Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:40

Ermənistan nəqliyyat xətləri məsələsinin Azərbaycanla sülh sazişi layihəsindən çıxarıldığını təsdiqləyir


Arxiv fotosu
Arxiv fotosu

Ermənistan regional nəqliyyat xətlərini açılması müddəasının Azərbaycanla sülh sazişi layihəsindən “qarşılıqlı razılıq” əsasında çıxarıldığını təsdiqləyib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – Azatutyun yazır.

“Qeyd etməliyik ki, nəqliyyat xətlərinin effektiv açılması regionda sülh və iqtisadi inkişafdan ötrü vacib elementdir, bu, Ermənistan Respublikasının irəli sürdüyü gündəlikdə əks olunub. Bu məqam Ermənistan hökumətinin Sülh Qovşağı proqramında çox yaxşı əksini tapıb. Proqram suverenlik və yurisdiksiya, eləcə də qarşılıqlılıq və bərabərliyə sayqı prinsiplərinə əsaslanır”, – Ermənistan XİN sözçüsü Ani Badalyan avqustun 7-də AzadlıqRadiosunun erməni xidmətinə deyib.

Prezidentin təmsilçisi “qarşılıqlı məqbul variant” tapıldığını deyir

Bu açıqlamadan öncə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə təmsilçisi Elçin Əmirbəyov AzadlıqRadiosuna müsahibəsində deyib ki, Bakı və Yerevan Azərbaycanı qərb eksklavı Naxçıvanla birləşdirən marşrut üzrə “qarşılıqlı məqbul variant” tapıblar. Bakı Ermənistanın cənubundakı Sünik, tarixən Zəngəzur adıyla tanınan vilayətdən keçməsi nəzərdə tutulan bu marşruta “Zəngəzur dəhlizi” deyir.

“Qarşılıqlı razılaşma ilə biz sülh sazişindən bir abzası çıxarmaq və ona daha sonrakı mərhələlərdə qayıtmaq qərarına gəldik. Mən sülh sazişinin yekunlaşdırılması işini daha da çətinləşdirmək istəmirəm. Ona görə də biz onu mətndən çıxarmağa qərar verdik…”, – E.Əmirbəyovun sözləridir.

Prezidentin təmsilçisi deyib ki, sülh sazişi imzalanandan sonra hər iki ölkənin nümayəndə heyətləri “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya xətlərinin yenidən açılması üçün qarşılıqlı məqbul formulun tapılmasından ötrü müzakirələri bərpa edə bilərlər”.

Qarşılıqlı tələblər

Rəsmi Yerevan uzun müddət “dəhliz” termininə qarşı çıxıb, təkidlə bildirib ki, hər iki ölkə öz ərazilərindən keçən nəqliyyat xətləri üzərində yurisdiksiyanı saxlamalıdır. Ermənistan onu da bildirib ki, nəqliyyat xətlərinin yenidən açılması daha geniş regional kontekstdə baş verməli, Ermənistanın Naxçıvan ərazisindən İrana dəmiryolu əlaqəsi, Türkiyə ilə sərhədi açılmalıdır.

Ermənistanla Azərbaycan iki ildən çoxdur sülh sazişi üzərində işləyir. ABŞ və Aİ daxil olmaqla qərb gücləri bu iki Cənubi Qafqaz ölkəsini sülh sazişini tezliklə yekunlaşdırmağa çağırıb. Azərbaycan Ermənistandan tələb edir ki, sülh sazişinin imzalanmasından ötrü öz konstitusiyasındakı Qarabağla “təkrar birləşmə” çağırışını ləğv etsin. Azərbaycan Qarabağın heç vaxt Ermənistan ərazisi olmadığını əsas gətirir.

Rəsmi Bakı 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatla Qarabağ üzərində suverenliyini bərpa edib.

XS
SM
MD
LG