Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:41

Fuad Poladov: 'Mən öləndən sonra...'


Fuad Poladov
Fuad Poladov

Xalq artisti Fuad Poladovun çap olunmayan son iki müsahibəsi AzadlıqRadiosunda

Fuad Poladovun xəstə olduğunu eşidəndə uzun müddət ona zəng vurmağa tərəddüd etdim. Onunla – pauzalar ustası ilə uzaq 1990-cı illərin sonunda, 50 yaşı tamam olanda görüşüb müsahibə almışdım. Sənətdən danışmışdıq. İndi bir az səngiyən, o zaman dillərə dastan şəxsi həyatı ilə bağlı suallara aman verməmişdi.

İkinci dəfə 2011-ci ilin sentyabrında məşqdə fürsət tapıb ayaqüstü müsahibə hazırlamışdım. O zaman həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə bağlı suala «o gəncəli oğlanı deyirsiniz» söyləyərək çoxmənalı təbəssümlə cavab vermişdi. Amma razılaşmışdıq ki, sonra görüşüb daha ətraflı danışaq. Sonrası olmadı...

Növbəti dəfə telefonla danışdıq. Aktyor Hikmət Rəhimova görə teatrdan gedəndə. Bundan sonra teatrda qalmağın əhəmiyyətsiz olduğunu söylədi: «Mən sıravi aktyoram. Mən tək orda neyləyə bilərəm, yəni nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, «bespoleznı» işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər».

Beş ay sonra ad günü münasibətilə zəng vuranda səsinin əsəbdən iflic olduğunu, danışa bilməyəcəyini söylədi... Ötən ilin payızındasa xərçəng xəbəri gəldi. Bir neçə günlük tərəddüddən sonra zəng vurdum. Halını soruşdum. «Hələ ki bir irəliləyiş yoxdur. Kimyaterapiya qəbul edirəm. Görək nə olur», – deyə cavab verdi. Onda nisbətən gümrah idi, zarafat edirdi. Özü demiş «şələ-küləsini hazırlasa» da, narahatlığını bölüşsə də... İnamını itirmirdi.

Fuad Poladov: 'Mən öləndən sonra...
Gözlə

No media source currently available

0:00 0:07:41 0:00
Direct-ə keçid

- Nə əcəb xaricdə müalicəni davam etdirmirsiniz?

- Mənə elə gəlir ki, buna ehtiyac yoxdur. Bizim burda yaxşı həkimlərimiz var. Mən o barədə bir az patriot insanam. Çalışıram ki, hər şeyi öz vətənimizdə etsinlər.

- Bəs dövlət qurumlarının sizə yardım etmək istəyi olub?

- Belə şey olmayıb. Ona ehtiyac da yoxdur. Mən burda onkologiya xəstəxanasında kimyaterapiya qəbul edirəm. Onlar məni pulsuz müalicə edirlər.

- Fuad müəllim, yormuram sizi?

- Yox, buyurun.

- Səhnə üçün darıxmırsınız? Yoxsa, xəstəlik buna macal vermir?

- İnanın ki, bəzən halım elə olur ki... Xəstəlik ağır olduğu üçün çox işlər yadıma düşmür. Ancaq onunla əlləşirəm, onunla mübarizə aparıram.

- Bir nəfər sosial şəbəkədə yazmışdı ki, Fuad Poladov xərçəngi çoxdan, bəlkə də 30 ildir axtarırdı, bu, ona doğma xəstəlikdir.

- O, düzgün fikir deyil. Xəstəliyi axtarmırlar. Xəstəlik özü gəlib səni tapır.

Fuad Poladov "Azdrama"dan belə ayrıldı
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

- Çox mərd qarşıladınız xəstəliyi. Adam var həmin xəstəliyin adını belə tələffüz etmək istəmir. Amma siz özünüz mətbuata demişdiniz: «Bəli, mən xərçəngəm».

- Nəyə görə, deyim. Mənə belə gəlir ki, bu, başqa xəstəliklərdən dəhşətli deyil. Sadəcə olaraq, ölümlə bir az üz-üzə, göz-gözə dayanırsan. Vaxt uzanırsa, o, səni ölümə hazırlayır. O, daha yaxşıdır, nəinki birdən, qəfildən hansısa infarktdan, beyin qansızmasından ölmək və evdəkiləri də pis vəziyyətdə qoymaq. İndi hamı gözləyir ki, o haçan ya sağalacaq, ya da öləcək? (Gülür) Yəni insanı ikitərəfli hazırlayır, elə insanın özünü də, başqalarını da.

- Gözləmək ağır prosesdir.

- Neyləyəsən. Mən bundan pis hallarda olmuşam. Bundan pis gözləmələrim olub. Yəni bunu da gözləyərik, buna da dözərik. Ya o yanlıq olacaq, ya da bu yanlıq. Bu yanlıq bir az çətin məsələdir. Amma o yanlıq bir az uzandıqca alışırsan çox şeylərə. Çox şeyə başqa cür yanaşırsan, başqa cür baxırsan. Bunun bu tərəfi də var... (Araya pauza çökür. Bir neçə saniyə sonra dillənir) Buyurun.

- Yəni artıq özünüz hər şeyə hazırlamısınız?

- Mən artıq iyun, iyul, avqust, sentyabr... Dörd aydır. Buna hazırlıq prosesi gedir. Xeylaq var da. Həəəə. Ona görə... Bir az hazırlıqlıyam, hər şeyə.

- Bu durumda yəqin ən çətini yaxınları, doğmaları buna hazırlamaqdır, onların gözünün içinə baxmaqdır.

- Ay sağ ol, hə. Mən onların gözünə baxmaqla... Büruzə vermirəm ki, mən həyatdan əlimi üzürəm. Onu heç vaxt büruzə vermirəm, heç kimin yanında... Amma daxilən özüm hazırlaşıram ona. Amma bir kəsə, nə evdəkilərə, nə də xəstəxanada həkimlərə bunu büruzə verərəm ki, mən nədənsə əziyyət çəkirəm.

- Amma yaxşı olacağınıza ümidiniz qalırmı? Düzdür, dediniz ki, bu yanlıq olmaq çətindir.

- Əlbəttə, inam var, əlbəttə var. Amma paralel gedir, yəni bu da ola bilər. Ola bilər. Amma inamım var. Bayaq dediyim kimi duaları telefon zənglərindən, saytlardan eşidirəm, görürəm. Mənə belə gəlir ki, o dualar mənə ömür olacaq. Bir dəfə tanımadığım, mömin bir insan məni yolda saxlayıb bir söz demişdi. Bu çoxdan olub, bəlkə 15 il qabaq. Dedi: «Mən mömin insanam. Hər gün Allaha dua edirəm və o dualarımın içində sizin də adınızı çəkirəm. Allah sizi nə səhhətdən, nə sərvətdən kiməsə möhtac etsin». Mən onda sap-sağlam idim. O kişinin sözləri son zamanlar qulağımda tez-tez səslənir. Onun da dualarının, yəqin, köməyi var mənə. Hə... Yəqin ki...

- Xəstəxanada darıxmırsınız? Yoxsa gələn-gedən çoxdur deyə darıxmağa vaxt olmur?

- Heç kimi yanıma gəlməyə qoymuram, əvvəla. Həm də həmişə xəstəxanada olmuram. Xəstəxanaya kimya qəbul edəndə gedirəm. Qalan vaxt evdəyəm. Doğmalarımın yanında.

- Niyə yanınıza kiminsə gəlməsini qoymursunuz? Dəyişmisiniz, sizi elə görmələrini istəmirsiniz?

- Hə, hə, hə. Əsas ona görə.

- İstəyirsiniz sizi sevənlərin yadında əvvəlki Fuad Poladov kimi qalasınız?

- Hə, əlbəttə.

- Sağaldınız və durdunuz ayağa. Səhnəyə qayıdacaqsınız, ya başqa planlarınız var? Gerçəkləşdirmək istədiyiniz bir arzunuz var bəlkə?

- Bir il qalmışdı ki, səhnədə olmağımın 50 illiyini qeyd edim. Və səhnə fəaliyyətimi bununla yekunlaşdırım. İki arzum vardı, bir Şekspirin «Kral Lir»ini oynamaq, bir də Çexovun «Altıncı palata»sını. Birini Rus Dram Teatrında, birini də Azərbaycan dilində hansısa bir teatrda. Sadəcə olaraq, buna bir az vaxt çatmadı. Yoxsa gələn il səhnədə olmağımın 50 illiyidir... (pauza) Bunları oynayıb səhnəylə vidalaşmaq istəyirdim. Belə bir planım vardı xəstəlikdən qabaq.

- Bu sual absurd səslənə bilər. Amma yenə də verəcəm. Səsiniz, ya səhhətiniz önəmlidir? Belə bir seçim olsaydı, hansını seçərdiniz: səsiniz qayıtsın, amma müqabilində qısa bir ömür yaşayırsınız, səhnəyə çıxırsınız, ya da uzun, sağlam ömrü?

- Səsim yerinə qayıtsın?! Yox, indi mənə ömür lazımdır. Mənim nəvəm var. İki yaşını dünən yox, srağagün qeyd etmişəm. Mənim arzularımdan biri də onun əlindən tutub məktəbə aparmaq idi. Bu, həm də qızımın arzularından biri idi. Əlbəttə, onu seçərdim ki, bir az ömrüm uzansın.

- Onda sizə uzun ömür arzulayaraq söhbəti bitirim.

- Çox sağ olun.

- Bir də, olarmı bu söhbəti yazaq?

- Öz aramızda qalmağı yaxşıdır. Mümkünsə. Mən ümumiyyətlə, xəstəliyimlə bağlı mətbuatda nəsə oxumağı xoşlamıram, eşitmək istəmirəm. O, mənə yaxşı təsir etmir. Elə bil ki, mənimlə xudafizləşirlər. Nə olub?..

İkinci söhbət

İkinci dəfə təxminən bir ay, ayyarım sonra danışdıq. Müalicəsində irəliləyiş olmadığını söylədi...

Ardı var

XS
SM
MD
LG