Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:41

Bayden və Trampdan milli birlik çağırışı


Trampa atəş açılıb, dünya liderləri bu olayı pisləyir
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Trumpa atəş açılıb, dünya liderləri bu olayı pisləyir

ABŞ prezidenti Co Bayden və onun respublikaçı rəqibi Donald Tramp iyulun 14-də axşam ölkəni milli birliyə çağırıblar. Bundan bir gün öncə Pensilvaniyada seçki mitinqində atəş açılıb, Tramp yaralanıb, onun bir tərəfdarı öldürülüb.

Baş verənlərin noyabrda prezident seçkisi öncəsi seçki kampaniyasına təsir göstərəcəyi gözlənilir.

"Bütün dünyanı bir araya gətirməyə fürsət yaranıb"

Silahlı insident respublikaçıların Viskonsin ştatının Miluoki şəhərindəki qurultayından iki gün öncə baş verib. Trampın iyulun 18-də həmin qurultayda rəsmən prezidentliyə namizəd elan olunacağı gözlənilir.

78 yaşlı Tramp iyulun 15-də başlanan qurultayda iştirak etmək üçün artıq Miluokiyə gedib. O, "Washington Examiner" qəzetinə deyib ki, "iki gün öncədən xeyli fərq" olacaq qurultayda çıxış edəcək. "Bütün ölkəni, hətta bütün dünyanı bir araya gətirməyə fürsət yaranıb", - o, sözlərinə əlavə edib.

Bir çox rəy sorğularına görə Tramp və Bayden noyabrda, 2020-ci il seçkisində olduğu kimi, çətin mübarizədə üz-üzə gələcəklər. İki gün öncəki insident bütün dünyaya səs salıb. Bu arada 81 yaşlı Bayden yaşı və sağlıq durumundan dolayı təzyiq altındadır, onu seçki marafonundan çəkilməyə çağıranların sayı artır.

Tomas Metyu Kruks
Tomas Metyu Kruks

Kruks kimdir

FTB respublikaçıların qurultayına hər hansı təhdiddən xəbəri olmadığını, Gizli Xidmət isə Miluokidə təhlükəsizlik planına dəyişiklik gözləmədiyini açıqlayıb.

Trampa atəş açmaqda şübhəli bilinən Tomas Metyu Kruksun insidentin baş verdiyi Batler şəhərindən bir saatlıq məsafədə yerləşən bir qəsəbədən olduğu bildirilir. Bir neçə media orqanı Kruksun qeydiyyata alınmış respublikaçı olduğunu, amma demokratların kampaniyalarına kiçik ianələr etdiyini göstərib.

FTB-nin məlumatına görə, hücumda istifadə olunmuş silahı Kruksun atası azı altı ay əvvəl alıb.

Siyasi təhlilçilər sui-qəsd cəhdinin mümkün nəticələrini şərh edir, Trampa rəğbətin, zorakılığa müqavimətin arta biləcəyini proqnozlaşdırır, ancaq bunu deməyin də hələ tez olduğunu vurğulayırlar.

14 iyul

Bayden təhlükəsizlik tədbirlərini nəzərdən keçirmək göstərişi verir

ABŞ prezidenti Co Bayden seçkidə rəqibi Donald Trampa sui-qəsd cəhdini pisləyib, insidentlə bağlı müstəqil araşdırma göstərişi verib. İyulun 3-də Trampın Pensilvaniyada seçki mitinqindəki atışmanın motivi hələ də araşdırılma mərhələsindədir.

"Amerikada belə bir zorakılığa, heç bir zorakılığa yer yoxdur. Sui-qəsd cəhdi bizim bir millət kimi arxasında durduğumuz hər şeyə ziddir. Hər şeyə", – Bayden Ağ evdə deyib.

Prezident atəş açanın motivi barədə informasiya olmadığını, ancaq onun kimliyinin bilindiyini sözlərinə əlavə edib: "Hər kəsi onun motivləri, yaxud mənsubiyyəti barədə fikir yürütməməyə çağırıram".

Bayden bildirib ki, hücumla bağlı təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsi göstərişini verib. Belə ki, kimin prezidentə yarımavtomat silahla bu qədər yaxın gedə biləcəyi ilə bağlı suallar var. Gizli Xidmət ABŞ prezidentləri, keçmiş prezidentlər, digər yüksək vəzifəli rəsmilərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır.

Bayden onu da deyib ki, atışmadan sonra Tramp ilə "qısa, amma yaxşı" söhbəti olub, "onun yaxşı olması, sağalması onu səmimi qəlbdən məmnun edir".

İyulun 14-də ABŞ hakimiyyəti Trampa sui-qəsd cəhdinin arxasındakı motivi müəyyənləşdirməyə çalışıb. Şübhəli silahlı, 20 yaşlı Tomas Metyu Kruks Gizli Xidmət əməkdaşları tərəfindən öldürülüb. Daha bir mitinq iştirakçısı həlak olub, iki nəfər isə ağır yaralanıb.

Donald Tramp insident zamanı
Donald Tramp insident zamanı

Liderlərin reaksiyası

ABŞ-da prezidentliyə namizəd Donald Trampa Pensilvaniyadakı seçki mitinqində atəş açılması olayını əksər dünya liderləri pisləyiblər.

ABŞ-da Respublikaçılar və Demokratlar dərhal hadisəni pisləyən açıqlamalar yayıblar. Prezident Co Bayden hadisədən bir neçə saat sonra jurnalistlərin qarşısına çıxıb.

"Bu, xəstəlikdir, xəstəlikdir. Bu ölkəni birləşdirməli olduğumuzun səbəblərindən biridir. Biz bunun baş verməsinə icazə verə bilmərik. Biz belə ola bilmərik. Biz buna göz yuma bilmərik", – Bayden deyib.

Öz X hesablarında Donald Trampa qarşı bu olayı Almaniya kansleri, Fransa prezidenti, Avropa Komissiyasının prezidenti, Ukrayna, Azərbaycan prezidentləri də pisləyiblər.

Almaniya kansleri Olaf Şolts bildirib ki, bu cür zorakılıq hərəkətləri demokratiyaya təhdiddir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də X hesabında yazıb ki, siyasi zorakılığa demokratiyada yer yoxdur.

Azərbaycan prezidenti İlham Əliyev də sözügedən olayı "siyasi zorakılıq aktı" adlandırıb və şiddətlə qınadığını yazıb.

Olay sui-qəsd cəhdi kimi araşdırılır

ABŞ-da prezidentliyə namizəd Donald Tramp Pensilvaniyada seçki kampaniyası zamanı atışma nəticəsində yaralanıb və daha sonra özünü yaxşı hiss etdiyini bildirib. Rəsmi məlumata görə, olay nəticəsində iki nəfər ölüb, onlardan biri atəşi açan şəxsdir.

ABŞ-da noyabrın 5-də keçiriləcək seçkilərdə Donald Tramp hazırki prezident Co Baydenin rəqibidir.

Pensilvaniya ştatının Batler şəhərində keçirilən tədbirdə baş verən bu hadisə 1981-ci ildə respublikaçı prezident Ronald Reyqana sui-qəsd cəhdindən sonra ABŞ prezidenti və ya əsas partiya namizədinin ilk güllələnməsi olayıdır.

Amerikada Federal Təhqiqatlar Bürosu (FBI) bu olayı sui-qəsd cəhdi kimi araşdırır. FBI Tomas Metyu Kruks adlı 20 yaşlı kişini atışmada iştirakçı kimi tanıyıb. Ştat seçici qeydləri göstərir ki, o, qeydiyyatdan keçmiş respublikaçı olub. Daha əvvəl bildirilmişdi ki, olay zamanı atəş açan şəxs və daha bir nəfər tədbir iştirakçısı öldürülüb, yaralananlar var.

Öldürülən və ya sui-qəsd cəhdlərindən sağ çıxan ABŞ liderləri
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Hadisənin detalları

ABŞ-da prezidentliyə namizəd Donald Trampın Pensilvaniyadakı seçki mitinqində atəş açılıb. Ölkənin 45-ci prezidenti mümkün sui-qəsd cəhdindən sağ çıxıb, iki nəfər öldürülüb, biri şübhəli atəş açan şəxsdir. Bir neçə nəfər yaralanıb.

Respublikaçılar Partiyasının 2024-cü il noyabr seçkisində namizədi olacağı gözlənən 78 yaşlı Tramp Batlerdə çıxış edən vaxt bir neçə atəş səsi eşidilib.

İnsidentin videolarından Trampın sağa döndüyü, əlini sağ qulağına apardığı, əyilməyə başladığı, Gizli Xidmətin onu qorumağa atıldığı görünür.

Tramp ərazidən çıxarılarkən sağ qulağında və yanağında qan izləri görünüb.

Keçmiş prezident izdihama doğru baxaraq yumruğunu qaldırıb.

İnsidentdən az sonra Gizli Xidmətin kommunikasiya rəhbəri Entoni Qulyelmi X platformasında yazıb ki, Tramp salamatdır. O, əlavə informasiya veriləcəyini deyib.

Trampın sözçüsü CNN-ə prezidentliyə namizədin özünü yaxşı hiss etdiyini, yaxınlıqdakı mərkəzdə tibbi müayinə aldığını bildirib.

Bir neçə günə respublikaçıların qurultayında Trampın namizədliyinin təsdiqlənməsi gözlənir. Seçkiyə dörd ay qalır.

XS
SM
MD
LG