Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:46

Ermənistan dramı 2022-ci ildə dollara qarşı ən çox dəyər qazanan valyuta olub


 İl ərzində dramın dollara qarşı məzənnəsi 22 faiz bahalaşıb.
İl ərzində dramın dollara qarşı məzənnəsi 22 faiz bahalaşıb.

Rusiya-Ukrayna savaşı istər siyasi, istərsə iqtisadi baxımdan region ölkələrinə ciddi təsir göstərir. Axı hər iki ölkədə keçmiş sovet respublikalarından gələn çox sayda miqrant var. Bu miqrantlar hər ay ölkələrindəki yaxınlarına pul köçürürlər. Həmin vəsait keçmiş sovet respublikalarında əhalinin gəlirinin formalaşmasında ciddi rol oynayır. Müharibədən sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və bu ölkədən xeyli insanın ölkədən miqrasiya etməsi ekssovet ölkələri üçün də yeni çağırışlar yaradıb.

"Bloomberg" agentliyinin bugünlərdə yayımladığı məqalədə bildirilir ki, Ermənistan dramı 2022-ci ildə dünyada dollara qarşı ən çox dəyər qazanan valyuta olub. İl ərzində dramın dollara qarşı məzənnəsi 22 faiz bahalaşıb. Ermənistanda uzun müddət 100 dollar təxminən 480-500 drama dəyişdirilirdi. Amma indi həmin məbləği təxminən 405 drama dəyişmək mümkündür. Ermənistanla yanaşı, Gürcüstan və Tacikistan valyutaları da dollara qarşı, uyğun olaraq, 16 və 10 faiz bahalaşıb.

Valyutalar niyə bahalaşır?

Keçmiş sovet ölkələri valyutalarının bahalaşmasına təsir göstərən başlıca amillər Rusiya ilə bağlıdır. Belə ki, bu ölkələrə Rusiyadan göndərilən vəsaitin həcmi kəskin artıb. Gürcüstan Milli Bankının məlumatına görə, müharibə bu il Rusiyadan Gürcüstana daxil olan pul köçürmələrini beş dəfə artırıb. İlk 10 ayda Ermənistana isə 2 milyard 800 milyon dollar köçürülüb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur. Bunu da unutmaq olmaz ki, hər iki ölkə Rusiyadan qaçan şəxslərin ən çox üz tutduğu istiqamətlər arasındadır. Bu baxımdan, hər iki ölkədə milli valyutaya tələb artıb. Ermənistanın iqtisadiyyat naziri bir müddət öncə bildirmişdi ki, ölkəsinə Rusiyadan təkcə İT sektorunda çalışan 50 min mütəxəssis gəlib. Rəsmi açıqlamaya görə, Ermənistan vətəndaşlığına keçmək istəyənlərin də sayı artıb. Rəsmi məlumata görə, bu ilin ilk 10 ayında 19 min 630 xarici ölkə vətəndaşı Ermənistan vətəndaşlığına keçmək üçün müraciət edib. Müraciət edənlərin 14 min 461 nəfəri - 74 faizi Rusiya vətəndaşıdır. Ermənistan vətəndaşı olmaq istəyənlər arasında sonrakı yerləri Gürcüstan (1715), Livan (1045), Suriya (528), İran (456), Ukrayna (225) və ABŞ vətəndaşları (220) tutur. Məlumatda bildirilir ki, Ermənistan vətəndaşlığı üçün müraciət edənlərin 97 faizi etnik ermənidir. 2021-ci ildə müraciətçilərin sayı indikindən azı iki dəfə az - 8 min 600 nəfər olmuşdu.

Ermənistan dramının dəyər qazanmasına daha bir amil təsir göstərib. Bu ölkə artıq Rusiya ilə təbii qaz ticarətini dollarla deyil, rublla aparmağa başlayıb. Beləcə, dollar təklifinin və milli valyutaya tələbin artması ölkədə milli valyutanı bahalaşdırıb.

Milli valyutanın bahalaşması sərfəlidirmi?

Ancaq o da var ki, milli valyutanın bahalaşmasından Ermənistanda heç də hər həs məmnun deyil. Özəlliklə ixracatla məşğul olan şirkətlər bundan rahatsızlıqlarını dilə gətirirlər. Onların fikrincə, milli valyutanın dollar qarşısında bahalaşması xarici bazara satılan məhsulun xarici ölkələrə daha baha başa gəlməsinə səbəb olur. Bu da həmin məhsulların rəqabət qabiliyyətini azaldır. Hətta ixracla məşğul bir qrup şirkət nümayəndəsi yay aylarında hökumətə üz tutub bu duruma müdaxilə etməsini istəmişdi. İxracatçı şirkətlərlə yanaşı, Ermənistan iqtisadiyyatı üçün önəmli sahə sayılan İT sektoru da bu durumdan narazıdır. Gəlirlərini, əsasən, dollarla qazandıqlarından, onlar yeni yatırımlara da daha çox xarici valyuta sərf etməli olduqlarını bildirirlər. Üstəlik, Ermənistanda düşünürlər ki, rusların ölkəyə axını inflyasiyaya da artırıcı təsir göstərib. Özəlliklə daşınmaz əmlak bazarında tələbin kəskin artımı ev və kirayə qiymətlərində ciddi artım doğurub.

Azərbaycanda durum necədir?

Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrinin də həcmi ciddi ölçüdə artıb. Mərkəzi Bank açıqlayıb ki, 2022-ci ilin ilk 9 ayında Rusiyadan Azərbaycana 2 milyard 267 milyon dollar köçürülüb. Ötən ilin eyni dövründə bu rəqəm cəmi 409 milyon dollar idi. Deməli, bir il öncə ilə müqayisədə Rusiyadan Azərbaycana göndərilən pulların həcmi 5.5 dəfə artıb.

Azərbaycandan Rusiyaya göndərilən pulun həcmi isə, əksinə, azalıb. 2021-ci ilin ilk 9 ayında Azərbaycandan Rusiyaya toplam 85 milyon dollar köçürülmüşdü. Bu il həmin göstərici 17 milyon dollar azalaraq 68 milyona enib. Bu baxımdan, əslində Azərbaycanda manatın məzənnəsi bu qədər sərt tənzimlənməsə, onun da dollara qarşı bahalaşdığını görmək olardı. Axı Azərbaycanda manatın dollara qarşı məzənnəsi 2018-ci ilin martından bəri bir qəpik də dəyişməyib.

Bu ilin ilk 9 ayında xarici ölkələrdən Azərbaycana toplam 2 milyard 779 milyon dollar göndərilib. Deməli, ölkəyə gələn toplam pulun 82 faizi Rusiyanın payına düşür. Ötən il bütün pul köçürmələrində Rusiyanın payı cəmi 53 faiz idi.

Azərbaycana göndərilən pul köçürmələrində daha bir diqqətçəkən məqam ABŞ-la bağlıdır. Son bir ildə Amerikadan da Azərbaycana göndərilən pulların həcmi artıb. Əgər 2021-ci ilin ilk 9 ayında ABŞ-dan Azərbaycana 47 milyon dollar göndərilmişdisə, bu ilin eyni dövründə həmin rəqəm üç dəfəyə yaxın artaraq 137 milyon dollara yüksəlib. Beləcə, ABŞ Türkiyəni qabaqlayıb və Azərbaycana ən çox pul köçürən ikinci ölkə olub.

Rusiyanın hücumuna məruz qalan Ukraynada isə əks meyl gözə çarpır. Oradan Azərbaycana göndərilən pul köçürmələrinın məbləği dörd dəfəyə yaxın azalıb və 20 milyon dollardan 5 milyon dollara geriləyib. Ukraynada yaşayan azərbaycanlıların böyük bölümünün savaşla bağlı ölkəni tərk etməsi də, təbii ki, buna təsir göstərib.

XS
SM
MD
LG