Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:42

İlahiyyatçını 'karsa' məhkəmə iclasından sonra salıblar


Elçin Qasımov
Elçin Qasımov

Müsəlman Birliyi Hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımov saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında üç gün cərimə kamerasına (kars) salınıb.

Bu, Elçin Qasımov, eləcə də Nardaran hadisələrindən sonra həbs edilmiş və hazırda onunla birlikdə mühakimə olunan daha 11 nəfərin işi üzrə mayın 5-də keçirilən məhkəmə iclasından sonra baş verib. Amma ilahiyyatçı və vəkili Fariz Namazlı bu məsələni mayın 19-da keçirilən məhkəmədə açıqlayıb.

Buna da bax:​ Nardaranda ata və 3 oğlun həbsdə olduğu bir ailə var

HAKİM CƏZALANDIRILMASI ÜÇÜN MÜRACİƏT EDİB

Vəkil bildirib ki, Elçin Qasımovu təcridxanada cəzalandırarkən bunu onların işinə baxan hakim Mayıl Bayramovun müraciəti ilə əsaslandırıblar. Ötən məhkəmədə polis əməkdaşı Emin Məmmədov dindiriləndə ilahiyyatçı onun yalan danışdığını, böhtan atdığını bildirmişdi. Bu fikrini çatdırarkən belə bir müqayisə aparmışdı: "Təsəvvür edin, mən deyirəm ki, siz hər gün rüşvət alırsınız, pul alıb, cinayətkarı buraxırsınız. Bu, şər-böhtandı, yoxsa yox? Görürsünüz, bu adam da gəlib mənə beləcə böhtan atır, şər danışır".

Buna görə prosesdə qalmaqal düşmüş, məhkəmə yarımçıq dayandırılmışdı. Elçin Qasımovu "karsa" salarkən ona deyiblər ki, məhkəmədəki bu hadisəyə görə hakim onun cəzalandırılması üçün istintaq təcridxanasının rəhbərliyinə müraciət edib.

Buna da bax: Şahid ifadəsindən: 'O, həmişə Nardarana qara avtomobili ilə gəlirdi...'

Mayın 19-da məhkəmədə Fariz Namazlı deyib ki, hakimin belə bir müraciət etməsi qanunsuzdur: "Məhkəmədə baş verənlərlə bağlı hakim xəbərdarlıq edə, protokola qeyd yazıla bilər. Yəni məhkəmədə olanların istintaq təcridxanasına aidiyyəti yoxdur".

Hakim Mayıl Bayramov isə istintaq təcridxanasına müraciət etmədiyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-2" üzrə mühakimə olunan Elçin Qasımov və daha 11 nəfərin məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Amma mayın 19-da şahidlər məhkəməyə gəlməyiblər. Xəbər veriblər ki, yollar bağlı olduğuna görə gələ bilmirlər.

Buna da bax:​ Elçin Qasımov şahid polisə: 'Kişi ol...'

Bu səbəbdən məhkəmə mayın 26-na təxirə salınıb.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ Elçin Qasımov hakimə: 'Cinayətkarın böyüyü elə sizsiniz!'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG