Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

Goranboyda yeni xəstəxana tikiləcək


Yeni xəstəxana. Foto arxiv
Yeni xəstəxana. Foto arxiv

Prezident İlham Əliyevin hələ ötən il tikintisinə vəsait ayırdığı səhiyyə ocağını inşa edəcək şirkəti Səhiyyə Nazirliyi təzəlikcə müəyyənləşdirib. Bu, qurumun köhnə tərəfdaşı – «Palma İnşaat» MMC-dir.

Nazirlik elan edib ki, sentyabrın 25-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi məqsədilə «Palma İnşaat» MMC ilə 9 milyon 554.7 min manat dəyərində müqavilə bağlayıb. Bu, tikinti işləri və xəstəxananın avadanlıqla təchizatına tələb olunan heç də tam vəsait deyil. Bu ilin iyulunda Səhiyyə Nazirliyi podratçı axtarışına çıxarkən, tenderin görüləcək işlərin birinci mərhələsinə aid olduğunu bəyan etmişdi. Tenderdə iştirak tələblərindən biri isə iddiaçının son 3 ildə tikinti sahəsində 20 milyon manatdan az olmayan maliyyə dövriyyəsinə malik olması idi.

2011-Cİ İLDƏN BAŞLANAN ƏMƏKDAŞLIQ

Qalib «Palma İnşaat» MMC 2003-cü ildə yaradılıb. Onun barəsində geniş ictimaiyyətə 2011-2016-cı illərdə tikinti və təmir işləri üzrə Səhiyyə Nazirliyi ilə bağladığı ümumi dəyəri 16.5 milyon manat olan 9 müqavilədən başqa heç nə bəlli deyil. Tərəflərin əvvəlki illərdə əməkdaşlıq etmələri barədə dəqiq bilgi yoxdur, çünki dövlət satınalmaları haqda məlumatlar 2010-cu ildən təqdim olunur.

«Palma İnşaat» şirkətinin internet səhifəsi olmadığından başqa hansı özəl və dövlət əhəmiyyətli layihələrin icrasına qatıldığını müəyyən etmək olmadı.

BƏS XƏSTƏXANA NƏ VAXT HAZIR OLACAQ?

Səhiyyə Nazirliyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə podratçının seçiminin ləngiməsi haqda AzadlıqRadiosunun suallarına cavab verməyib. Bu səbəbdən qurumun mətbuat xidmətinə ünvanlanmış digər suallar (xəstəxananın smeta dəyəri, çarpayı sayı, istifadəyə veriləcəyi tarix) da cavabsız qalıb.

Goranboyda yeni xəstəxananın tikintisi məqsədilə 1 milyon manat məbləğində ilkin vəsait 2016-cı ilin mayında ayrılıb. Bu pulun 460 min 200 manatı həmin il geoloji-mühəndis işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarətinin aparılmasından ötrü «İBA Qrup» MMC-yə ödənilib.

Hökumət dövlət büdcəsi və SOCAR-ın vəsaitləri hesabına son illər yüzlərlə xəstəxana, poliklinika və diaqnostika mərkəzləri tikib və ya əsaslı təmir edib. Hazırda səhiyyə xidmətlərinin dövlətsizləşdirilməsi, pullu səhiyyəyə və icbari tibbi sığortaya keçid məqsədilə müəyyən addımlar atılmaqdadır.

XS
SM
MD
LG