Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:55

V.Əhmədov: 'Devalvasiyalar təsirini indi də göstərir'


Vahid Əhmədov
Vahid Əhmədov

«2015-ci ildə baş verən manatın iki devalvasiyası hələ də öz təsirini maliyyə sahəsində və bütünlükdə iqtisadiyyata göstərməkdə davam edir».

Bunu deputat Vahid Əhmədov deyib.

2015-ci il fevralın 21-i və dekabrın 21-də Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. Bu gün, dekabrın 21-i həmin ikinci devalvasiyanın iki ili tamam olur.

Deputat vurğulayıb ki, 2016-cı ildə manatın məzənnəsinin saxlanmasından ötrü həddən çox maliyyə vəsaitləri xərclənib. Onun fikrincə, Mərkəzi Bank məzənnə sabitliyini yaratmağa çalışıb, amma bu sabitliyi 2017-ci ildə yaratmaq mümkün olub:

«Bunun da səbəbi odur ki, neftin qiyməti nisbi də olsa qalxdı, ölkənin ixrac əməliyyatları artdı, pul kütləsinə nəzarət gücləndirildi».

Amma V.Əhmədov hesab edir ki, bu pul kütləsinə nəzarət öz növbəsində real sektorun inkişafına mane olur. Deputata görə, ölkənin bank sistemi hələ də həmin devalvasiyaların şokundan çıxmayıb:

«Kreditləşmənin azalması, problemli kreditlərin həcminin artması, bank sistemində davam edən neqativ proseslər bu devalvasiyaların nəticəsidir».

Natiq Cəfərli
Natiq Cəfərli

N.Cəfərli: «Əslində, ölkədə üçüncü devalvasiya da baş verib»

«Bu devalvasiyanın baş verməsindən iki il keçsə də, maliyyə sistemində stressli durum hələ də davam edir».

Bunu isə iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

«Problemli kreditlərin artması, ölkədə kreditləşmənin 4 milyard manat azalması, inflyasiyanın 14 faizə yüksəlməsi, ərzağın 18 faiz bahalaşması bu stressin nəticələridir. Əslində, ölkədə üçüncü devalvasiya da baş verib. Belə ki, 2016-ci ilin əvvəlində 1 dollar 1 manat 50 qəpik həddində idi. İndi isə 1 manat 70 qəpik həddində «sabitləşib»».

N.Cəfərliyə görə, burada manatın nisbi sabitləşməsini müsbət hal saymaq olar. Amma onun fikrincə, bu, təbii sabitlik deyil, inzibati üsullar hesabına əldə olunub. Ekspertə görə, bunda daha bir səbəb isə neftin qiymətinin qalxmasıdır. Bu artım nəticəsində ölkəyə nəzərdə tutulandan 2 milyard manatdan çox vəsait daxil olub.

Xatırlatma

2015-ci il fevralın 21-də baş verən devalvasiyaya qədər 1 dollar 78 qəpiyə bərabər idi. Bu, 1 manat 05 qəpiyə yüksəldi.

2015-ci il dekabrın 21-də baş verən ikinci devalvasiya nəticəsində isə 1 dollar 1 manat 55 qəpiyə bərabər oldu. 2016-cı ildə Azərbaycanda 11 bank bağlandı.

XS
SM
MD
LG