Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:35

'Daşnaksutyun' deputatı: 'Müqəddəs ata Baqrat hakimiyyətdən belə sərt reaksiya gözləmirdi'


Tavuş rayonunun arxiyepiskopu Baqrat Qalstanyan polislə üz-üzə (31 may)
Tavuş rayonunun arxiyepiskopu Baqrat Qalstanyan polislə üz-üzə (31 may)

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən “Tavuş Vətən üçün” hərəkatının liderlərindən biri, keçmiş prezident Robert Koçaryanın Hayastan parlament fraksiyasının deputatı Qarnik Danielyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində deyib ki, onların 12 iyun planı hakimiyyətin “misilsiz reaksiyasına” görə baş tutmayıb.

Sözü gedən hərəkata Tavuş rayonunun arxiyepiskopu Baqrat Qalstanyan (Sarbazyan) başçılıq edir.

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından, xüsusilə də Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması qərarından narazı qalan yerli sakinlər aprelin sonlarından bəri müxtəlif etiraz aksiyaları keçirir, o cümlədən Yerevanı Tbilisi ilə birləşdirən magistral yolu kəsirdilər.

Hakimiyyət sərhəd xəttinə bitişik kəndlərin sakinlərini sakitləşdirməyə çalışsa da, Tavuş rayonuna gələn müxalifətçilər və arxiyepiskop Qalstanyan vəziyyəti gərginləşdirməkdə davam edirdilər.

Bundan sonra keşiş Qalstanyan Tavuşdan Yerevana yürüş elan etmişdi. Bu zaman artıq Erməni Kilsəsi də etiraz hərəkatını dəstəklədiyini bildirmişdi.

Ən böyük mitinq mayın 9-da olmuşdu

Qalstanyan və tərəfdarları hərəkata demarkasiyaya etiraz kimi başlasalar, arxiyepiskop mayın 9-da Yerevanda keçirdiyi ilk mitinqdə Paşinyanın istefasını tələb etmişdi. Bu, əslində Qalstanyan tərəfdarlarının sayca ən izdihamlı mitinqi olmuşdu.

Qarnik Danielyan Azatutyuna deyib:

"Tavuş Vətən üçün” hərəkatı mayın 9-da Kirantsdan gəlib mitinq keçirəndə, bu mitinqə çox sayda adam qatılmışdı. Biz ümid edirdik ki, hökuməti qısa müddətdə devirə biləcəyik, amma bir neçə gündən sonra hərəkatda iştirak edənlər müxtəlif idarələrə - Milli Təhlükəsizlik Xidmətinə, polisə, istintaq şöbələrinə, müxtəlif qruplara dəvət olunaraq hədələndilər. Dövlət agentlikləri hərəkatı müəyyən bir şəkildə zəiflətməyə çalışırdılar”.

Danielyan deyib ki, məhz bu səbəbdən tez bir zamanda uğur qazana bilməyiblər.

Azatutyun yazır ki, iyunun 12-də Baqrat Qalstanyan və tərəfdarları parlament binasını dövrəyə alaraq rəsmilərin içəridən çıxmasını tələb edirdilər. Vəziyyətin son dərəcə gərginləşməsi nəticəsində polis və etirazçılar arasında toqquşmalar baş verib. Etirazçıların parlament binasına daxil olmasının qarşısını almağa çalışan polis xüsusi tədbirlərə əl atıb. Kütləni dağıtmaq üçün səs qumbaraları partladılıb.

Danielyanın sözlərinə görə “müqəddəs ata Baqrat dinc nümayişçilərə qarşı belə bir təzyiqin ediləcəyini gözləmirdi”.

Daşnaksutyun hakimiyyəti ittiham edir

Bu arada Ermənistanın müxalif Daşnaksutyun partiyası da hakimiyyəti cinayət işləri açmaqla siyasi təzyiqi artırmaqda ittiham edib.

Azatutyun yazır ki, bu partiyanın 9 üzvü adamları etiraza pul ödəməklə cəlb etməkdə ittiham olunur.

Partiya bu ittihamların əsassız olduğunda israr edir.

Milli Məclisdə müxalif Hayastan fraksiyasının katibi, Daşnaksutyun Ali Şurasının üzvü Artsvik Minasyan bu barədə deyib:

"Ssenari həmindir. Fırıldaq, yalan və siyasi təqib yolu ilə hüquq pərdəsi altında ittihamlar irəli sürülür. Bizim hazırda 5 nəfərimiz saxlanır. Onlardan dördü iki ay, biri bir aydır ki, həbsdə saxlanır. Üç nəfərimiz iki ay müddətinə həbs edilib. Bir nəfər zaminə buraxılıb...”

Lakin hüquq-mühafizə əməkdaşları bildirirlər ki, daşnaklar adamları etiraz hərəkatının mitinqlərinə maddi maraqla cəlb ediblər.

Azatutyun yazır ki, ötən həftə İstintaq Komitəsi Daşnaksutyun partiyasının Vayotzor ofisində axtarış aparıb. Bu axtarışdan sonra komitə özünün YouTube saytında üç səs yazısı yerləşdirib.

Bu səs yazılarından biri Daşnaksutyun partiyası Ali Şurasının üzvü Gerasim Vardanyana aid edilir.

Vardanyan özünə qarşı ittihamları rədd edir və indiyədək 7 ay müddətində dəfələrlə saxlandığını bildirir.

Bundan əvvəl

Bir neçə gün bundan əvvəl baş nazir Paşinyan parlament kürsüsündən müxalifət deputatı Armen Rustamyanın sualına cavab verərkən müxalifəti Qarabağ ermənilərini adambaşına 5 min drama mitinqlərə gətirməkdə ittiham etmişdi:

"Sizə Dağlıq Qarabağın xalqı 1998-ci ildən bəri hakimiyyətinizi saxlamaq üçün lazım idi. Bugün isə siz onları bura adambaşına 5 min dram (13 dollar) ödəməklə nümayiş materialı kimi gətirmisiniz. Sizin üçün Qarabağın xalqı hakimiyyətinizin saxlanması vasitəsi olub və olaraq da qalacaq”.

Azatutyunun yazdığına görə Daşnaksutyun partiyası hakimiyyəti cinayət işlərindən təzyiq vasitəsi kimi istifadədə ittiham etsə də, iqtidar hüquqi proseslərə müdaxilə etmədiyini bildirir.

Hazırda keşiş Qalstanyanın çağırışı ilə mitinq müqəddəs Anna Kilsəsinin kiçik həyətində davam edir. İqtidar Paşinyan və hökumətinin istefasına dair tələbləri rədd edir və antihökumət etirazlarının getdikcə zəiflədiyini deyir.

Qalstanyanın özü də etiraz hərəkatının kütləvi aksiyalarla müşayiət olunan birinci hissəsinin bitdiynə işarə edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG