Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:51

Ermənistan Rusiya sərhədçiləri ilə bağlı məsələyə aydınlıq gətirir


Ermənistan-Türkiyə sərhədində Rusiya zastavası
Ermənistan-Türkiyə sərhədində Rusiya zastavası

Ermənistanın hələ ki, Rusiya sərhədçilərini ölkənin İran və Türkiyə ilə sərhədlərindən çıxarmaq niyyəti yoxdur və söhbət indilik yalnız Ermənistan-İran sərhədindəki yeganə keçid məntəqəsindən gedir.

Bunu oktyabrın 10-da Ermənistanın hakim partiyasından olan vəzifəli millət vəkili deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin məhz bu keçidin tamamilə Ermənistan sərhədçilərinə həvalə olunmasına dair razılığa gəliblər. Rusiya sərhədçiləri Aqarak keçidini yanvarın 1-dək tərk etməlidirlər.

Azatutyun yazır ki, başqa bir razılaşmaya görə Ermənistan sərhədçiləri gələn ildən Rusiya sərhədçiləri ilə birlikdə İran və Türkiyə sərhədlərinin mühafizəsində iştirak edəcəklər. Bu iştirakın miqyası hələ ki, məlum deyil.

Ermənistan Milli Məclisi xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib ki, məntiqlə Ermənistan Respublikasının sərhədləri tədricən tamamilə Ermənistan sərhədçiləri tərəfindən mühafizə olunmalıdır.

Xandanyan bunun nə vaxt baş verə biləcəyini belə izah edib:

“Düşünürəm ki, gələcəkdə, müəyyən bir məqamda biz sərhədlərimizdə tam xidməti həyata keçirməyə hazır olacağıq. Amma bu məsələ hazırda müzakirə olunmur”.

Müxalifət deputatı: “Hökumət Qərbin qarşısında xal yığır”

Müxalif “Şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abrahamyan bununla bağlı narahatlığını ifadə edib.

Onun sözlərinə görə Rusiyanın buradakı hərbi mövcudiyyəti onilliklər ərzində Türkiyənin mümkün müdaxiləsi və Yerevana təzyiqlərinə qarşı çəkindirici faktor olub.

Abrahamyan deyib ki, bu faktor Ermənistana Azərbaycanla müharibədə duruş gətirməkdə də kömək edib:

“Bu mənada Azərbaycanla tam tənzimlənmə əldə edilməyənədək müharibənin mümkünlüyü azalmayıb ki, artıb. Düşünürəm ki, belə addımları atmazdan əvvəl biz insan ehtiyatlarımızı nəzərə almalı və onlardan düzgün istiqamətdə istifadə etməliyik”.

Abrahamyan habelə hökumətin belə bir iddiasını rədd edib ki, guya Rusiya təhlükəsizlik qüvvələrinin İranla sərhəddəki keçid məntəqəsindən çıxması Ermənistanın suverenliyini artırıb.

Onun fikrincə, hökumət bu addımlarla Qərbin qarşısında “xal toplayır”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Daha sonra Rusiya sülhməramlıları Azərbaycan ərazisindən çıxarılıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG