Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:44

A.Rəhimov: «Alonso-ya o qədər pulu heç kim verməyib»


Azad Rəhimov
Azad Rəhimov

-

Gənclər və idman naziri Azad Rəhimov bu gün başlayan «Formula-1» yarışlarının ölkəyə faydası və bu yarışlara çəkilən xərclər barədə danışıb.

Nazir APA-ya müsahibəsində deyib ki, Azərbaycanın birbaşa gəlirləri bilet satışındandır: «Bu günə 2 milyon manatdan artıq bilet satılıb, amma digər gəlirlər birbaşa deyil. Onlar Bakıya gələn turistlərlə bağlıdır».

Nazirin deməsinə görə, indi Bakı otellərində boş yerlər yoxdur, hamısına sifariş verilib. O, bildirib ki, Azərbaycana 10-15 mindən artıq turist gəlib.

Daha sonra nazir İspaniyanın «Marca» nəşrində yer alan fikirlərlə bağlı verilən sualı cavablandırıb. Həmin nəşrdə yazılırdı ki, «Formula-1» yarışlarının Bakıda keçirilməsindən ötrü Azərbaycan 80 milyon dollar verib. Fernando Alonso-nun yarışın rəsmi səfiri olmasına isə 2 milyon dollar ödənib.

«Dəfələrlə bu rəqəmlər barədə açıqlama vermişəm. Asfalt qatını dəyişməyə 12 milyon manata yaxın vəsait ayrılıb. «Azadlıq» meydanında o böyük binaya («poddok» - red.) 20 milyona qədər vəsait verilib. Həmin bina alınıb, növbəti illərdə də istifadə olunacaq, yenidən almağa ehtiyac qalmayacaq. Sadəcə, qurulacaq. Şəhərdə xüsusi hasarlar tikilib, digər işlər görülüb. Sözsüz ki, Alonso-ya o qədər pulu heç kim verməyib. Bu, düzgün məlumat deyil. Amma ümumilikdə bu işlərə dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcək»,-deyə nazir qeyd edib.

Bundan əvvəl də xarici mətbuatda oxşar fikirlər əks olunub. Hətta qeyd edilib ki, Azərbaycan bu yarışlardan ötrü hər il təşkilat komitəsinə 50 milyon pul ödəyəcək. Azərbaycan rəsmilər onda da bu yazıları təkzib edib.

Azərbaycanda bu yarışlar dalbadal 5 il keçirilməlidir. Əks halda ölkəni 100 milyon dollara yaxın cərimə gözləyir.

Müxalifət partiyalar hesab edir ki, dövlətin pulları belə idman yarışlarına yox, iqtisadi islahatlara və əhalinin sosial problemlərinin həllinə xərclənməlidir.

XS
SM
MD
LG