Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:57

Deputat: 'Elə yapışıblar ki, 190 manat azdır'


E.Nəsirov
E.Nəsirov

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Elman Nəsirov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Elman müəllim, son günlər bir neçə müxalifət fəalına ya cinayət işi başlanıb, ya inzibati qaydada sutkalıq cəza alıb, eləcə də təqib və təzyiqlə üzləşdiyini bildirənlər var. Elə parlamentin son iclasında da müxalifət liderlərindən bəziləri "xalq düşməni" kimi təqdim olundular. Müxalif düşərgə isə siyasi hakimiyyətin pandemiyadan istifadə edərək onlara qarşı repressiyaya başladığını bildirir. Müxalifət liderləri bu cür düşünməkdə haqlıdırlarmı?

- Radikal dairələrin səsləndirdiyi bu ittihamların heç bir əsası yoxdur. Bu gün koronavirusla mübarizə çərçivəsində karantin rejimi tətbiq edilir və radikal müxalifət də bunu insan hüquq və azadlıqlarının pozulması, demokratiyanın məhdudlaşdırılması kimi qələmə verir. Amma eyni zamanda da bu cür analoji qaydaların tətbiq olunduğu Qərb ölkələrini tərifləyirlər, oradakı karantin rejimi ilə bağlı müdafiəedici mövqe ortaya qoyurlar. Burda karantin rejimini pozduğuna görə kimsə cəzalandırılanda bunu başqa cür təqdim etmək istəyirlər. Sözügedən məsələdə bir prinsip var: Azərbaycan hüquqi dövlətdir və hamı qanunlara tabe olmalıdır, hamı qanun qarşısında bərabərdir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün radikal müxalifətin davranışı sırf "beşinci kolon"un davranışı kimidir. Azərbaycan dövlətinə və xalqına nə pisdirsə, onlar bunu yaxşı kimi qəbul edirlər və ya əksinə. Xəyanət yolunu seçənlər günahı özlərində görməlidirlər.

- Prezident İlham Əliyev Novruz çıxışında demişdi: "Nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu "beşinci kolon"un nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq". Müxalifət liderlərinin iddialarına görə, məhz bu çıxış hüquq-mühafizə orqanları üçün bir anons, mesaj oldu və ondan sonra siyasi fəallara qarşı təqiblər, təzyiqlər başladı.

- Məsələni təhrif edilmiş şəkildə təqdim edirlər. Hansı ölkədə "beşinci kolon" var, o, çox təhlükəlidir, xəyanətkar mövqe seçmiş qüvvələrdir. Azərbaycana qarşı dörd "kolon" hücumdadır: Ermənistan dövləti, erməni lobbisi, erməni diasporu, islamofob qüvvələr. Beşinci qüvvə isə daxilimizdəki həmin radikal kəsimdir. Onlar həmin hücumdakı qüvvələrdən ianə, maliyyə dəstəyi alırlar. Ona görə də cənab prezident qanun qarşısında hamının bərabər olduğunu bildirir və ölkəmizdə fövqəladə vəziyyət tətbiq edilərsə, bu, sərt bir rejim olacaq. Radikal kəsim yenə qanuna tabe olmazsa, qarayaxma kampaniyası apararsa, daxildə xaos, anarxiya, itaətsizlik mühiti yaratmaq istəsə, o halda qanunun sərt üzü özünü göstərəcək. Cənab prezident bu anlamda deyib və burda başqa məna axtarmaq lazım deyil. Rusiya prezidenti Vladimir Putinin "beşinci kolon" haqda bir fikri var. O deyir ki, "milçəyi kotletdən ayırmaq daha asandır, nəinki "beşinci kolon"u xəyanətdən. Bugün gözlədiyimiz odur ki, ümummilli məsələdə, yəni, pandemiyanın bütün dünyanı cənginə aldığı təhlükəli dövrdə radikal müxalifət siyasi mənsubiyyətini kənara qoysun, təhlükə sovuşana qədər iqtidarla əməkdaşlıq etsin. Biz bunu gözləyirik. 2018-ci il aprel döyüşlərində ordumuz Lələtəpəni qaytardı, Cocuq-Mərcanlını qaytardı, xalqımız nə qədər sevindi. Siz gördünüzmü bu radikal müxalifət bir dəfə buna sevinsin, desin ki, iqtidarın filan addımlarından narazıyam, amma aprel qələbəsindən razıyam? Deməzlər, mümkün deyil. Xalq da bunu görür. Buna görə də həmin radikal kəsimin sosial bazası, dayağı yoxdur.

- Əks tərəf də, məsələn, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də AzadlıqRadiosuna deyib ki, bu çətin günlərdə milli birlik əldə edilməli idi, iqtidar xalqa doğru addım atmalı idi, amma hakimiyyətin tənqidçiləri sıxışdırılmağa başlandı.

- Napoleonun məşhur ifadəsi var ki, kimin nədə problemi varsa ondan danışır. Əli Kərimli milli barışıqdan, iqtidar-müxalifət dialoqundan geninə-boluna istifadə edir, ancaq reallıq əksini sübut edir. Azərbaycan tarixində ən güclü iqtidarlardan biri olan Əliyev hakimiyyəti əlini müxalif siyasi partiyalara uzadır və siyasi dialoqun aparılmasını təklif edir. Prezident Administrasiyasında müxtəlif siyasi partiyaların liderləri ilə görüşlər keçirilir, dialoq təşkil edilir. Amma bundan imtina edən yeganə siyasi qüvvə Əli Kərimlinin partiyası oldu. Bildirildi ki, iqtidar sizinlə ölkəmizin daxili vəziyyəti, qarşıdakı problemlərlə bağlı istənilən məsələni, o cümlədən ümummilli məsələləri müzakirə etməyə hazırdır. Əli Kərimli iqtidarın bu xoş niyyətindən imtina etdi, uzanan əli sıxmadı. Bundan sonra dialoqdan, iqtidarın müxalifətlə dialoqa getməməsindən danışmağın mənası yoxdur, bu, xalqı aldatmaqdır. Xalqı da bir dəfə aldatmaq olar, o da 1992-ci ildə baş verdi. Xalq da o biabırçılığa bir il dözə bildi.

- Amma hakimiyyət ortada dialoq üçün mövzu təklif etmir. İkincisi, Prezident Administrasiyasının rəsmisi Ədalət Vəliyevlə digər partiyalar görüşdülər, nələrisə müzakirələr etdilər. Həmin görüşlərin də nəticəsi yoxdur.

- Dialoqa mütləq başlamaq lazımdır. Dialoqun gedişatında radikal kəsim nədən narazıdır, nə onu qane etmir, nəyi başqa cür görmək istəyərdi kimi məsələləri qoya bilərdi. Amma onlar bütövlükdə imtina edirlər. Bilirsiniz niyə? Müstəqil deyillər. Yeganə yol dialoqdur. Ölkədə islahatlar aparılır və o islahatlardan biri də siyasi dialoqdan keçir.

- Son iki sual. Biri bu gün ən çox müzakirə edilən işsizlərə veriləcək 190 manatla bağlıdır. Sizcə, 190 manata dolanmaq mümkündür? Bir də, yardım ediləcək şəxslərin sayı niyə belə məhduddur?

- Prezident bununla bağlı mövqeyini açıqladı, əvvəlcə buna görə 1 milyard manat ayrılmışdı, sonra hesablamalar, təhlillər göstərdi ki, bu azdır, indi 2.5 milyard manat ayrılması nəzərdə tutuldu. Təxminən 300 min muzdlu işçiyə 215 milyon manat vəsait ayrılıb. Mikro sahibkarlara 80 milyon manat verilməsi qərara alınıb. O ki qaldı işsizlər məsələsinə, onlara da büdcədən 70 milyon manat vəsait ayrılıb və 200 min insandan söhbət gedir. Bir də, bilirsiniz, məlum olur ki, sahibkarlarla işçilər arasında indiyə kimi əmək müqaviləsi olmayıb. Ona görə də bax, belə məsələlər ortaya çıxıb. 190 manat ödənməsinə gəlincə, ilkin olaraq bu qədər nəzərdə tutulub. Bu, ilk addımlardır və aprel, may üçün verilməlidir. Əvvəl koronavirusla mübarizəyə 1 milyard manat ayrılmışdısa, indi 2.5 milyard manat ayrılıb və bütün bunlar gedişatda bəlli olur. Hə şey dəyişə bilər. Yəni, bugünkü reallıqda 190 manat ayrılıb. Məsələ öyrənildikcə, yanaşma, rəqəmlər dəyişir. "Bu niyə azdır, niyə çoxdur" yanaşması düz deyil. Lazımi addımlar atılır. Ayrılan vəsaitlərdən danışılmır. Elə yapışıblar ki, 190 manat azdır. Hamının məsuliyyəti var.

- Hansı məsuliyyətdən söhbət gedir? Bu gün insanlar COVID-19-a görə evdə oturmağa məcburdurlar, işləyə bilmirlər. 190 manatasa bir ay dolanmaq çətindir, hər halda mütəxəssislər belə hesab edir.

- Əvvəlcə qeydiyyatdan keçmək, işsiz statusu almaq lazımdır. "İşsizəm" deməklə olmur. Bugünkü reallıqda nə mümkündürsə, edilir, bütün tədbirlər görülür. Məqsəd xalqı bəladan hifz etməkdir. Məsuliyyət məsələsində problem var, kimlərsə karantin qaydalarını pozmaq istəyir, atılan addımlara don geyindirmək, gözdən salmaq istəyirlər. Aprelin 9-da parlamentin iclasında Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirdi ki, kreditlərin dondurulması məsələsinə baxılır. Koronavirusla mübarizə çərçivəsində dövlətin mühüm addımlarına şahidlik edəcəyik. Bura sosial rifah məsələləri aiddir. Bir az səbir etmək lazımdır, bugün o məsələlər müzakirə edilir.

XS
SM
MD
LG