Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:45

Gəlirli filmlərin düsturunu tapıblar


«Xaç atası» filmi
«Xaç atası» filmi

Bir qrup britaniyalı alim filmlərin kassa uğurunun, gəlirliliyinin düsturunu kəşf etdiyini açıqlayıb.

Tədqiqatçılar 6 min 147 film ssenarisi haqda məlumatı təhlil edərək onu silsilə alqoritmlərdən keçirdikdən sonra ən çox gəlir gətirən emosional qövsü aşkarlayıblar. Alimlər onu «dəlikdəki adam» qövsü adlandırıblar.

Britaniyanın Birminhem Universitetinin davranış iqtisadiyyatı və verilənlər elmi üzrə professoru Qanna Poqrebna deyir ki, bu yeni tapıntı həm film prodüserləri, həm də auditoriyalar üçün həlledici dəyişiklik ola bilər. Professor Poqrebna tədqiqat qrupunun rəhbəridir.

«Bilirik ki, film istehsalı haqda danışdığımız zaman tamaşaçıların əvəzinə bütün qərarları verən kiçik bir qrupdur. Bizsə əslində, tamaşaçıları dinləyərək onların nə istədiyini anlamağa çalışmışıq», – tədqiqat qrupunun rəhbəri deyir.

Alimlər filmləri altı emosional profil üzrə kateqoriyalaşdırıblar.

Kateqoriyalar

Miskinlikdən xoşbəxtliyə - davamlı emosional yüksəliş. Bura «Şouşenkdən qaçış» (The Shawshank Redemption) kimi filmlər daxildir;

Xoşbəxtlikdən miskinliyə - davamlı emosional çöküş (məsələn, «Psixo» (Psycho));

Dəlikdəki adam - eniş, ardınca yüksəliş («Xaç atası» (The Godfather));

İkar – yüksəliş, ardınca eniş («Limanda» (On the Waterfront));

Sinderella – yüksəliş, sonra eniş, daha sonra yenidən yüksəliş («Beyb» (Babe));

Edip - eniş, ardınca yüksəliş, sonra yenidən eniş («Anam haqqında hər şey» (All About My Mother)).

Bundan sonra tədqiqatçılar 21 janr üzrə ən uğurlu klasterlərin xəritəsini tərtib ediblər.

Aparılan təhlilin nəticələrinə görə, sevincli-qəmgin-sevincli trayektoriyasına malik «dəlikdəki adam» kateqoriyasından olan filmlər maliyyə baxımından ən uğurludur. Belə filmlərin istehsalı orta hesabla 40.5 milyon dollara başa gəldiyi halda, gətirdikləri gəlir orta hesabla 54.9 milyon dollardır.

Bioqrafik filmlərin arasında əvvəli qəmgin, sonluğu xoşbəxt filmlər gəlirlilik baxımından birinci olub. Ancaq bu janr detektiv və triller janrında çəkilmiş filmlərdən qat-qat geri qalıb. Komediya filmlərinə gəlincə, əvvəli şən, sonluğu daha qəmgin filmlər siyahıda ən sonuncu yeri tutub.

Tədqiqatçılar «dəlikdəki adam» kateqoriyasından olan filmlərin tamaşaçılar tərəfindən ən çox sevilən filmlər olmadığını aşkarlayıblar. Ancaq digər tərəfdən, bu, tamaşaçıların ən çox müzakirə etdiyi filmlərdir.

Qəmgin sonluqlu filmlər nə vaxt uğurlu olur

Q.Poqrebnanın sözlərinə görə, tədqiqatın nəticələri çoxölçülüdür. Məsələn, əvvəli xoşbəxt, sonluğu qəmgin olan filmlər epik olarsa və nəhəng büdcə ilə başa gəldiyi halda uğurlu olur. Belə filmlərə Kristofer Nolanın «Betmen» seriyasından filmlərini misal göstərmək olar. Aşağı büdcəli filmlər arasında isə «İkar» kateqoriyasından filmlər ən uğurludur. «Edip» kateqoriyalı filmlərsə mükafatlara layiq görülmək baxımından o qədər də uğurlu olmur.

Poqrebna vurğulayıb ki, tədqiqatçılar qrupu yalnız «dəlikdəki adam» tipli filmlərin çəkilməli olduğunu iddia etmir. «Biz film sənayesini öldürməyə çalışmırıq. Nəyin uğurlu olduğunu müəyyənləşdirməyə çalışırıq», – o deyib.

Tədqiqatçılar araşdırma üçün gərəkən məlumatları bir sıra açıq mənbələrdən götürüblər. Ssenarilər opensubtitles.org, filmlərin gətirdiyi gəlirlər haqda məlumat the-numbers.com, auditoriyanın məmnuniyyətinə dair məlumat isə IMDb saytlarından götürülüb.

Poqrebna bu elmi araşdırmanın kino şirkətlərinə daha kreativ olmaqda yardım göstərəcəyinə ümid edir. Kino şirkətləri hansı məhsulların kommersiya baxımından daha uğurlu olduğunu biləndə portfellərini genişləndirə, daha çox eksperimental filmlər çəkə bilərlər.

«Bu məsələdə məhdudlaşdırıcı bir şey görmürəm. Bu, şirkətlərə daha yaradıcı olmağa kömək edə bilər», – tədqiqat qrupunun rəhbəri deyib.

XS
SM
MD
LG