Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Separatçı qurumun buraxılması Bakıda belə yozulur


Xankəndidə yeni "prezident seçkiləri" zamanı insanlar "Dağlıq Qarabağ parlamenti"nin binası qarşısında toplaşır. 9 sentyabr 2023
Xankəndidə yeni "prezident seçkiləri" zamanı insanlar "Dağlıq Qarabağ parlamenti"nin binası qarşısında toplaşır. 9 sentyabr 2023

Qarabağ separatçılarının lideri Samvel Şahramanyan tanınmamış qurumun buraxılması barədə sərəncam imzalayıb. Bildirilir ki, "Dağlıq Qarabağ (Artsax) Respublikası" ləğv olunur, 2024-cü il yanvarın 1-dən gec olmayaraq Qarabağdakı "bütün dövlət müəssisələri və təşkilatları" öz fəaliyyətini dayandırır.

A.Nağıyev
A.Nağıyev

"Qondarma fərman daxili auditoriya üçündür"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin "Turan"a bildirməsinə görə, bu onun nəticəsidir ki, separatçı qurumun rəhbərliyi artıq onların fəaliyyətinin mümkünsüzlüyünü dərk etdilər: "Çünki erməni icması ilə iki dəfə görüşlər keçirilib. Orada əsas məsələ silahların təhvil verilməsi, qeyri-qanuni hərbi birləşmələrin tərksilah olunması və sosial məsələlərin həlli olub".

Komitə üzvü qeyd edib ki, Azərbaycan strukturlarının Qarabağda fəaliyyətinin bərpası üçün müəyyən vaxt lazımdır: "Qondarma qurumun hansı tarixi göstərməsindən asılı olmayaraq, Azərbaycan uyğun şəkildə bu prosesləri tənzimləyəcək. Həmin qondarma fərman daxili auditoriya üçündür. Azərbaycanın öz istiqamətləri, daxili və xarici siyasəti var".

A.Qasımlı
A.Qasımlı

"Ermənistan və Rusiya dəstəkdən imtina etdi"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, bu, tarixi hadisədir: "Qondarma "Dağlıq Qarabağ Respublikası"na indiki məqamda son qoyuldu. Ən azı sübut olundu ki, bu, əldəqayırma bir quruluş idi və bütün dünya bunu gördü. Əgər bir dövlət bir şəxsin imzası ilə özünü buraxırsa, həmin quruma "dövlət" demək olmaz".

Səbəblərə gəlincə, ekspertin sözlərinə görə, illər ərzində separatçı təsisata dəstək verən Ermənistan və Rusiya hökumətləri artıq o dəstəkdən imtina etdi: "Hazırda Ermənistan rəhbərliyi bu işdən əlini çəkdiyinə və Rusiyanın artıq onlara dəstək vermədiyinə görə bu baş verdi. Həmin qurumu saxlayan bu iki dövlət idi".

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri" başladaraq Ermənistan silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib. Yerevan isə Qarabağda onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi.

Bir günə 192 itki: 'Bu qədər olmamalıydı'
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlandı. Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında bölgədə qeyri-qanuni silahlı dəstələrin buraxılacağı razılaşdırılıb. Bundan sonra Yevlax və Xocalıda Azərbaycanın mərkəzi hakimiyyətinin təmsilçiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin görüşdüyü, əsasən, humanitar məsələlərin müzakirə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər hələ ki sülh müqaviləsi imzalaya bilməyiblər.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG