Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

Demokratiya İndeksi: Azərbaycan 148-ci yerdədir


Gündüz Ağayevin karikaturası
Gündüz Ağayevin karikaturası

«The Economist Intelligence Unit» beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqlayıb.

Yeni sənəd dünya ölkələrinin, az qala, yarısının demokratik hesab edilə biləcəyini, amma «tam demokratik» ölkələrin sayının azaldığını – 20-dən (2015) 19-a (2016) düşdüyünü göstərir. Hətta Birləşmiş Ştatlar «tam demokratik» ölkələr sırasından çıxıb, «qüsurlu demokratik ölkələr»in siyahısına düşüb. Sənədin müəllifləri bunu ABŞ-da hökumətə və seçki rəsmilərinə etimadın azalmasıyla bağlayırlar.

GÜRCÜSTAN 78-CİDİR

Azərbaycan demokratiyanın səviyyəsinə görə 165 ölkə arasında 148-ci yeri tutur, Zimbabve (140), Qambiya (143), Cibuti (145) kimi Afrika ölkələrindən, Bəhreyn (146), Birləşmiş Ərəb Əmirliklərindən (147) sonra gəlir. Azərbaycandan sonra Əfqanıstanın, Afrikanın Burundi və Sudan respublikalarının və s. adı çəkilir.

Qafqaz ölkələrindən Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub. Türkiyə 97, Rusiya 134, İran 154-cü yerdədir.

Buna da bax-Azərbaycan korrupsiyada Cibuti, Syerra-Leone, Laos və Hondurasla bir sırada

«The Economist Intelligence Unit»in demokratiya indeksi 5 əsas amilə – seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak və siyasi mədəniyyətə görə müəyyən edilir. Ölkələr 4 əsas qrupa – «tam demokratik», «qüsurlu demokratik», «hibrid» və «avtoritar rejimlər»ə ayrılır. Azərbaycan sonuncuların sırasındadır.

Müəlliflər «avtoritar rejimlər» siyahısına aid edilən ölkələrdə diktaturanın hökm sürdüyünü, demokratik institutların mövcud olmadığını, ya da fəaliyyət göstərə bilmədiyini, seçkilərin azad və ədalətli keçirilmədiyini, mülki azadlıqlara sayqı göstərilmədiyini, mətbuatın rejimin nəzarəti altında çalışdığını, senzuranın güclü olduğunu, rejim tənqidçilərinin repressiyaya məruz qaldığını qeyd edirlər.

AVTORİTAR REJİMLƏR DƏ FƏRQLƏNİR

Hesabatda avtoritar rejimlərin özləri də müqayisə olunur və Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrdəki rejimlərin Azərbaycandakından daha plüralist olduğu vurğulanır.

Builki demokratiya indeksində 165 ölkəylə yanaşı, iki ərazidəki rejim qiymətləndirilib. Hesabatın dünya ölkələrinin əksərini əhatə etdiyi bildirilir. Bütün dünyada durumun pisləşdiyi, 72 ölkədə demokratiya baxımından geriləmə, 32 ölkədə irəliləyişin müşahidə olunduğu deyilir. Geriləmə ən çox Şərqi Avropa ölkələrində qeydə alınıb.

Demokratiyanın səviyyəsinə görə birinci yerləri tutanlar Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarkadır. Sonuncu – 167-ci yerdə Şimali Koreya dayanır.

XS
SM
MD
LG