Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:36

'Cin çıxaran'lara 57 il həbs cəzası


'Cin çıxaran'lar
'Cin çıxaran'lar

Şabran rayonunda «bədənindəki cini çıxarmaq» adıyla 25-yaşlı Murad Sultanovu döyə-döyə daxili orqanlarını zədələmişdilər. Nəticədə o, «cinçıxarma proseduru»ndan təxminən bir saat sonra ölmüşdü. Bu olayı bir ilə yaxın prokurorluq, 6 ay da məhkəmə araşdırdı. Gəncin ölümündə suçlanan 6 nəfərə – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Füzuli Qəribov, Sahib Aprel Xəlilovlara fevralın 6-da hökm oxunub. Onlar CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə- ölümə səbəb olduqda) və 138.2-1 (qadağan edilmiş müalicə üsulları, dərman vasitələrini tətbiqetmə- ehtiyatsızlıqdan şəxsin ِölümünə səbəb olduqda, sağlamlığına zərər vurduqda) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə hər birinə 9 il 6 ay həbs cəzası kəsilib.

Hökmdən öncə prokuror onlara 13 il cəza verilməsini təklif etmişdi.

Təqsirləndirilən şəxslər son sözlərində deyiblər ki, onların Muradı öldürmək, ona əzab vermək niyyətləri olmayıb. Bildiriblər ki, «çubuqla döyüb çin çıxarma prosesi» elə Muradın atasının gözü önündə olub.

Zərərçəkmiş Şahin Sultanov da məhkəmədə ifadəsində bunu təsdiqləyib. Deyib ki, oğlunun psixoloji durumundakı qeyri-stabilliyin bu müalicə üsuluyla düzələcəyinə inanıb.

«İki-üç nəfər əl-ayağını tuturdu, o biri vururdu»

Məhkəmədə dindirmələr zamanı aydınlaşıb ki, hazırda həbsdə olan şəxslərdən öncə başqası da Muradı Bakıda yaşadıqları evdə bənzər üsulla «müalicə edib». Bundan sonra Muradın psixoloji durumunda nisbətən sakitlik yarandığına görə atası düşünüb ki, bu cür müalicə effektlidir.

Şabrandakı «müalicə» prosesində təqsirləndirilən şəxslərdən bəzilərinin Muradın başının üstündə Quran oxuduğu, bəzilərinin onun əl-ayaqlarını tutaraq, iki nəfərin də çubuqla vurduğu bildirilir.

Ş.Sultanov bu «müalicə»dən ötrü gedib Şabranda ev kirayələyib, oğlu ilə birlikdə orada qalıb. Bacısı oğlunu da kömək üçün özüylə aparıb. Onlar Muradı hər gün təqsirləndirilən şəxslərin olduğu evə müalicəyə aparırmış: «Bəzən olurdu, iki-üç nəfər əl-ayağını tuturdu, o biri vururdu, qışqırırdı ki, «ata, kömək elə». Dözə bilmirdim, çıxıb çöldə ağlayırdım. Amma effektini də görürdüm deyə, düşünürdüm ki, yəqin elə əlac budur. Bəzən mən olmayanda bacım oğlu Emin olurdu yanında...».

Zərərçəkmiş onu da əlavə edib ki, təqsirləndirilən şəxslər «müalicə»yə görə ondan pul tələb etməyiblər. Özü iki dəfə pul verib.

XS
SM
MD
LG