Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:41

London məhkəməsi Feyziyevlərin 50 milyonluq əmlakının dondurulmasını qüvvədə saxladı


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Britaniya Ali Məhkəməsi martın 8-də azərbaycanlı deputat Cavanşir Feyziyev və arvadının Londonda dondurulmuş əmlakı ilə bağlı qərarını açıqlayıb. Məhkəmə təxminən 50 milyon dollarlıq əmlakın dondurulması qərarını qüvvədə saxlayıb.

+++

Milli Məclisin deputatı Cavanşir Feyziyevin əmlakı ilə bağlı London məhkəməsində gedən prosesə aid “Turan” agentliyinin sorğusuna onun köməkçisi Tural Salamov cavab olaraq bunları deyib:

“Məhkəmənin müsadirə ilə bağlı hələ hər hansı qərarı yoxdur. Hazırda məhkəmədə onun qaldırdığı iddiaya baxılır".

Londonda məhkəmə Feyziyevin əmlakı ilə bağlı onun qarşılıqlı iddiasına baxır

Britaniya Ali Məhkəməsi fevralın 22-də Azərbaycan millət vəkili Cavanşir Feyziyev və onun arvadının Londonda qanunsuz yolla əldə olunmuş pullarla alınmasından şübhələrə görə dondurulmuş 22 daşınmaz əmlakı ilə bağlı məsələyə baxılmasına başlayıb.

Ümumilikdə 39.5 milyon funt sterlinqə (50 milyon dollar) alınmış bu mülklər Ali Məhkəmənin 23 iyun 2023-cü il tarixli hökmünün ardınca dondurulmuşdu.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) məlumatında deyilir ki, Feyziyev şərh üçün sorğulara cavab verməyib, amma ailənin vəkili fevralın 22-də Ali Məhkəməyə həmin hökmün ləğv olunması üçün vəsatət təqdim edib.

Məhkəmə bu mülklərin dondurulması barədə işə Britaniya Milli Cinayətkarlıq Agentliyinin müraciəti əsasında baxmışdı.

Hökmün ləğvi üçün vəsatət

Feyziyevlərin vəkili iddia edir ki, agentlik bütün lazımi prosedurlara əməl etməyib və bu daşınmaz əmlaklardan hər hansı birinin qanunsuz yolla alındığını mübahisələndirmək üçün kafi əsaslar yoxdur.

Transparency International təşkilatının Britaniya bölümündə Araşdırma və Təhqiqat Şöbəsinin başçısı Stiv Qudriç (Steve Goodrich) AzadlıqRadiosunun Azərbaycan xidmətinə proseslə bağlı bunları deyib:

'Bizim təhqiqatımız Britaniyada şübhəli vəsaitlərlə alınmış və dəyəri 6.7 milyon funt sterlinqdən çox olan daşınmaz əmlak aşkar edib. Birləşmiş Krallığın hüquq-mühafizə orqanları cinayət və korrupsiyadan əldə edilmiş vəsaitlərlə alınmasından əsaslı şübhələr olan əmlakı təhqiq etməlidirlər. Açıq ədalət bizim ədliyyə sistemimizin əsas hissəsidir. Odur ki, belə işlər barədə məlumat vermək ictimaiyyətin yüksək marağındadır”.

Müsadirə

Bundan əvvəl Cavanşir Feyziyevin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi. Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və “Azərbaycanın pulyuyan maşını” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib.

2022-ci ildə Birləşmiş Krallıq həmin pulların 5.6 milyon funt sterlinqini (7.56 milyon dollar) müsadirə etmişdi. Müsadirə olunan vəsait Cavanşir Feyziyevin arvadının, oğlu Orxanın və qohumu Elman Cavanşirin bank hesablarında idi.

Milli Cinayət Agentliyi bildirirdi ki, Feyziyev və arvadının aldıqları mülklər onların çirkli pulların yuyulmasından alınan vəsaitlərlə əldə olunduğuna dair “güclü dəlillər” olduğuna görə dondurulmuşdu.

Əmlakın dondurulması onun satılmasını və ya başqa ada keçirilməsini mümkünsüz edir.

Agentlik bildirirdi ki, bu pullar “fövqəladə mürəkkəb” mexanizmlə hərəkət etdirilib.

Daşınmaz əmlak

Məlumatda deyilir ki, sözü gedən daşınmaz əmlakların arasında ən bahalısı Feyziyev tərəfindən Londonda Chelsea Barracks adlanan yaşayış komleksində 26 milyon funt sterlinqə (33.4 milyon dollar) alınıb.

Dondurulmuş qalan mülklər dəbdəbəli Regent Park rayonundakı mənzil və Şimal-Qərbi Londonda yeni tikililərdə alınmış 19 mənzildir. Bildirilir ki, Feyziyev bu mənzillərin alınmasına 2008 və 2018-ci illər arasında 10 milyon funt sterlinq (13.7 milyon dollar) xərcləyib.

Agentliyin məlumatına görə bütün dondurulmuş daşınmaz əmlakın hazırkı dəyəri 50 milyon funt sterlinqdir.

Xəbər verilir ki, bu işi aparan hakim əmlakın dondurulmuş olaraq qalması və ya qalmamasına dair hökmü daha sonra verməlidir.

Xatırlatma

OCCRP-nin 2017-cildə apardığı araşdırma Azərbaycandan gələn 2.9 milyard dolların “Azərbaycanın pulyuyan maşınından” keçdiyini aşkar etmişdi.

OCCRP bildirirdi ki, Azərbaycanda Feyziyevə məxsus Avromed əczaçılıq şirkətinin istifadə etdiyi iki şirkətə də “pulyuyan maşın” mexanizmi ilə 138 milyon dollar daxil olub.

Feyziyev bu məlumatla bağlı OCCRP-yə qarşı “böhtan” iddiası qaldırmışdı və bu mübahisə tərəflər arasında “razılaşdırılmış şərtlərlə” çözülmüşdü.

Cavanşir Feyziyev hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qətiyyətlə inkar edir.

XS
SM
MD
LG