Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:40

Elman Rüstəmovun sevimli sözü: «Olmayacaq!»


Elman Rüstəmov
Elman Rüstəmov

-

Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov yenə devalvasiyadan danışıb və yenə «devalvasiya olmayacaq!»- deyib. Niyə yenə? O səbəbdən ki baş bankir «olmayacaq» desə də, hər dəfə devalvasiya olur.

O, ilk devalvasiyadan (21 fevral 2015-ci il) 3 gün öncə də manatın dəyərsizləşməyəcəyini bəyan etmişdi. Ancaq manat dollara nisbətdə 34 faiz ucuzlaşdı.

İkinci devalvasiya zamanı da eyni olay yaşandı. MB ötən il dekabrın 21-də baş verən həmin devalvasiyadan 4 gün öncə - dekabrın 17-də belə bir məlumat yaydı: «Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir». Nəticəsi nə oldu? Dollarla müqayisədə manatın məzənnəsi 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qaldırıldı .

Baş bankirə yönələn tənqidlərdən biri də odur ki, «üzən məzənnə» rejimi varsa, niyə devalvasiyadan söz açır. Bəyəm həmin rejimdə məzənnəni bazar müəyyənləşdirmir?

«MANATIN BUNDAN SONRA UCUZLAŞMAYACAĞI FİKRİNİ BÖLÜŞMÜRƏM»

İqtisadçı ekspert Samir Əliyev də belə tənqidçilərdən biridir: «Manat dekabrın 21-dən «üzən məzənnə»yə keçib. Bu o deməkdir ki, nəzəri cəhətdən manatın məzənnəsi tələb və təklif əsasında formalaşır. MB valyuta hərracları keçirir və onun əsasında manatın məzənnəsi müəyyənləşir. Ancaq təəssüf ki, MB son dövrlər məzənnənin süni yolla saxlanması siyasəti yürüdür və bunu manat qıtlığı yaratmaqla edir».

Ekspert deyir ki, E.Rüstəmovun açıqlaması manatın sabit qalacağı və ucuzlaşmayacağı anlamına gəlmir: «Məzənnəni bazar müəyyənləşdirirsə, onda qabaqcadan «devalvasiya olmayacaq» demək düz deyil. E.Rüstəmov devalvasiya olmayacaq deməklə həm də onu söyləmək istəyir ki, bundan sonrakı devalvasiyaya səbəb MB-nin qərarı yox, tələb-təklif olacaq. Hər halda mənim qənaətim belədir. Manatın bundan sonra ucuzlaşmayacağı fikrini bölüşmürəm. Manatın bahalaşması üçün, hələ ki, iqtisadi zəmin yoxdur».

«DEVALVASİYA TƏNZİMLƏNƏN MƏZƏNNƏ REJİMİNDƏ OLUR»

Ekspert Elxan Mikayılovun fikrincə, E.Rüstəmovun devalvasiya olmayacaq sözləri daha bir devalvasiya mövzusunu gündəmə gətirir: «Əfsus ki, bəzən iqtisadçılar da üçüncü devalvasiyadan danışırlar. Ancaq məlumat üçün deyim ki, devalvasiya «tənzimlənən məzənnə» rejimində olur. Yəni MB milli valyutanı inzibati qaydada dəyərdən salır».

Sözdə də olsa, «üzən məzənnə» rejiminə keçildiyini söyləyən ekspert fikrini belə yekunlaşdırır: «Bu rejimdə milli valyuta MB-nin yox, bazarın təzyiqi ilə dəyərsizləşməlidir. Bu halda tədricən dəyər itirmə olur, birdən yox. Ona görə, nəzəri baxımdan devalvasiya mümkün deyil, ancaq MB-nin yenə məzənnə təyin etməsi məsələni bir az qəlizləşdirir».

XS
SM
MD
LG