Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

‘Covid-19 böhranı yox, Covid-19 erasında yaşayırıq’


Tbilisi, avqust, 2021-ci il
Tbilisi, avqust, 2021-ci il

"Çoxlu əsaslı və davamlı dəyişikliklər baş verəcək. Biz geriyə baxıb ‘çox pis dövr idi, ancaq bitdi’ deməyəcəyik"

Çoxlarını artıq çoxdandır ki, bir sual düşündürür: pandemiya nə zaman bitəcək? Xüsusilə də delta variantının aşkarlanmasından öncəki aylar insanlar pandemiyanın bitməsi haqqında çox düşünürdülər. Vaksinin əlçatan olması isə ümidləri daha da artırmış, insanları emosional baxımdan çox dəyişdirmişdi.

“Biz pandemiya və epidemiyaya epizodik bir şey kimi baxırıq. Ancaq biz Covid-19 böhranı yox, Covid-19 erasında yaşayırıq. Çoxlu əsaslı və davamlı dəyişikliklər baş verəcək. Biz geriyə baxıb ‘çox pis dövr idi, ancaq bitdi’ deməyəcəyik”, – Harvard Universitetindən elm və tibb tarixçisi Allan Brandt “The New York Times”a müsahibəsində deyib.

Elmə inanmayanların müqaviməti

“Bəzi epidemiyalar, məsələn, 1918-ci ilin qrip pandemiyası geri çəkilib. Digərləri isə, məsələn, orta əsrlərdə baş vermiş taun epidemiyası çox uzun müddət qalıb. HIV də hələ qalmaqdadır. Hərçənd onu müalicə etmək üçün dərmanlar artıq mövcuddur”, – “The New York Times”ın məqaləsində deyilir.

Qəzet həm keçmiş, həm də indiki pandemiyada elmə inanmayanların müqavimətinin ictimai səhiyyənin işinə mane olduğunu vurğulayır.

Yeyl Universitetindən tibb tarixçisi Frənk Snouden deyir ki, 1798-ci ildə Edvard Cenner çiçək vaksinini təqdim edən kimi İngiltərədə peyvənd vurdurduğu üçün buynuzları və at kimi dırnaqları çıxan adamları təsvir edən plakatlar yayılmağa başlamışdı. Alimin sözlərinə görə, XIX əsrdə Britaniyada yayılmış ən böyük hərəkat antivaksin hərəkatı idi. Belə adamlara görə daha qısa müddətə yenilə biləcək xəstəliklər uzun müddət qalırdı.

Sosial media fərqi

Tarixçilər deyirlər ki, peyvənd skeptikləri və pandemiya haqda yanlış informasiya yayanların o zamankı və indiki halı arasındakı fərq sosial media ilə bağlıdır. Sosial medianın yüksəlişi bu mövzuda müzakirə və mübahisələri, yanlış məlumatların yayılmasını tamamilə yeni məcraya daşıyır.

Doktor Bradt xatırladır ki, HIV-lə bağlı da konspirasiya nəzəriyyələri vardı. Ancaq o zaman bu nəzəriyyələrin yayılması üçün bugünkü imkanlar yox idi.

Mütəxəssislər Covid-19 virusunun yayılması ilə bağlı bir-birinə zidd direktivlər verdilər. Məsələn, əvvəlcə virusun səthlərdə uzun müddət qala bildiyini, sonradan yalnız hava-damcı yolu ilə keçdiyini dedilər. Maska taxmaqla bağlı çoxlu fərqli direktivlər səsləndi. “Bu bizə baha başa gəldi”, – Doktor Snouden söyləyir. Onun sözlərinə görə, insanlar daim dəyişən direktivlər fonunda rəsmilərə inamlarını itirdilər. Bu isə virusa nəzarət cəhdlərini zəiflətdi.

“Genetik lotereya”

Alimlər deyirlər ki, virus hər növbəti adamı yoluxduranda mutasiya üçün yeni imkanlar qazanır. Viruslar bizim hüceyrələrimizə daxil olaraq öz genomlarının çoxsaylı kopiyalarını yaradırlar. Virus əslində heç hüceyrə də deyil. Orta məktəb dərsliklərindən bildiyimiz kimi, o bir molekul DNT, yaxud RNT və bir molekul zülaldan ibarətdir.

Yazıda qeyd edilir ki, əksər vaxtlarda bu mutasiyaların virusun özünə heç bir faydası olmur. Onların əksəriyyəti heç davamlı da olmur. Ancaq bəzən virus “genetik lotereyaya” tuş gəlir və üstünlük qazanır. Yeni variantlar belə yaranır.

Yeni yaranan variantlar anticismlərin bəzilərindən yan keçə bilir. Ancaq xoşbəxtlikdən anticismlərin bir yox, bir neçə növü olur. Bir növdən yan keçən virus başqa növdən qurtula bilmir.

XS
SM
MD
LG