Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:38

Divara ‘Allahı söyənlərə cəza’ yazan şəxsə narkotik ittihamıyla 5 il həbs cəzası kəsildi


Müsəlman Birliyi Hərəkatının üzvü Nicat Əliyevə 5 il həbs cəzası kəsilib. Bu hökm sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunub.

İddia olunub ki, N. Əliyev saxlanılanda üstündən satmaq məqsədilə əldə etdiyi 10 qram narkotik tapılıb.

O bu ittihamın yalan olduğunu deyir və hökmdən öncə məhkəmədəki son sözündə bildirib ki, Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə cəzalandırılıb.

N. Əliyev təqsirsiz olduğunu saxlandığı təcridxananın rəisindən tutmuş, hakimlərədək hamının bildiyini vurğulayıb:

“Stolun üstünə “dubinkanı” qoydular, dedilər, bax, özün qərar ver...”.

Dini inanclı fəalın vəkili Şəhla Hümbətova da onun təqsirsiz olduğunu deyir. Müdafiəçinin sözlərinə görə, narkotik ittihamını təsdiqləyən heç bir sübut yoxdur. Müvəkkilinin hüquqlarının pozulduğunu söyləyən vəkilin sözlərinə görə, istintaq zamanı onun hüquqlarını qorumalı olan vəkil formal olaraq çağrılıb:

“Vəkil istintaqda, ancaq formal olaraq, çəkiliş üçün gəlib. Onun bütün proses boyu orada olub-olmaması məsələsinin araşdırılması üçün telefon anten məlumatlarının alınmasını tələb elədim. Ancaq məhkəmə, təəssüf ki, təmin eləmədi, araşdırmadı. Hal şahidləri məsələsi araşdırılmadı...”.

Nicat Əliyevin özünün və vəkilinin dediklərinə baxmayaraq, hakimlər qısa müşavirədən sonra onun 5 il azadlıqdan məhrum edilməsi barədə hökmü açıqlayıb.

Məhkəmədən sonra N. Əliyevin yaxınları AzadlıqRadiosu-na bildirib ki, hökm qanunsuz və əsassızdır, ondan apellyasiya şikayəti verəcəklər.

Xatırlatma

37-yaşlı Nicat Əliyev ötən ilin iyununda Sumqayıtda bir sıra yerlərdə divarlara “Allahı söyənlər cəzalandırılsın!” şüarı yazıldığına görə həbs olunmuşdu. O vaxt ona 10 sutka inzibati həbs cəzası verilmişdi.

Həmin ərəfədə Müsəlman Birliyi Hərəkatının bir neçə üzvü Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılaraq aparılmışdı. Onlar polisdə olduqları vaxt işgəncələrə məruz qaldıqlarını, həm özlərinin, həm də Allahın ünvanına təhqir xarakterli ifadələr səsləndirildiyini iddia edirdilər.

Daxili İşlər Nazirliyi (DİN) bu iddiaları təkzib etmişdi.

Müsəlman Birliyi Hərəkatı hazırda 50 nəfərə yaxın üzvünün həbsdə olduğunu, onlardan 30-a yaxın şəxsin son dövrlərdə narkotik ittihamıyla şərləndiyini bəyan edib.

DİN-in mətbuat xidməti həbs olunan şəxslərin konkret faktlarla tutulduğunu və törətdikləri cinayətlərə görə cəzalandırıldıqlarını bildirib.

XS
SM
MD
LG