hücumlar isə xeyli səngiyib.

Əfqanıstanın 20 ildən sonra yenidən Talibanın nəzarətinə keçməsinə gəlincə, müəllif bunu tayfa fenomeni hesab edir, nəinki ümməni, yəni qlobal islam caməeisini birləşdirən universal islamçılığın zəfəri. Sonuncu Al-Qaeda lideri Üsəma bin Ladenin mistik məqsədi idi.

Məqalədə deyilir ki, ABŞ-ın Əfqanıstanda Sovet ittifaqına qarşı dəstəklədiyi cihad sonradan Əlcəzair, Misir və Səudiyyə Ərəbistanından baş qaldırdı. Bin Ladenin Amerikada “uzaq düşmən”i vurması isə bunun Qərbdə doğuracağı qəzəbin islamçıları ayağa qaldırmasını, “yaxın düşmənləri”, ərəb və müsəlman idarəçiləri devirməsi idi.

İndi isə “uzaq düşmən” Əfqanıstandan çıxıb, avropalı müttəfiqlər də çıxışa doğru yönəlir və qlobal cihadçılıq lokallaşır.

Müəllif qeyd edir ki, qərbdə yetişən, özləri radikallasan terrorçular ara-sıra vəhşiliklər törədə bilərlər. Ancaq Birləşmiş Ştatlar açıq müharibələrə təhrik olunmaqdan imtina edərsə, cihadçılar da qətl səhnələrini şərqdən qərbə daşıya bilməyəcəklər.

“Həqqani dostlarımız”

“The Wall Street Journal” qəzeti isə Əfqanıstanın yeni daxili işlər nazirinin axtarışda olan terrorçu olmasından yazır. Söhbət Siracəddin Həqqanidən gedir.

Həqqani Federal Təhqiqatlar Bürosunun (FTB) axtarış siyahısındadır. Birləşmiş Ştatlar onun həbsinə aparacaq informasiya üçün 10 milyon dollar vəd edir. “Bu, əslində, daxili təhlükəsizliyi cihadçı terrorçuya tapşırmaqdır”, – qəzet redaksiya məqaləsində yazır.

FTB Həqqanini 2008-ci ildə Kabildə otelə hücumla əlaqədar dindirmək istəyir. Həmin hücumda biri amerikalı olmaqla altı nəfər öldürülüb. Onun idarə etdiyi Həqqani Şəbəkəsi 2011-ci ildə Vardakda intiharçı hücumuna görə də təqsirləndirilir. Həmin hücumda 77 amerikalı əsgər öldürülüb. Həmin il Kabildəki ABŞ səfirliyinin 19 saat mühasirədə saxlanmasında da bu şəbəkə suçlanır.

Qəzet hökumətdə yer alan aparıcı talibançıların adlarını çəkərək yazır ki, Dövlət katibi Entoni Blinken və Prezident Co Bayden amerikalıların və əfqan dostlarının ölkədən çıxarılması üçün bu şəxslərə bel bağlayır. Onlar həm də Əfqanıstanın cihadçıların sığınacağına çevrilməsinə imkan verməməlidirlər.

“11 sentyabr terrorundan sonra Corc Buş elan elədi ki, Birləşmiş Ştatlar daha terrorçularla onları himayə edən hökumətlər arasında fərq qoymayacaq. Cənab Baydenin Əfqanıstandan müsibətli çıxışından sonra Birləşmiş Ştatlar terrorçuların idarə etdiyi hökuməti tərəfdaşımıza çevirməyə ümid edəcək qədər inanılmaz mövqedədir”, – qəzet yazır.

Talibanın şəxsi məlumatları ələ keçirməsi

“The Guardian” qəzeti isə Talibanın Birləşmiş Ştatların hazırladığı rəqəmsal kimlik texnologiyasından istifadəsinin təhlükəsindən yazır. Taliban bu sistemdən beynəlxalq koalisiya ilə işləmiş əfqanları tapmaq üçün istifadə edəcəyini açıq deyir. Silahlı qruplaşma həmçinin beynəlxalq yardımla hazırlanmış rəqəmsal identifikasiya sistemlərinə və texnologiyalara çıxış əldə edib.

Buraya Əfqanıstan Milli Statistika və İnformasiya İdarəsinin istifadə etdiyi biometrik identifikasiya kartı, seçici qeydiyyat databazaları, əfqan işçilərin maaş sistemləri daxildir.

Yəni, Talibanın həssas şəxsi informasiyaya çıxışı olacaq və bundan düşmən və təhdid hesab etdiklərini hədəfə almaq üçün istifadə edəcəklər. Əfqanların bəziləri hər hansı rəqəmsal fəaliyyətin izini itirməyə çalışsalar da, rəsmi databazalarda nəyinsə silinməsindən söhbət gedə bilməz.

“Bu, yeni rəqəmsal texnologiyaların yanlış əllərə düşməsinin riskini ortaya qoyan xəbərdarlıq zəngidir. İnkişaf naminə rəqəmsal kimlik və rəqəmsal ictimai infrastruktur üzərində işləyənlərə xatırladır ki, ID (identifikasiya sənədləri) sistemlərinin faydası... şəxsin təhlükəsizliyi hesabına başa gəlməməlidir”, – qəzet yazır.

XS
SM
MD
LG