Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Ziya Məmmədovun qardaşına qarşı məhkəmə işi: 'Xüsusi sifariş alıbsa, başqa məsələ...'


Elton Məmmədov
Elton Məmmədov

Məhkəmə keçmiş deputat Elton Məmmədovun həbsini tələb edən Azərbaycan Milli Elmlər Akademiyası hüquq şöbəsinin müdiri Kamal Əliyevin şikayətinə baxmaqdan imtina edib. Fevralın 9-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədova şöbə müdirinin xüsusi ittiham qaydasında qaldırdığı iddianın icraata götürülməməsi haqda qərar qəbul edib.

Qərardan öncə hər iki tərəf çıxış edib. Əliyev deyib ki, sabiq deputat onu cinayətkar adlandıraraq hakim işlədiyi dövrdə Tərtər hadisələri ilə bağlı ədalətsiz hökmlər çıxarmaqda suçlayıb və böhtan atıb: "İnsan səhvini başa düşər, yalanlarını dayandırar. Bu adam isə dayanmır".

Əliyev iddianın icraata götürülüb baxılmasını istəyib.

"Xüsusi sifariş alıbsa..."

Sabiq deputat isə, əksinə, deyir ki, Əliyevin Tərtər hadisələrində adının keçdiyini deyib və bu, təhqir hesab oluna bilməz: "Bu söz təhqir hesab oluna bilməz. Kamal Əliyev xüsusi sifariş alıbsa, başqa məsələ. Hüquq pozuntularına gəlincə, Kamal müəllimin rəhbərlik etdiyi şöbədə daha çox pozuntu var".

Məmmədovun vəkilləri də onun əməlində CM-in 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrinin tərkibinin olmadığını vurğulayıblar.

Hakim qısa müşavirədən sonra sabiq deputata qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddianın icraata götürülmədiyini açıqlayıb.

Xatırlatma

Elton Məmmədov mediaya açıqlamasında istisna etməyib ki, məhkəməyə verilməsi son dövrlərdə Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ünvanına səsləndirdiyi tənqidlərlə əlaqədardır.

Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında Milli Elmlər Akademiyasının prezidenti seçiləndən bir müddət sonra Məmmədov Akademiyanın İşlər İdarəsinin rəhbəri təyin olunub. Amma qısa müddət sonra bu vəzifədən çıxarılıb. O, vəzifəsinə bərpa tələbi ilə məhkəmədə iddia qaldırıb. Səbail Rayon Məhkəməsində onun iddiası təmin edilib. Akademiya rəhbərliyi bu qərardan apellyasiya şikayəti verib.

Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

XS
SM
MD
LG