Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:41

Üzücü sual: Əsgəri kim yaralayıb?


Nahid Soltanov
Nahid Soltanov

«Hazırda Papanindəki Hərbi hospitaldadır. Biz də burdayıq. Çarəsiz durumdayıq. Bilmirik dərdimizi kimə deyək. Həkimlər deyir, yaşamasına ümid yoxdur. Başından gülləylə atəş açıblar, vəziyyəti ağırdır. Tək deyil, onunla birlikdə əsgər yoldaşını da gətiriblər. Onu da sinəsindən gülləylə yaralayıblar, ikisi də reanimasiyada koma vəziyyətindədir».

Bunu AzadlıqRadiosuna hazırda Mərkəzi Hərbi Klinik Hospitalın reanimasiya şöbəsində komada olan əsgər Nahid Soltanovun qardaşı Elçin Soltanov deyir.

Onun sözlərinə görə, qardaşı Nahid Soltanov 13 aydır Ağdamdakı N saylı hərbi hissədə qulluq edir. İyulun 14-də, axşam saatlarında ailəyə onun yaralanması barədə məlumat verilib:

«İKİ DƏFƏ ƏMƏLİYYAT EDİBLƏR...»

«Çıxarıblar Sarıcalı hospitalına, iki dəfə əməliyyat ediblər, ordan da gətiriblər Papanindəki Mərkəzi hospitala. Qardaşımın da, onunla birlikdə yaralanan digər əsgərin də vəziyyəti ağırdır. Həkimlər deyir, «bizdə bu əsgərlərin əməliyyatı üçün normal aparatlar yoxdur». Qardaşım idmanla məşğul olurdu, boksçu idi, həkim deyir, «əslində ürəyi sağlamdır deyə ölməyib, yoxsa çoxdan ölərdi. Başın sağ yarımkürəsi yerində yoxdur. Həkim deyir, gedin, əliniz göydə olsun, yaralıya Allahdan ömür istəyin, biz əlimizdən gələni etmişik, ancaq yaşamasına güman azdır».

«HƏLƏ DƏ BİLMİRİK Kİ, NƏ BAŞ VERİB»

Əsgərin ailə üzvləri Müdafiə Nazirliyindən gileylidir:

«İki əsgər ölümcül vəziyyətdədir. Ancaq biri çıxıb bu iki əsgərin ailəsinə bir kəlmə demir ki, hadisə hansı səbəbdən olub... Biz hələ də bilmirik ki, nə baş verib... Bu uşaqları kim vurub, niyə vurub, məqsəd, məram nə olub? - hamı susur. Hərbi hissə komandiri susur, bölük komandiri susur, Müdafiə Nazirliyi susur. Kim məsuliyyətə cəlb olunub? Hansı maddəylə? Ümumiyyətlə, cinayət işi açılıbmı? O qədər sualımız var, cavab verən tapılmır. Hələ də bilmirik, atəşkəs pozulub, yoxsa əsgərlər öz aralarında törədiblər bu hadisəni... Heç nə bilmirik».

Nahid Soltanov ötən il Hacıqabul rayonundan hərbi xidmətə çağrılıb. Hərbi hissədə manqa komandiri olub. Ailə üzvləri deyirlər ki, xidmətdə fərqlənməyə görə Fəxri Fərmanla da təltif olunub.

AzadlıqRadiosunun müxbiri, hələlik, Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib.

XS
SM
MD
LG