Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:46

'Azərbaycan Rusiyadan qopa bilmir'


Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev Bakıda lövbər salmış Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının "Dağıstan" raket gəmisinə baş çəkir. 13 avqust 2013-cü il
Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev Bakıda lövbər salmış Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanmasının "Dağıstan" raket gəmisinə baş çəkir. 13 avqust 2013-cü il

Sentyabrın 11-dən 20-nə kimi Ermənistanda bu ölkə ilə ABŞ arasında "EAGLE PARTNER 2023" birgə hərbi təlimlər keçiriləcək. Bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təlimlər Ermənistanda beynəlxalq sülhyaratma missiyalarına hazırlıq çərçivəsində "Zar" mərkəzinin bazasında olacaq: "Təlimlərin məqsədi–bölmələrin əməliyyat uyğunluğu səviyyəsini artırmaq..., idarəetmə və taktiki əlaqələr sahələrində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır".

Azərbaycana gəlincə isə o, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) müəyyən sülh təlimlərində iştirak etsə də, birbaşa ABŞ-la belə təlimlər həyata keçirilmir. Hətta kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, Azərbaycan-ABŞ hərbi əməkdaşlıq məsələlərində son 10 ildə müəyyən soyuqluq müşahidə edilib.

E.Nəsirov
E.Nəsirov

"Bu təlimlər tamamilə başqa məzmun alır"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, ABŞ ilə Ermənistanın birgə hərbi təlim keçirməsi sıradan bir hadisə deyil: "Söhbət sadəcə ABŞ-ın Ermənistan ərazisində bu ölkə ilə birgə təlimlərdən getmir. Söhbət Rusiyanın müttəfiqi olan və Rusiyanın düşməni hesab edilən iki dövlətin birgə hərbi təlimlərdən gedir. Belə olan halda bu təlimlər tamamilə başqa məzmun alır".

Deputat qeyd edib ki, Ermənistan bir müddət əvvəl Avropa İttifaqının öncə mülki, sonra isə hərbi missiyanı öz ərazisinə gətirib: "Biz hələ o vaxt demişik ki, bu, NATO-nun missiyasının Ermənistana daşınması üçün ilkin prosesdir".

"Biz addımları atarkən..."

Azərbaycanla ABŞ arasında münasibətlərə gəlincə, Nəsirovun sözlərinə görə, ölkələr strateji tərəfdaşdır, fundamental məsələlərdə mövqeləri üst-üstə düşür: "Xüsusilə beynəlxalq sülhün və təhlükəsizliyin təminatında, beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində yaxın tərəfdaşıq. O ki qaldı ermənistansayağı ABŞ-la hərbi təlimlər məsələlərinə, məndə olan məlumata görə, hələ ki, bu, gündəmdə deyil. Biz addımları atarkən regional təhlükəsizlik, regionda maraqlar nisbəti kimi amilləri nəzərə alırıq. Bu fonda Azərbaycan dövləti müstəqil siyasətini və milli maraqlarına söykənən siyasətini həyata keçirir".

Ə.Oruclu
Ə.Oruclu

"Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişafını mən görmürəm"

Siyasi şərhçi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Ermənistanla ABŞ arasında hərbi əməkdaşlıq Azərbaycanın diqqətini çəkməli olan məsələdir: "Əvvəllər Azərbaycanla ABŞ arasında kifayət qədər geniş hərbi proqramları olub. Bu hərbi əməkdaşlıq, əsasən, Xəzər hövzəsini əhatə edirdi, ABŞ da bu işdə geniş iştirak edirdi. Amma 2013-cü ildə Azərbaycan Xəzəri Rusiyaya güzəştə getdikdən sonra bütün o qurulmuş infrastrukturu dağıtdı. 2018-ci ildə Xəzərin statusu ilə bağlı yeni anlaşmaya imza atdıqdan sonra bu əməkdaşlıq aktuallığını itirdi".

Xəzərin statusu

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan imzalayıb. Orada dənizin suyu, dibi, təki, təbii resursları və onun üzərindəki hava məkanı da daxil olmaqla, Xəzər dənizinin istifadəsinə münasibətdə tərəflərin hüquq və öhdəlikləri müəyyən olunur. Konvensiyada yazılıb ki, Xəzər dənizində tərəflərə məxsus olmayan silahlı qüvvələrin mövcudluğu mümkün sayılmır.

Ekspertin sözlərinə görə, bu, həm də göstərdi ki, Azərbaycan siyasi baxımdan Rusiyaya daha sıx bağlıdır və bütün cəhdlərə baxmayaraq, Qərblə əməkdaşlığı artırmaq niyyətində deyil: "Sadə dildə desək, Azərbaycan Rusiyadan qopa bilmir".

O qeyd edib ki, indi Azərbaycanın bölgədə ciddi problemləri olduğu bir ölkə - Ermənistan ABŞ-la hərbi əməkdaşlığı genişləndirir və bundan düzgün nəticə çıxarmaq lazımdır: "Amma mən düşünmürəm nəticə çıxarılacaq. Nəticə çıxarılsa belə, nəyisə dəyişməyəcək, çünki Bakı-Vaşinqton münasibətləri ürəkaçan deyil. Bunun da başlıca səbəbi Azərbaycanın Rusiyanın yanında yer almasıdır. Ona görə də gələcəkdə Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişaf etməsi perspektivlərini mən görmürəm".

XS
SM
MD
LG