Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:40

Britaniyada Azərbaycanla bağlı 21 milyon dollar da aşkarlanıb


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Bu vəsaitin deputat Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarında saxlandığı iddia olunur.

Britaniyanın Milli Cinayət Agentliyi (NCA) nüfuzlu Azərbaycan siyasətçisi Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20.5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.

Agentlik inanır ki, sözü gedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub.

OCCPR-ın saytında dərc olunmuş məlumatda deyilir ki, nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı cinayət ittihamı irəli sürülməyib.

Bununla belə, noyabrın 1-də keçirilən mülki məhkəmə dinləməsində NCA sözü gedən pulların Azərbaycanın pulyuyan maşını kimi tanınan sxemdən keçdiyini iddia edən təhlil təqdim edib.

Agentliyin ehtimalına görə, bu pulların mənbəyi “qeyri-qanuni” olub, beləki vəsait Azərbaycandan onun mənşəyini gizlətmək məqsədi güdən saxta sənədlərdən istifadə və bir neçə balıqqulağı şirkətdən istifadə etməklə çıxarılıb.

NCA-in iddiaları

Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük bir ehtimalla “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”.

Məlumatda deyilir ki, Feyziyev deputatdır və prezident İlham Əliyevin yaxın çevrəsinə daxildir.

OCCRP yazır ki, Feyziyevin Azərbaycanın Avropa İttifaqında apardığı lobbiçilik fəaliyyətində rolu olub.

Bu da bildirilir ki, 15 milyon funt sterlinqin 7.86 milyonu Feyziyevin arvadı Pərvanə Feyziyevanın, 6.4 milyonu isə oğlu Orxan Cavanşirin hesabında saxlanır.

Məlumata görə bu iki şəxs bu pulun bir hissəsini Britaniyada yaşamaq imkanı verən investisiya vizasının alınmasına xərcləyib.

Sözü gedən vəsaitin kiçik hissəsi – 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabındadır.

Lakin NCA bildirir ki, iş Feyziyevin özünün üstündə cəmləşib, beləki aşkar olunmuş vəsaitin onun nəzarətində olan bank hesablarından gəldiyi ehtimal edilir.

Feyziyevlər ailəsi inkar edir

Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-in iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib.

Sözçü daha sonra deyib ki, agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib.

Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut edilməsini gözləyirlər.

Məlumatda deyilir ki, NCA sözü gedən iş üçün OCCRP-nin Feyziyev barəsində bundan əvvəlki reportajına istinad edib.

2017-ci il tarixli təhqiqat reportajında deyilirdi ki, adları əsası Feyziyev tərəfindən qoyulmuş əczaçılıq şirkəti ilə eyni olan iki şirkətə Azərbaycanın pulyuyan maşını vasitəsilə 138 milyon dollar vəsait daxil olub.

Həmin reportajın böhtan olduğu barədə Feyziyevin iddiası razılaşdırılmış şərtlərlə həll olunub.

Feyziyev hər hansı çirkli pulların yuyulmasında və qanunsuz fəaliyyətdə iştirakını qətiyyətlə inkar edir.

XS
SM
MD
LG