Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:42

Fermerlərin bazar dərdi bitmir


Sankt-Peterburq bazarı
Sankt-Peterburq bazarı

-

«Əvvəllər Rusiya bazarlarından gəlib məhsulu həyətimizdən aparardılar. Son illər, demək olar ki, gələn yoxdur. Biz xarici bazara məhsul çıxara bilmirik».

Qubalı fermer İsrafil Ramazanov «Qaynar xətt»ə danışır ki, keçmiş Sovet İttifaqı dönəmində Rusiya və digər respublikaların bazarını tərəvəz və bostan məhsulları ilə Azərbaycan təmin edib. Ötən əsrin son onilliyinə kimi cənub bölgəsi «ümumittifaq bostanı» funksiyasını daşıyıb. İndi isə yaranan bazar problemi əkin sahələrinin kəskin azalmasına səbəb olub.

«Məhsulumuzu Rusiya bazarına çıxara bilmirik. Əvvəllər hər gün Rusiya bazarına azı beş «Kamaz» mal verirdik. İndi heç bir «Kamaz» da olmur», - İsrafil Ramazanov söyləyir.

«GUYA RÜŞVƏTİ YIĞIŞDIRIBLAR»

Şimal bölgəsinin iri tərəvəzçilik rayonlarından hesab olunan Qubada bu il də əvvəlki illərdəki qədər meyvə, tərəvəz və bostan bitkiləri əkilib. Ancaq fermerlər yığılan məhsulun çox cüzi hissəsini sata biliblər. Rusiya sərhədindəki son «pomidor qalmaqalları»ndan sonra isə vəziyyət daha da çətinləşib. Fermerlər məhsulun çox hissəsinin satışını daxili bazarda reallaşdıra biliblər.

Bu bazarda isə həm tələbat, həm qiymətlərin aşağı olması fermerləri razı salmır.

Başqa fermer Aslan Quliyev də bu məsələdən gileylənir. Danışır ki, son illər tərəvəz məhsulunun Rusiyaya göndərilməsi, elə bil, daşa dirənib: «Yolda maneələr var, gömrük tarifləri yüksəkdir, vergilər də həmçinin... Guya rüşvəti yığışdırıblar, əvəzində başqa yeni ödənişlər ortaya çıxıb».

Fermerlər hesab edirlər ki, Rusiya bazarının açılması tərəvəzçiliyi yenidən aparıcı sahəyə çevirə bilər. Çünki digər sahələrə nisbətən tərəvəzçilik qat-qat rentabellidir.

«TEXNİKA MƏMURLARIN SAHƏLƏRİNƏ GEDİR»

Fermerləri narahat edən təkcə bu deyil. Onlar gübrə yoxluğundan, susuzluqdan və xammalı yığmağa texnika çatışmazlığından da narahatdırlar.

Aslan Quliyev: «Suvarma məsələsində çətinliklər xirtdəyəcəndir. Deyirlər, «yuxarı kəndlərdəki əkin sahələri suvarılsın, sizə də növbə çatacaq». Bizə növbə gəlincə sahələr yanır, məhsul tələf olur. Eyni vəziyyət məhsul yığımında da baş verir. Yığım mövsümündə aqrar texnikalar yalnız məmurların sahələrinə yönəldilir. Növbə bizə çatana qədər məhsul yararsız vəziyyətə düşür».

Qubanın aqrolizinq şöbəsindən texnika çatışmazlığını aqrotexnikaların sahələrdə xarab olmasıyla əlaqələndirirlər.

Fermerlərsə razılaşmırlar. Bildirirlər ki, onlara da hər dəfə eyni söz deyilir. Ancaq nədənsə məmurların əkin sahələrinə çatanda, o «mühərriki xarab» kombaynlar işə düşür.

XS
SM
MD
LG