Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Manatın 4 ildir 'üzməməsinin' səbəbləri…


2017-ci ilin martından manat, demək olar ki, "üzmür". (Foto arxiv)
2017-ci ilin martından manat, demək olar ki, "üzmür". (Foto arxiv)

Azərbaycanda manatın məzənnəsi artıq dörd ildən çoxdur ki, dəyişmir. Bu yaxınlarda Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov isə manata inzibati müdaxilə olmadığını bildirib.

"Manatın inzibati yollarla…"

Azərbaycan Mərkəzi Bankından da "Turan"a deyilib ki, manatın məzənnəsinin inzibati yollarla eyni səviyyədə saxlanması barədə yayılan fikirlər həqiqətəuyğun deyil: "Manatın məzənnəsinin inzibati yollarla qorunması mümkün deyil. Bu gün Azərbaycanın valyuta bazarının həm nağd, həm də nağdsız hissəsi çox ciddi olaraq formalaşmış ən aktiv və liberal bazarlardır".

Qurumdan qeyd olunub ki, 2021-ci ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 10.4 faiz artıb və 7 milyard dolları ötüb: "Bu onu göstərir ki, Mərkəzi Bank bu proseslərə müdaxilə etmir. Əgər Mərkəzi Bankın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə düşsəydi, onda fikirləşmək olardı ki, Mərkəzi Bank inzibati üsulları həyata keçirtmək üçün böyük vəsait xərcləyir".

Mərkəzi Bank
Mərkəzi Bank

"Manatın məzənnəsinə təsir edə biləcək amil yoxdur"

Amma son illər hərraca Azərbaycan Dövlət Neft Fondunun (ADNF) vəsaitləri çıxarılır. Bankdan habelə vurğulanıb ki, həmin fondan xərclənən vəsaitlər dövlət büdcəsi üçün sərf edilən vəsaitlərdir: "Qanuna görə, dövlətin neft gəlirləri əvvəlcə Dövlət Neft Fondunda toplanır. Neftin qiyməti yüksək olanda gəlirlər çox, aşağı olanda az ola bilər. Amma dövlət büdcəsi sabit olmalıdır, sosial xərclər, dövlət idarəetmə xərcləri sabit olaraq ödənilməlidir. Buna görə, Dövlət Neft Fondunda toplanan məbləğlər sabit bir əsasda büdcəyə köçürülür. Mərkəzi Bank burada agent rolunu oynayır".

Bildirilib ki, Mərkəzi Bank bu proseslərə müdaxilə etmir və valyuta hərracları daha çox fiskal alətdir: "İndi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə təsir edə biləcək heç bir daxili və xarici fundamental amil yoxdur".

N.Bəydəmirli
N.Bəydəmirli

"Sözdə valyuta bazarı mövcuddur"

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, əslində kağız üzərində banklar arasında valyuta birjası mövcuddur: "Bankın müştərilərinə xarici valyuta lazım olursa, banklar sifariş verirlər və həmin valyutanı alırlar, yəni sözdə valyuta bazarı mövcuddur. Ancaq valyuta kursları əslində tədiyyə balansı əsasında, yəni ölkəyə daxil olan və çıxan valyutanın fərqindən formalaşmalıdır".

Onun sözlərinə görə, sonuncu devalvasiya zamanı və ondan əvvəl də ölkəyə daxil olan valyutanın ölkədən çıxan valyuta məbləğindən çox olmasına baxmayaraq manat süni şəkildə devalvasiyaya uğradıldı: "O vaxt hökumət Mərkəzi Banka təsir edərək devalvasiyanı həyata keçirdi və ölkəyə daxil olan valyutanı daha çox manata dəyişib müxtəlif tədbirləri reallaşdırdı. Əgər devalvasiyaya zərurət olmayan vaxtı hökumət bunu edibsə, deməli, manata müdaxilə var". Onun fikrincə, bütün ölkələrdə Mərkəzi Bank pul-kredit siyasətində müstəqildir, ancaq Azərbaycanda bu fikri söyləmək olmaz: "Əgər Azərbaycan Mərkəzi Bankı müstəqil olsaydı, manatın vəziyyəti başqa cür olardı və manatı inzibati yolla tənzimlənməyə ehtiyac qalmazdı".

Hökumət dövlət büdcəsinin Neft Fondundan asılılığına son qoya bilmir
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

"İdxaldan asılı ölkə üçün…"

İqtisadçının sözlərinə görə, manatın inzibati yolla tənzimlənməsi doğru yol olmasa da, əhalinin böyük hissəsinin indiki durumunu nəzərə alaraq başa düşmək olar: "Əhali əməkhaqqını manatla alır. Ölkəyə gələn idxal məhsulları isə dollarla alınır. Əgər manat devalvasiya olmuş olsa, bu, 90 faiz əhaliyə mənfi təsir göstərəcək, çünki biz özümüzü daxili istehsal hesabına gündəlik tələbat malları ilə təmin edə bilmirik. İdxaldan asılı ölkə üçün dolların kəskin bahalaşması ciddi sosial gərginlik yarada bilər".

N.Bəydəmirli hesab edir ki, bunun qarşısının alınması yalnız daxili istehsalın artırması ilə mümkündür: "Manatın məzənnəsinin inzibati yolla tənzimlənməsi uzun sürə bilməz, çünki gələcəkdə neftin qiyməti düşmüş olsa, bu, çox ciddi problemlər yaradacaq. İxracdan gələn gəlirlərin 94 faizi neft və neft məhsullarının payına düşür. Tədiyyə balansına təsir göstərən faktorlardan biri ölkəyə gələn investisiyalar idi. İndi isə investisiyalar azalır, xarici investorlar az yatırım edir, olan layihələr isə bitmək üzrədir. Bu baxımından bizim aqibətimiz yaxşı görünmür".

Mövzu ilə bağlı Neft Fondu ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

2015-ci ildə manatın iki dəfə (fevral və dekabrda) devalvasiyası baş verib. Nəticədə manat iki dəfə dəyər itirib. 2015-ci ildən manatın məzənnəsində tez-tez dəyişmələr baş verib. O vaxt rəsmən manatın "üzən məzənnə" rejiminə keçdiyi açıqlanmışdı. Amma 2017-ci ilin martından manat, demək olar ki, "üzmür". Ondan bəri 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

XS
SM
MD
LG