Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:47

Ermənistan konstitusiyanın dəyişdirilməsinə başlayıb?


Ermənistanda konstitusiyanın dəyişdirilməsinə qarşı etiraz aksiyalarından birində (Arxiv fotosu)
Ermənistanda konstitusiyanın dəyişdirilməsinə qarşı etiraz aksiyalarından birində (Arxiv fotosu)

Ermənistanda hökumət tərəfindən yaradılmış xüsusi ekspert şurası baş nazir Nikol Paşinyanın Ermənistanın yeni konstitusiya layihəsinin hazırlanması tapşırığından sonra iyulun 17-də ilk dəfə olaraq iclasa toplaşıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan konstitusiyasının dəyişdirilməsini Azərbaycan tərəfi sülh müqaviləsinin imzalanması üçün şərt kimi irəli sürüb.

Lakin Nikol Paşinyan bundan əvvəl dəfələrlə bildirib ki, konstitusiya Ermənistanın daxili işidir və onun dəyişdirilməsi zərurəti Bakının tələbindən yaranmayıb.

Baş nazir bundan əvvəl demişdi ki, o konstitusiya layihəsi də daxil islahatlar üçün xüsusi şuranın yaradılmasını hələ 2018-ci ildə hakimiyyətə gəldiyi zaman təklif etmişdi.

Paşinyan Ermənistanın hazırkı ana qanununun dəyişdirilməsi məqsədilə 2022-ci ildə Konstitusiya İslahatı Şurası yaradıb.

O iki ay bundan əvvəl sözü gedən şuranın mandatını dəyişib və bildirib ki, qurum Ermənistanın tamamilə yeni konstitusiyasının layihə mətnini 2027-ci ilin yanvarınadək hazırlamalıdır.

Mandatın dəyişməsi ilə şuraya rəsmi dövlət statusu verilib.

Referendum keçirilməsi lazım gələcək

Azərbaycan prezidenti və başqa Azərbaycan rəsmiləri son həftələrdə bəyan edirlər ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi şərtdir.

Bundan əvvəl prezident İlham Əliyev demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Paşinyan da ötən fevral ayında indiki konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Azatutyun xatırladır ki, konstitusiyanın tamamilə dəyişdirilməsi üçün referendumun keçirilməsi tələb olunur.

Konstitusiya İslahatı Şurası dövlət rəsmilərindən, iqtidaryönlü siyasətçilərdən və iki QHT rəhbərindən ibarətdir.

Mübahisəli müddəaların konstitusiyadan çıxarılması

Şuraya daxil QHT liderləri bildiriblər ki, ilk iclasda Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması məsələsi müzakirə olunmayıb.

Rəsmi Bakı özəlliklə bu istinadın olduğu preambula hissəsinin konstitusiyadan çıxarılmasını istəyir.

QHT rəhbəri Daniel İoannisyan deyib ki, şura hazırda əsas diqqətini yeni konstitusiyasının bütünlükdə “modelinə” yönəldib.

O vurğulayıb ki, Ermənistan konstitusiyasından hansısa müddəalar “düşmən ölkənin” tələbi ilə çıxarılmayacaq və ya mətnə əlavə edilməyəcək.

İoannisyan ümid etdiyi bildirib ki, hətta 1990-ci il bəyannaməsinə istinad da mətndə saxlana bilər, amma bu, heç də zəruri deyil.

Sözü gedən şuranın iştirakçılarından vətəndaş cəmiyyəti fəalı Artur Sakunts Azatutyuna deyib ki, o preambula hissəsinin konstitusiyadan çıxarılmasına qarşı çıxış edib.

Onun sözlərinə görə Azərbaycan prezidenti İlham Əliyev bu məsələdən sülh müqaviləsini imzalamamaq və Ermənistanının sərhədlərini tanımamaq üçün bəhanə kimi istifadə edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG