Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

Sərnişin daşıyan sahibkarın başına gələn 'filmlər'...


Sahibkar Adil Nəcəfov
Sahibkar Adil Nəcəfov

«Dedi, get, cərimə kimi 100 min manat gətir»

«2 milyon manatdan çox özlərinə vermişəm, 2 milyon da banka borclu idim, 1 milyon manatını ödədim, 1 milyon borc hələ də durur. Hər şeyimi satmışam – evlərimi, maşınlarımı... Ailəmlə kirayədə, ağır durumda yaşayıram».

Adil Nəcəfov bilsəydi ki, axırda «bir həsir, bir məmmədnəsir» qalacaq, özü demişkən, biznesmen olmaq arzusuna düşməzdi. İndi o, tamamilə müflisləşmiş, varı-yoxu əlindən çıxmış, acınacaqlı durumda yaşayan bir sahibkardır.

Buna da bax: "Bizdəki korrupsiya idarəçilik sistemidir"

«KREDİTLƏRİ BAĞLAMAQ LAZIM İDİ»

Adil Nəcəfov bir neçə il əvvəl sərnişindaşıma ilə məşğul olan «Uğurlu» MMC-ni yaradıb. Şirkətin həm təsisçisi, həm də direktoru olub. Sahibi olduğu Bakı və Bakıətrafı marşrut xətləri üzrə əvvəl mikroavtobuslar, daha sonra iritutumlu avtobuslar xidmət göstərib. Əhmədli - «Semaşko» xətti üzrə 2, Məhəmməd Hadi – Ulduz metrostansiyası üzrə 110, Hövsan-Neftçilər metrostansiyası üzrə 103 saylı marşrut xətləri Adil Nəcəfova məxsus olub.

Adil Nəcəfov bir neçə il əvvəl sərnişindaşıma ilə məşğul olan «Uğurlu» MMC-ni yaradıb. Şirkətin həm təsisçisi, həm də direktoru olub.

Əvvəllər özü demiş, işləri «yağ kimi» gedib. Ta ki, qurduğu işə əl qoyulmayana qədər... Baş-qulağı dinc, qanuni xidmət göstərib, vaxtında vergisini ödəyib, evinə çörək aparıb:

«Mənim biznesimi «Bakı Sərnişin Nəqliyyat» MMC-nin şöbə rəisləri çökdürdü. 2010-cu ildə MMC-nin şöbə rəisi Yunis Abdullayev və Elxan adlı köməkçisi bildirdilər ki, mikroavtobusların fəaliyyəti dayandırılır. Ya Nəqliyyat Nazirliyinin xətti ilə ölkəyə gətirilmiş avtobusları almalıyam, ya da sərnişin daşımaqdan əl çəkib, gedib başqa işlə məşğul olmalıyam. Bu işi qurmağa banklardan götürdüyüm kreditlər qarşımı kəsdi. Pul qazanıb kreditləri bağlamaq lazım idi. Yoxsa heç vaxt qarşıma qoyulmuş bu şərtlə razılaşmazdım. Məcburiyyət qarşısında 3 ədəd iritutumlu, 11 ədəd orta tutumlu avtobus aldım. Mən kreditlərimi azaltmaq arzusundaykən, məbləğ vurub 1 milyon manatı ötdü. Avtobusları alandan sonra qara günlər başladı. Dedilər, xəttə buraxmaqdan ötrü hər avtobusa görə 4 min manat ödəməliyəm. 52 min manat belə getdi. Sonra mənə hər avtobusa görə ayda 350 manat, üstəgəl 90 manat dispetçer xidməti haqqı tələbi qoyuldu. Hər ay 2 min manat isə marşrut xəttini «Koroğlu» metrosundan «Ulduz» metrosuna qədər uzatdığıma görə ödəməyə başladım».

Buna da bax: Sahibkar: “25 qəpiyə çörək satmaq istəyirəm, qoymurlar”

15 MİN MANAT «NAZİRLİYİN İŞÇİLƏRİNƏ ÇATACAQ»

«Mənim biznesimi «Bakı Sərnişin Nəqliyyat» MMC-nin şöbə rəisləri çökdürdü...»

Sahibkarın «qara ödənişləri» bununla bitmir. Deməsinə görə, «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin şöbə rəisi hər ay ondan voleybol və futbol klublarının inkişafına töhfə bəhanəsi ilə hər kluba görə 200 manat alıb. MMC-nin Nəzarət Şöbəsinə 700, ayrı-ayrı işçilərə müxtəlif adlarla 50, 70, 100, «Nəqliyyat Nazirliyinin işçilərinə çatacaq» adıyla 15 min manat aylıq ödənişlər verib. Deyir, girdiyi bataqlıqdan daha çıxa bilməyib. Pul verməkdən imtina edəndə ona «üstünə xətt buraxmaqla», istədikləri vaxt marşrut xətlərini əlimdən alıb başqasına satmaqla hədələyiblər. O isə kreditləri qaytarıb bu bataqlıqdan çıxacağı gün üçün çalışıb.

Sahibkar bu minvalla davam edib. 2012-ci ilin fevralında yenə idarəyə dəvət olunub. Bu dəfə ona təklif olunub ki, qarşıdan gələn «Eurovision» mahnı yarışmasıyla əlaqədar 11 ədəd ortatutumlu avtobusun fəaliyyətini dayandırsın. Əvəzində ölkəyə yeni gətirilmiş MP 37 SAZ markalı avtobuslar alsın. Əks halda, 11 ədəd orta tutumlu avtobus xəttə buraxılmayacaq:

«Şöbə rəisindən 11 ədəd avtobusun işləmədiyinə görə banka təqdim etməyə rəsmi sənəd istədim. Məni otaqdan qovdu. Təklifləri ilə razılaşmaqdan başqa yol görünmürdü. Avtobus almağa gedəndə gördüm ki, mənim kimi sıxışdırdıqları sahibkarlar məndən əvvəl gəlib alıb aparıblar. Cəmi 2 ədəd avtobus qalmışdı, onları aldım. Səhəri gün Elxan zəng vurdu, dedi ki, «Yunis səni çağırır». İdarəyə gəldim, Yunis əsəbi şəkildə məndən nəyə görə cəmi 2 avtobus aldığımı soruşdu. Bildirdim ki, elə ikisi qalmışdı. Dedi, «sənə 24 saat vaxt verirəm, ya get cərimə kimi 100 min manat gətir, ya da marşrut xəttini bağlayıram». Yalvardım ki, «ayağımda milyondan çox kredit var, dininiz, imanınız olsun». Barmağını saatının şüşəsinə vurdu, dedi, «vaxt getdi». Sabahı gün məbləği düzəldib yanına gəldim, pulu ona verdim».

Buna da bax: 'Heydər Əliyev Fonduna pul köçürmədiyimə görə incidilirəm'

«48 MİN MANATI VERDİM»

«Bakı Sərnişin Nəqliyyatı» MMC-nin şöbə rəisi hər ay sahibkardan voleybol və futbol klublarının inkişafına töhfə bəhanəsi ilə hər kluba görə 200 manat alıb.

Ancaq sahibkarı qarşıda hələ növbəti «sürprizlər» gözləyirmiş. İritutumlu avtobusları almasından 1 ay 15 gün keçmiş, ona ölkəyə gətirilən növbəti avtobuslardan almaq təklifi gəlib. Sahibkar deyir, «tüstüm başımdan çıxdı»:

«Elxan zəng vurdu, dedi, «get, al». Əks halda, marşrut xətlərin əlindən alınacaq». 2012-ci il mayın 1-də əlavə 10 ədəd avtobus aldım. Avtobusların xəttə çıxmasına görə Elxana məndən tələb etdiyi 48 min manatı verdim. Xeyir-dua verib dedi ki, «get, işlə». Elə həmin günün axşamı nəzarət şöbəsinin Yavər adlı rəisi zəng vurdu, dedi ki, «sənin xəttinin üstünə 11 nömrəli marşrut buraxırıq». Etiraz etdim, bildirdim ki, “bu qədər pul tökmüşəm, ümumilikdə 28 yeni avtobus almışam, kreditimin məbləği 2 milyon manatı ötüb, ondan da çox özünüzə rüşvət vermişəm, mənim xəttimə başqa avtobuslar buraxılsa, qazancım olmayacaq, bu qədər borcun altından necə çıxacam?”»

Bundan sonra sahibkar «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin əməkdaşlarının bütün aylıq ödənişlərini kəsib. Əvəzində iki marşrut xətti üzrə hərəkət edən bütün avtobusları hər gün yollardan yığışdırılaraq cərimə meydançalarına aparılıb. Cərimələr tətbiq olunub. Üstəlik, sürücülər incidilib. Nəticə ürəkaçan olmayıb. Sonucda, sahibkara məxsus marşrut xətti əlindən alınaraq başqasına satılıb.

Buna da bax: «Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib»

Sonucda, sahibkara məxsus marşrut xətti əlindən alınaraq başqasına satılıb.

«BAŞDAN-AYAĞA YALANDIR»

Yunis Abdullayev bu il vəzifəsindən uzaqlaşdırılıb. Mobil telefonuna zəng çatmır. Keçmiş köməkçisi Elxan Hüseynov isə sahibkarın dediklərini yalanlayır:

– Nə istəyir deyir, dedikləri də başdan ayağa şər, böhtandır.

– Sahibkarın rüşvətlə, özbaşınalıqla bağlı səsləndirdiyi ittihamlarında sizin də adınızı çəkir...

– Çox söz deyir. Araşdırma gedir, nə lazımdırsa, gedib orda deyərəm. O adam başdan ayağa şər, xatadır.

– Sahibkara məcburi avtobus aldırmanızla bağlı deyilənlər, alınan rüşvətlərlə bağlı dedikləri...

– Hamısı yalandır, xanım.

– Sizcə, sahibkar bir quruma niyə yalandan şikayət ərizəsi yazsın ki?

– Araşdırılır orda, xanım, hamısı araşdırılır.

– Dediklərinizə başqa əlavəniz varmı?

– Yox, yox. Lazım olsa, gedib araşdırma aparan yerə danışaram.

Sahibkar 4 aydır ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. İdarədən AzadlıqRadiosuna bildirilib ki, Adil Nəcəfovun keçmiş «Bakı sərnişin Nəqliyyatı» MMC-nin rəhbərliyindən yazdığı ərizə idarədə araşdırılır. Qurumdan əlavə məlumat verilməyib.

XS
SM
MD
LG