Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:30

Avronestin rəhbəri: "Milli Məclis səhv başa düşüb"


Heidi Hautala
Heidi Hautala

►Bu, müsəlman ölkəsinə xristian motivli hücum deyil.

Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautala AzadlıqRadiosunun bu və başqa suallarını cavablandırıb.

“SƏHV ANLAYIBLAR”

- Xanım Hautala, Milli Məclis Avropa Parlamentinin tənqidi qətnaməsini qəbul etmir. Avronestdə fəaliyyətini dayandırır. Növbəti addımınız nə olacaq?

- Əvvəlcə bir məqama diqqəti çəkmək istəyirəm. Milli Məclisin Avropa Parlamentinin qətnaməsinə cavab məktubunu oxuyanda heyrətləndim. Məncə, Azərbaycan üçün çox vacib bir məsələ yanlış anlaşılıb. Ümid edirəm ki, bizi doğru anlayacaqlar. Məktubda deyilirdi ki, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini tamamilə gözardı edib. Bu, doğru deyil. Əslində Avropa Parlamenti Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il qərarına əsaslanır. Parlamentdə Azərbaycana simpatiyası olan qruplar var. Məsələn, Mən “Yaşıllar Partiyası”ından gəlirəm və bu partiya Dağlıq Qarabağla bağlı həmişə Azərbaycanla həmrəylik nümayiş etdirib və biz bu məsələni davamlı şəkildə erməni həmkarlarımız qarşısında qaldırırıq. Ümid edirik ki, tezliklə işğal sülhlə əvəzlənəcək. Avropa Parlamenti Dağlıq Qarabağın işğalını inkar etmir. Seçkidən sonra Avronest heyəti Bakıya getmək və müzakirələri davam etdirmək istəyir. Dərindən məyusam ki, Milli Məclis Avronesti tərk etmək qərarına gəlib. Bu cür platformanı tərk etmək Azərbaycan xalqının marağında deyil.

Buna da bax: Vergi borclarını zorla yığacaqlar - Yeni idarə yaradıldı

SANKSİYA SÖHBƏTİ REALDIRMI?

- Azərbaycan hökumətinin əksər tənqidçiləri hesab edirlər ki, Avropa Parlamentinin qətnaməsi çox ciddi tənqidi sənəddir və növbəti gözlənti budur ki, hökumət əməkdaşlığa getməsə, rəsmilərə səyahət qadağası qoyula bilər, hətta Avropa Birliyi iqtisadi sanksiyaları nəzərdən keçirə bilər. Sizcə, bu gözləntilərin əsası varmı?

- Qətnamənin müzakirəsi vaxtı mən Belarusdakı vəziyyəti önə çəkdim. Bu ölkədə artıq siyasi məhbus qalmadığı halda üzərində sanksiyalar qalmaqdadır. Bəzi ölkələr də var ki, burda siyasi məhbuslar var, amma sanksiya tətbiq olunmur. Əbəttə ki, sanksiya və viza qadağası Avropa Birliyi liderlərinin verə biləcəyi qərardır. Mənim deyəcəyim odur ki, bizdə ikili standartlar tətbiq olunur və ölkələrlə davranış siyasəti sistematik deyil. Ümumilikdə isə Azərbaycanla bağlı belə məhdudiyyətlərin qoyulmasının gündəmə gəlməsi göstərir ki, ölkədə vəziyyət çox kəskinləşib. Məncə, beynəlxalq sistemdə ölkələrə təsir imkanları zəifdir. Hal-hazırda belə məhdudiyyətlərin qoyulub-qoyulmayacağını demək tezdir. Ümid edirəm ki, ölkədə insan haqlarının durumu tezliklə yaxşılaşacaq və bunu etməyə ehtiyac qalmayacaq. Bunlar təkcə mənim fikirlərim deyil, Avropa Parlamentində çoxluq mənim fikrimi paylaşır.

- Azərbaycanda sivil cəmiyyətin üzvləri deyirlər ki, Avropa yalnız kağız üzərində çağırışlar etməklə insan haqları dəyərlərini enerji və strateji maraqlarına qurban verir. Real siyasət budur ki, neft axır, qaz axır...

- Bu məqam qətnamədə öz əksini tapıb. Biz bildirmək istəyirik ki, strateji enerji tərəfdaşlığı o vaxt mümkün ola bilər ki, biz eyni dəyərləri paylaşmış olaq. Mən demirəm ki, Avropa Birliyində insan haqları pozulmur. Amma bunu müzakirə etməyə hazırıq. Hal hazırda Avropa ölkə ilə enerji əməkdaşlığı etmək istəyir, amma həm də başa düşür ki, insan haqlarının vəziyyəti yaxşı deyil. Bu, sağlam situasiya deyil. Odur ki, Avropa Parlamentinin qətnaməsi indiki halda vacib idi - ortaq dəyərlər olmadan iqtisadi əməkdaşlıq olmasın.

- Bəs Avropa Parlamentinin üzvləri Avropa liderləri ilə bu məqamları üzbəüz müzakirə edirlərmi?

- Azərbaycanın çoxlu enerji resusrları var və bu, Avropa üçün vacibdir. Amma indiki situasiyada iqtisadi bağların dərinləşməsi mümkünsüzdür. Gərək bu məsələyə baxaq. Bilirsiz ki, Avropa Birliyi yalnız Avropa Parlamentindən ibarət deyil. Amma bu qurum Avropa Birliyinin xarici siyasətində rəy formalaşdıran mühüm təsisatdır. Avropa Komissiyasının rəsmi münasibətlərində Avropa Parlamentinin rəyinin nəzərə alınmayacağı gözlənilmir. Bu narahatlıq yalnız Avropa Parlamentinə aid deyil. Ümid edirəm ki,Azərbaycan öz mövqeyini nəzərdən keçirəcək və biz öz əməkdaşlığımızı davam etdirəcəyik.

Buna da bax: Ermənistan: Martirosyan oğurluq ittihamı ilə axtarışa verilib

SHULTZ QADAĞA QOYUBMU?

- Milli Məclisdə bildirilib ki, bu qətnamə erməni lobbisinin təsiri altında qəbul olunub…

- Bu, doğru deyil. Sizi inandırıram ki, bu, hazırda bəzi siyasi məhbusların çox riskli durumu ilə bağlı çox təbii narahatlığın ifadəsidir. Xədicə İsmayılovanı, səhhəti təhlükəli durumda olan Leyla Yunus və onun ərini həbsdə görmək çox çətindir. Avropa Parlamenti hökuməti inandırmaq istəyir ki, bu adamları həbsdə saxlamağın mənası yoxdur.

- Milli Məclis üzvlərindən biri bildirib ki, Avropa Parlamentinin sədri Martin Schultz deputatlara tapşırıb ki, Avropa Oyunları vaxtı Bakıya getməsinlər. Sizə belə bir tapşırıq verilmişdimi?

- Xeyr. Bizimlə bağlı çoxlu şayiələr, əsassız ittihamlar var. Biz Azərbaycanın dünyəvi simasını yüksək qiymətləndiririk və heç bir qısqanclığımız yoxdur. Bu, müsəlman ölkəsinə xristian motivli hücum deyil. İnanın mənə, qətiyyən belə deyil. Əgər beynəlxalq öhdəliklərin yerinə yetirilməsi barədə razılıq əldə edilməsə, Avropa Parlamenti üçün strateji əməkdaşlığın müzakirəsi qəbul olunmaz olacaq. Ümid edirik ki, seçkidən sonra görüşüb müzakirə etməklə bağlı razılığa gələ biləcəyik.

XS
SM
MD
LG