Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:40

Əlilliyi qiymətləndirən yeni mexanizmin çatışmazlıqları


Qanun qüvvəyə minməmiş əlillik dərəcələri necə aşağı endirilir?
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Qanun qüvvəyə minməmiş əlillik dərəcələri necə aşağı endirilir? (2021)

2022-ci ildən bəri Azərbaycanda əlilliyi qiymətləndirən yeni mexanizm qüvvəyə minib. Onların tətbiqinə münasibət birmənalı deyil, çünki yeni mexanizmin tətbiqindən sonra çox sayda insanın əlillik müavinətləri dayandırılıb və bu durum dəfələrcə etiraz aksiyalarına yol açıb. Dövlət qurumları bu narazılıqları əvvəlki dövrlərdə rüşvətlə əldə edilən əlilliklərin ləğvinə bağlasa da, daha öncə gerçək tibbi səbəblərdən əlilliyi olan şəxslərin də yeni mexanizmlərin tətbiqindən sonra əlillik statusunu itirməsi faktları ortaya çıxmışdı.

Azərbaycanda əlilliyin təyini ilə bağlı Demokratiyanı Öyrənmə İctimai Birliyinin hazırladığı hesabat da yeni mexanizmlərin tətbiqində bəlli boşluqlar olduğunu üzə çıxarıb.

Yeni mexanizmlərin əsas çatışmazlıqlarından biri hələ də əlilliyin sırf tibbi göstəricilər əsasında qiymətləndirilməsidir. Halbuki, rəsmi mətnlərdə əvvəlki modeldən fərqli olaraq əlilliyin tibbi göstəricilərlə yanaşı, funksional imkanlar baxımından da qiymətləndirilməsi əsasında müəyyənləşdiriləcəyi deyilir. Hətta bu məqsədlə yeni qaydalarda yeddi meyar (özünəqulluq, sərbəst hərəkətetmə, ünsiyyət, öyrənmə və s. bacarıqlar) da müəyyənləşdirilib. Di gəl, yeni mexanizmlərin tətbiqindən sonrakı təcrübə göstərir ki, qiymətləndirmə yenə də sırf tibbi diaqnoz, dəlil və göstəricilərə əsaslanır.

Əgər yeni qaydalara söykənərək tibbi göstəricilərlə yanaşı, fərdin cəmiyyətdə fəaliyyət qabiliyyəti də nəzərə alınsaydı, təkcə həkimlər deyil, peşə terapevtləri və sosial işçilər də həkim-məsləhət və sosial-ekspert komissiyalarına cəlb olunmalı idilər. Amma burası da var ki, indiki təcrübədə fərdin funksional imkanlarının qiymətləndirilməsinin prosedur və normalarına dair əhatəli təlimat sənədi də yoxdur.

Əlillik faizləri belə müəyyən olunacaq - Yeni meyarların bəzilərini izah edirik
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

Şəffaflıqla bağlı problemlər qalmaqdadır

Yeni mexanizmin şəffaf, ictimaiyyətə əlçatan və təfsilatlı hüquqi təlimatlar tətbiqi təcrübəsi də mövcud deyil. Məsələn, "Əlilliyin müəyyən olunması meyarları" ilə bağlı qaydada yalnız xəstəliyin adı və hər xəstəlik üzrə orqanizmin pozulma faizi əksini tapıb. Yeni meyarlara görə, 7 yaşadək anadangəlmə və ya qazanılmış eşitmə zəifliyi və ya eşitmənin tam itirilməsinə yaxın azalması və nitq pozuntuları xəstəliyinə görə 60 faizlə əlillik təyin edilir. Sənəddə bu iki bilgidən başqa hər hansı təlimatlandırıcı müddəa, tibbi göstəricilər yoxdur. Amma, tutalım, Türkiyənin uyğun təlimat sənədində eşitmə pozuqluğunun xarakteristikası barədə dolğun bilgilər, qalıcı eşitmə pozuqluğunun formaları, onların fərd üçün fəsadları barədə izahat təqdim edilir. Əlavə olaraq, eşitmə qüsurunu təyin etmək üsulları, eşitmə üçün tibbi normalar, binaural eşitmə itkisinin hesablanması cədvəli, eşitmə qüsurunun faizlərinə əsaslanan əlillik dərəcələrinin hesablanması cədvəli də həmin təlimatda əksini tapıb. Təlimatın belə dolğun hazırlanması prosesin şəffaflığının, qərar qəbuluna ictimai etimadın təmin edilməsi və müstəqil (alternativ) qiymətləndirmə imkanın yaradılması baxımından çox önəmlidir.

Hesabat çərçivəsində gerçəkləşdirilən sorğunun nəticəsi də göstərir ki, əlilliyi qiymətləndirilən şəxslərin önəmli bölümü yoxlama komissiyasının onlardan qeyri-rəsmi ödəniş gözləntisində olduğunu düşünür. Hesabat çərçivəsində rəyləri öyrənilmiş 50 nəfərdən 26-sı bildirib ki, son dövrlər əlilliyin verilməsindən imtina hallarının çoxalmasının səbəbi qeyri-rəsmi ödəniş maraqlarının olmasıdır.

Əlil arabasından pul qazananlar kimlərdir? (Araşdırma)
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Məlumatlılıq aşağı səviyyədədir

Əlilliyi təyin edilən və əlillik verilməsindən imtina edilən toplam 50 şəxs arasında aparılan sorğu əlillik statusu almaq üçün müraciət edən şəxslərin böyük əksəriyyətinin yeni qanunvericiliklə bağlı yetərli səviyyədə bilgili olmadığını göstərir. Respondentlərin çox böyük bölümü (78 faizi) uyğun dövlət qurumlarından zəruri yardım və təlimatlar ala bilmədiyini deyib. Rəyi soruşulanların 34 faizi ehtiyac duyduğu bilgiləri heç ala bilmədiyini vurğulayıb. Respondentlər dövlət qurumlarının dolğun bilgi verməyə maraq göstərmədiyini və həmin qurumlarla əlaqə vasitələrinin işlək olmamasını əsas problemlər kimi qeyd edib.

Əlilliyin qiymətləndirilməsinə dair müraciətlərdə yaşanan ən ciddi problemlərdən biri də "Forma 88" adlanan tibbi göndəriş sənədinin doldurulduğu ilkin səhiyyə müəssisələri ilə bağlıdır. Belə ki, ilkin səhiyyə ocaqlarında həkimlərin bir çoxunun bilik və bacarığı, məlumatlılıq səviyyəsi yeni xəstəlik bölgüsünə uyğun xəstəliklərin təyin edilməsindən ötrü yetərli deyil. Yanaşı xəstəliklərlə laboratoriya analizlərinin nəticələri barədə məlumatların yanlış və tam doldurulmaması halları geniş yayılıb. Bu üzdən, "Forma 88" yanlış doldurulur və nəticədə tibbi-sosial ekspert komissiyalarında da əlilliyin təyini ilə bağlı son qərarın qəbulunda əlavə araşdırmalara ehtiyac yaranır. Bir sözlə, yeni sistem tətbiq edilsə də, onun tələblərinə uyğun mütəxəssis korpusu yaradılmayıb.

Bir gerçək də var: Tibbi-Sosial Ekspert komissiyaları qəbul edilən qərarla bağlı yekun sənədi vətəndaşa vermir. Bu da müraciət edən şəxslərin ilkin səhiyyə məntəqəsində "Forma 88" doldurularkən hansı səhvlərə yol verildiyi barədə məlumat ala bilməsini və bu səhvləri müstəqil araşdırmanın obyektinə çevirməsini çətinləşdirir. Öz növbəsində, imtinanın səbəblərinə və onların əsaslandırılmasına, müraciətçinin sağlamlıq durumunun hansı meyarlara uyğun gəlmədiyinə dair yekun və təfsilatlı qərar vətəndaşla paylaşılmır. Müraciət edən şəxsə yalnız bir cümləlik "Əlillik təyin edilmir" qeydi çatdırılır. Şəffaflıqla bağlı digər bir problem qərar qəbul edənlə şikayətlərə baxan orqanın eyni olmasıdır. Bu hal maraq toqquşması baxımından prosesin effektivliyinin, şəffaflığının və etibarlığının təmin edilməsi imkanlarını azaldır. Alternativ və müstəqil tibbi ekspertiza institutları olmadığından məhkəmələr də yanlış qərarları araşdırmaq üçün şikayətləri yenidən qərarverici quruma qaytarır.

XS
SM
MD
LG