Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:25

Əfqan Muxtarlı: 'Məni bu adama təhvil verdilər, cibimə pulu da o atdı...'


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı onun işində şahid kimi tanınmış Dövlət Sərhəd Xidmətinin əməliyyatçısı Azər Şirinovun adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Jurnalistin vəkilləri onun məhkəməsində bu haqda vəsatət qaldırıb.

Ə.Muxtarlının işinə Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov baxır.

Dekabrın 28-də keçirilən məhkəməyə jurnalistləri buraxmayıblar. Bu da Əfqan və vəkillərinin etirazına səbəb olub. Vəkil Nemət Kərimli bunun qanun pozuntusu olduğunu, məhkəmənin açıqlığı prinsipinin pozulduğunu deyib.

Müdafiəçilər həmçinin, məhkəməyə gələnlərin qeydiyyatının aparılmasına, zaldakı kimliyi məlum olmayan şəxslər vasitəsilə yerlərin tutulmasına etiraz ediblər.

«Gözlərimi də o açdı»

Ardından Ə.Muxtarlı və müdafiəçiləri şahid Azər Şirinovun adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunması, bununla əlaqədar onun haqqında xüsusi qərar çıxarılması barədə vəsatət qaldırıblar. Jurnalist deyib ki, onu Gürcüstandan oğurlayıb Azərbaycan tərəfinə keçirərkən məhz bu adama təhvil veriblər.

***Buna da bax-Əfqan Muxtarlı: 'Dedim ki, xahiş edirəm, məni bıçaqla yox, güllə ilə öldürün'

«Mənim gözlərimi də o açdı, cibimə pulu da o atdı. Telefonla zəng eləyib, «Cənab general, mollanı gətirmişik, yas yerinə gedirik» deyən də bu adam idi», – Ə.Muxtarlı bildirib.

Vəsatət təmin olunmayıb.

Məhkəmədə üç şahid dindirilib. Bunlardan biri Qoşqar Muradov hərbi hissədə texniki sürücü vəzifəsindədir. Amma özü məhkəmədə bildirib ki, maşın sürə bilmir. Hərçənd, sürücülük vəsiqəsi var.

Dövlət Sərhəd Xidmətində zastava rəisinin hərbi heyətdə psixoloji məsələlər üzrə müavini olan Azər Bayramlı da məhkəmədə dindirilib. Bildirib ki, Əfqan saxlanılandan sonra dindirilərkən otaqda o da olub. Hətta jurnalistə suallar da verib. Amma Əfqanın üzərindən tapıldığı iddia olunan pullarla bağlı suala cavab verə bilməyib. Deyib ki, pullar ya dollar idi, ya da avro.

***Buna da bax-Əfqan Muxtarlı: 'Papkanı qoltuğuna vurub bura gəlirsən, yalan danışırsan'

Vəkillər bu şahidin dindirmədə iştirakının qanunsuz olduğunu bildiriblər. Müdafiəçilər A.Bayramlının hansı statusla iştirak etməsi məsələsinin araşdırılması haqda vəsatət qaldırıblar. Bu vəsatət də təmin olunmayıb.

Məhkəmədə dindirilən Dövlət Xantababayev isə hal şahidi qismində tanınıb. O deyib ki, hadisə günü ayaqyoluna gedərkən onu çağırıb, hal şahidi olmağı təklif ediblər. O da razılaşıb. Pulları görüb, amma ona protokol təqdim olunmayıb, ona görə də orada nə yazıldığını bilmir.

Ə.Muxtarlı hal şahidinin yalan danışdığını deyib. Bildirib ki, onu tutub hərbi hissəyə gətirəndən sonra bu adamı yanına qoyublar. Jurnalistin sözlərinə görə, bu şahid həmin gün ona siqaret, su alıb gətirib: «Xeyli söhbət də elədik. Hökumətdən şikayətlənirdi, deyirdi, dolanmaq olmur».

Məhkəmə yanvarın 5-də davam edəcək.

Xatırlatma

Gürcüstandan oturum izni almış Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Ə.Muxtarlı ittihamları rədd edərək, həbsini «siyasi sifariş» adlandırıb.

XS
SM
MD
LG