Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:32

Eldar Həsənov məhkəməsinin qapalı keçirilməsini istəyir


Eldar Həsənov
Eldar Həsənov

O deyir ki, ona verilmiş ittihamlarla bağlı danışacaqları ölkənin beynəlxalq imicinə zərbə vura bilər

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənov məhkəməsinin qapalı keçirilməsini istəyir.

Sentyabrın 9-da öz məhkəməsində bu barədə vəsatət qaldıran Həsənov deyir ki, ona verilmiş ittihamlarla bağlı danışacaqları ölkənin beynəlxalq imicinə zərbə vura, səfir işlədiyi dövlətlərin siyasi liderlərinin Azərbaycana münasibətinə təsir göstərə bilər.

“Ailə üzvlərim də təqib olunub”

“Mən 1 il 26 gün susmuşam. Bu müddətdə özümün həbsimdən başqa, ailə üzvlərim də təqib olunub. Mənə verilən ittihamlarla bağlı deyəcəklərim Azərbaycan dövləti üçün böyük zərbə ola bilər. Mənim nəslimdə satqın olmayıb. İstəmirəm ki, millətimə, dövlətimə, ölkə başçısına, onun atdığı mötəbər addımlara ziyan gəlsin. 44 il dövlət orqanlarında çalışmış, 20 il 4 ölkədə səfir olan şəxs kimi, sizdən prosesin qapalı keçirilməsini xahiş edirəm”, – keçmiş səfir belə deyib.

Lakin prokuror cinayət işinin materiallarında dövlət sirri təşkil edən məlumatların olmadığını vurğulayaraq, məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz edib.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası da vəsatəti təmin etməyib.

Həsənov deyib ki, qapalı keçirilmirsə, bu halda, kənara sızacaq məlumatlara görə də məhkəmə məsuliyyət daşıyacaq.

“Beyin zədələnməsi riski böyükdür”

Vəkilləri keçmiş səfirin ev dustaqlığına buraxılması məsələsini bir daha məhkəmədə qaldırıblar. Onlar vurğulayıb ki, hüquqlarını müdafiə etdikləri şəxsin durumu kritikdir, hər an həyatını itirə bilər. Belə bir hadisə baş versə, bunun məsuliyyəti məhkəmənin üzərində qalacaq. Çünki onun təcili ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsinə ehtiyac var:

“Həkim arayışında göstərilib ki, Eldarda beyin zədələnməsi riski böyükdür. Həkim deyir ki, onun durumu kritikdir, təcili stasionar müalicə üçün xəstəxanaya yerləşdirilməlidi”.

Həsənov özü də vəziyyətinin ağır olduğunu təsdiqləyib. O bildirib ki, sentyabrın 9-da səhər şiddətli ağrılarına baxmayaraq, məhkəməyə gəlib:

“Yazıblar ki, Eldar Həsənova diqqət-qayğı göstərilir, müalicə üçün lazımi şərait yaradılıb. İstintaq Təcridxanasında müalicə üçün hansı şərait yaradıla bilər? Xahiş edirəm, səhhətimlə bağlı danışanda diqqətli olun, heç kim bilmir başına nə gələcək. Bu günə qədər Azərbaycanda səfir həbs olunmayıb. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacam. Yox, ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı, onlardan biri qeyrətli çıxıb mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimdə də yazmışam...”

Nəvəsinə verdiyi evin üzərinə həbs qoyulub

Həsənov əlavə edib ki, onun qəsdinə yönələn istintaq aparılıb. Onun sözlərinə görə, ittihamlar 2001-ci ildə səfir təyin ediləndən sonrakı dövrə aid olsa da, 1996-cı ildə nəvəsinə cehiz verdiyi evin də üzərinə həbs qoyulub.

Məhkəmə Həsənovun ev dustaqlığına buraxılması haqda vəsatəti təmin etməsə də, onun məhkəmə zalındakı şüşə kabinədə yox, vəkillərinin yanında əyləşməsinə icazə verib.

Daha sonra prokuror ittiham aktını elan edib. Keçmiş səfirə CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

O, 2010-2020-ci illərdə əvvəl Rumıniyada, daha sonra Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir olarkən səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq mənimsəmədə, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş vəsaiti leqallaşdırmaqda, 192 min manat büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilir.

İki nəfər

Həsənov ittihamlara münasibət bildirərkən özünü təqsirli bilmədiyini vurğulayıb. Xarici ölkələrdə həyata keçirilmiş layihələr haqda danışan keçmiş səfir bildirib ki, bu layihələr iki yerə bölünürdü. Bir qismi dövlət layihələri, digəri isə Heydər Əliyev Fondunun xəttilə həyata keçirilən layihələr idi:

“Bunlar dövlətlər arasında ən yüksək səviyyədə razılaşdırılmış layihələr idi. Bu layihələrə rəhbərlik etmək səlahiyyəti də Azərbaycan dövləti tərəfindən təyin olunmuş iki nəfərə həvalə olunmuşdu”.

Cinayət işinin materiallarında bununla bağlı baş nazir müavininin məktubu var. Həsənov ifadəsində həmin məktuba istinad edərək vurğulayıb ki, layihələrin smetasının hazırlanması, müqavilələrin imzalanması, ayrılmış maliyyənin təyinatı üzrə istifadə olunması, vəsaitə qənaət və s. məsələlərə birbaşa həmin iki şəxsə həvalə olunub.

Sözügedən iki nəfərdən biri heykəltaraş olub. Həmin şəxslərə diplomatik pasport verilib. Azərbaycanda heykəllərin hazırlanıb aparılmasından tutmuş, xarici ölkələrdə qoyulmasına qədər bütün işlərə onlar nəzarət edib:

“Ümumiyyətlə, layihələrin hamısına Eldar Hüseynov rəhbərlik edirdi. Heydər Əliyev Fondunun layihələrinə isə bu qurumun özü nəzarət edirdi”.

Sabiq səfir humanitar layihələr haqda danışsa da, digər məsələlərlə bağlı ifadəsi növbəti məhkəmə iclasına qalıb.

Xatırlatma

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb.

O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənovun ittiham olunduğu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG