Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:48

Fransızın məhkəmədəki sualı: 'Tərəflər arasındakı gərginliyə görə niyə mən cəzalanmalıyam?'


Bakıda metro vaqonunun üstünə boya ilə rəsm çəkildiyinə görə 4 aydan çoxdur həbsdə olan Fransa vətəndaşı Klerk Teo Hüqonun (Clerc Theo Hugo) məhkəməsi başlanıb.

Qraffiti rəssamı daha iki əcnəbi – avstraliyalı Han Pol (Han Paul) və Yeni Zelandiyadan olan De Sent Kventin İsmael (De Saint-Quentin İsmael) ilə birlikdə mühakimə olunur. Ancaq fransızdan fərqli olaraq, digər iki nəfər həbsdə deyil. Onların haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Metronun “Bakmil” stansiyasında – Depodakı qatarlardan birinin vaqonuna rəsm çəkməkdə suçlanan əcnəbilərə xuliqanlıq, qəsdən əmlakı zədələmə ilə bağlı ittihamlar verilib. Cinayət işində iddia edilir ki, vaqonun boyanması üzündən, “Bakı Metropoliteni”nə maddi ziyan dəyib, qatarların hərəkətinə ara verilib və nəticədə sərnişindaşımada sıxlıq yaranıb.

Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılır. Məhkəmədə Klerk Teo Hüqonun hökm çıxarılanadək ev dustaqlığına buraxılması barədə vəsatət qaldırılıb.

Maddi ziyan ödənilsə də...

Vəkili deyib ki, istintaqın müəyyənləşdirdiyi ziyanı artıqlamasıyla ödədiyindən, onu həbsdə saxlamadan da məhkəmə prosesini keçirmək olar.

Digər iki təqsirləndirilən şəxs haqqında isə başqa yerə getməməyə dair iltizam qətimkan tədbirinin ləğvi istənilib. Vəkil vurğulayıb ki, onların Azərbaycanda gəlir mənbəyi yoxdur, öz ölkələrindəki iş yerlərini də itiriblər. Bu üzdən, maddi baxımdan acınaqlı durumdadılar. Onlar ziyanı, üstəlik, 25 faizi qədər əlavə vəsait də ödəyiblər. Hakim bu vəsatətlərin heç birini təmin etməyib.

Təqsirləndirilən şəxslər bildiriblər ki, üç dost birlikdə Azərbaycana turist kimi səfərə çıxıblar. Metro vaqonunun üzərinə rəsm çəkərkən bunun cinayət sayılacağını və həbs olunacaqlarını ağıllarına da gətirməyiblər. Axı başqa ölkələrdə metroda qraffiti rəsmləri istifadəçilər üçün adi haldır və buna görə kimisə cinayət məsuliyyətinə cəlb etmirlər.

“Mən Fransanı təmsil etmirəm. Ölkələr arasında gərginlik yaranıbsa, buna görə niyə mən cəzalanmalıyam?”, - 38 yaşlı Klerk Teo Hüqonun sözləridir.

Bu iş üzrə məhkəmə prosesi sentyabrın 10-da davam edəcək.

Xatırlatma

Cinayət işində iddia olunur ki, adları çəkilən əcnəbi vətəndaşlar martın 30-da gecə saatlarında metro qatarlarının dayandığı depoya gizli daxil olaraq, vaqonu boyayıb və beləcə, “Bakı Metropoliteni”nə 4 min 850 manat ziyan vurublar.

Onlara verilən maddələrdə 7 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG