Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:41

Fuad Qəhrəmanlı: “Bu maşın əzə-əzə gəlir”


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

►AXCP sədrinin müavini ev dustaqlığına buraxılmadı

"Bizim məntiqimiz, arqumentimiz və biliyimiz qarşısında siz tab gətirə bilmirsiz. Ona görə də bizi həbs edirsiz. Amma bunun ömrünə çox qalmayıb..."

Bunu AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində çıxışında bildirib.

Məhkəmədə hakim Babək Pənahovun sədrliyilə Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Qapalı keçirilən məhkəmə iclasının sonunda vəsatət təmin olunmayıb.

Fuad Qəhrəmanlının vəkili Nemət Kərimli AzadlıqRadiosuna açıqlamasında məhkəmənin qərarının qanunsuz və əsassız olduğunu bildirib:

"Vəsatətin təmin olunmaması üçün heç bir əsas yox idi. Əslində, bu cür nəticə bizim üçün gözlənilməz deyildi. Azərbaycanda ədalət mühakiməsi köhnə ampluasındadır. Əgər vəsatətimiz təmin olunsaydı, bu, Azərbaycanda son dövrlərdə baş verən hüquqa uyğun nadir hadisələrdən olardı".

Buna da bax: Polisin vətəndaşı xırda pozuntuya görə həbs etmək səlahiyyəti alınır

DƏMİR BARMAQLIQLAR ARXASINDAN...

Nemət Kərimli
Nemət Kərimli

Nemət Kərimli qeyd edib ki, qərardan apellyasiya şikayəti veriləcək:

"Doğrusu, apellyasiya məhkəməsinin də ədalətli qərar verəcəyinə inanmırıq. Sadəcə, məqsədimiz lazımi instansiyaları keçib bu işi Avropa Məhkəməsinə çıxarmaqdır".

Müdafiəçi Nemət Kərimli müvəkkilinin dəmir barmaqlıqlar arxasından çıxarılıb vəkillərilə yanaşı əyləşməsi barədə vəsatət qaldıranda Fuad Qəhrəmanlı buna etiraz edib. O bildirib ki, buna ehtiyac yoxdur, çünki dəmir barmaqlıqlar arxasından Azərbaycan reallığı daha aydın görünür.

“ÇOX QALMAYIB”

Yalçın İmanov
Yalçın İmanov

Digər vəkil Yalçın İmanov bildirib ki, məhkəmə iclasında Fuad Qəhrəmanlı da çıxış edib. O, həbsini ölkədə davam repressiyaların tərkib hissəsi kimi qiymətləndirib:

"Bu, böyük bir repressiya maşınıdır və bu maşın əzə-əzə gəlir. Hakimlər də bu maşının vintcikləridir. Prokuror burada inkvizisiyanı təmsil edir, onun qanuna heç bir aidiyyəti yoxdur. Amma çox qalmayıb, bu gün mühakimə edənlər sabah özləri mühakimə olunacaq".

Fuad Qəhrəmanlı çıxışının sonunda haqq-ədalət uğrunda mübarizənin nəticə verəcəyinə inamını bildirib.

Xatırladaq ki, Fuad Qəhrəmanlı "Facebook" səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG