Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:43

Hərbi Əks-Kəşfiyyatın zabiti adamları necə aldadıb?


DTX
DTX

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin baş əməliyyat müvəkkili xeyli adama qarşı dələduzluqda suçlanır. İddia olunur ki, baş leytenant adamları güzəştli mənzilə sahib olmaq, DTX-da işə düzəlmək adı ilə aldadaraq pullarını alıb.

Yaşı 40-a yaxınlaşan Vahid Əşrəflidən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət olunub. Şikayətdə göstərilib ki, o, DTX-nın Kadrlar İdarəsinə işə düzəltməkdən ötrü 10 min manat istəyib və ilk mərhələdə bu məbləğin yarısını alıb. Üstündən uzun müddət keçsə də, nə işdən xəbər çıxıb, nə də pul geri qayıdıb.

İstintaq dövründə başqa zərərçəkənlər də ortaya çıxıb. Onların arasında Vahid Əşrəflinin özünün ailə sürücüsü də olub.

Bu adamlar iddia edirlər ki, Hərbi-Əks Kəşfiyyatın baş əməliyyat müvəkkili onlara metronun "20 Yanvar" stansiyasının yaxınlığında güzəştli mənzillər tikiləcəyinə söz verib. Verilən vədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə o ərazidə köhnə binalar sökülməli, yerində yeni binalar tikilməliymiş. Həmin binalardan kim güzəştlə ev sahibi olmaq istəyirsə, ikiotaqlıdan ötrü 10 min, üçotaqlıdan ötrü 15 min manat verməliymiş...

Zərərçəkənlərin sözlərinə görə, onlara deyilib ki, binalar tikilərkən kirayəpulu da ödəniləcək. Bundan ötrü kart verilməli, kirayəpulu da o karta köçürülməliydi.

Vahid Əşrəflinin ailəsinin sürücüsü olmuş zərərçəkmiş deyir ki, özü də bilir, avtomobilini satıb, gətirib pulunu ona vermişdi. Ev sahibi olmaq istəyirdi, amma son nəticədə aldadıldığını anladı.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətdən sonra DTX zabiti işdən çıxarılıb. O, ötən il xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb. Eyni zamanda sözügedən qurum cinayət işi başladaraq ona qarşı dələduzluq, rüşvətə təhrik ittihamlarını irəli sürülüb. O, həbs olunmasa da, Bakı Hərbi Məhkəməsində hakim önünə çıxarılıb. Baş leytenant özünü təqsirli bilib, əməllərindən peşman olduğunu vurğulayıb.

Zərərçəkmiş beş nəfərin heç biri ondan şikayətçi olmayıb, alınan pulları özünün və valideynlərinin ödədiyini deyiblər.

Məhkəmə Vahid Əşrəflini təqsirli bilsə də, ona 10 min 500 manat cərimə cəzası kəsməyi yetərli sayıb.

XS
SM
MD
LG