Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:49

Azərbaycandan 'Green Card' udanların sayı 1260, Ermənistandan...


"Əvvəllər kartı qazananların bəzən 35-40 faizi ABŞ-a getmirdi"
"Əvvəllər kartı qazananların bəzən 35-40 faizi ABŞ-a getmirdi"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi oktyabrın 5-də 2024-cü il üçün "Müxtəliflik Vizası" Proqramının (Green Card) başlanmasını elan edib.

ABŞ-da daimi yaşamaq, təhsil almaq və çalışmaq hüququ qazandıran bu proqram hər il bütün dünyada həyata keçirilir. Bu il müraciətlərin son günü 8 noyabrdır.

1990-cı ildən bəri tətbiq olunan "Green Card" proqramının məqsədinin Amerika əhalisi arasında mədəniyyət müxtəlifliyini artırmaq olduğu açıqlanıb.

Proqrama qoşulmaq üçün heç bir ödəniş tələb olunmur, seçimin isə adi lotereya kimi təsadüfi qaydada aparıldığı bildirilir.

Lotereya proqramında iştirak üçün minimum tələblər isə 17 yaşdan yuxarı, orta məktəb təhsili olmaqdır.

"Pul tələb edən viza məsləhətçilərindən çəkinin"

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, qeydiyyat yalnız rəsmi dvprogram.state.gov saytı vasitəsi ilə aparılmalıdır.

Səfirlik müraciətə yanlış məlumatlar əlavə etməklə şansı artırmağı təklif edən viza məsləhətçilərindən çəkinməyi vacib sayır: "Yanlış məlumatlar sizin müraciətinizə imtina cavabına səbəb ola bilər. Mümkünsə, formanı özünüz doldurun. Əgər köməyə ehtiyacınız varsa, sizə kömək edən şəxsin həqiqi məlumatlarınızı daxil etdiyinə əmin olun. Həm də pul tələb edən viza məsləhətçilərindən çəkinin. Biz məsləhətçilər ilə işləmirik və onlar sizin seçilmək şansınızı artıra bilməzlər".

7 milyondan 120 min qalib

Sentyabrın sonunda "Green Card Office"in açıqladığı məlumatlara görə, bu proqram üzrə ABŞ-da yaşayıb işləmək üçün bütün dünyadan 7 milyon müraciət gəlib. Onlardan 120 min nəfər lotereya qalibləri olublar.

Azərbaycandan "Green Card" udanların sayı isə 1 min 260 nəfər təşkil edib. Müqayisə üçün, Rusiyadan lotereyanın qaliblərin sayı 5 min 505, Ermənistandan isə 3 min 525 nəfər olub.

ABŞ Dövlət Departamentinin saytında bildirilib ki, "Müxtəliflik Vizası" Proqramı üzrə 2021-ci ildə Azərbaycandan ümumilikdə onlayn müraciətlərin sayı 108 min 805 olub. Proqramın qaliblərin sayı üzrə son statistika isə 2018-ci ilə aiddir.

Azərbaycanda yaşayan "Green card" qaliblərinə viza…

Qaydalara görə, Azərbaycanda yaşayan "Green card" qalibləri üçün viza görüşləri Gürcüstandakı ABŞ səfirliyində təyin edilir.

2020 və 2021-ci pandemiya (koronavirus) illərində həmin qayda Azərbaycandan olan lotereya qalibləri üçün problemlər yaradıb.

2021-ci ilin avqustunda "Green Card" (Diversity Visa 2021) proqramına Azərbaycandan seçilmiş 1 min 439 nəfər "Turan" İnformasiya Agentliyinə də müraciət edib. Onlar məhz viza müsahibələrin Gürcüstanda keçirildiyinə görə çox mürəkkəb durumda olduqlarını bildirmişdilər. Demişdilər ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ilin sentyabrında başlanılmalı olan müsahibələr yeddi ay sonraya - mart-aprel aylarına çəkilib: "ABŞ səfirliyində bu proses olduqca ləng aparılır. Proses sentyabrda bitəcək. Sonuncu statistikaya əsasən, intervyu növbəsi gözləyən 1 min 419 keysdən bu vaxtadək yalnız 74 keysə dəvət göndərilib, onlardan isə da cəmi 51 keysə viza verilib".

ABŞ-ın Azərbaycandakı səfirliyi də məsələ ilə bağlı "Turan"a açıqlama verib. Bildirilib ki, pandemiya dövründə ABŞ səfirlikləri və konsulluqları əsas diqqəti xaricdəki ABŞ vətəndaşlarına xidmətlər göstərməyə, habelə təcili vizaların verilməsinə yönəldib.

"Azərbaycandan müraciət edən hər 100 nəfərdən 1-i qalib olur"

"Greencard Azerbaijan" şirkətindən isə "Turan"a bildirilib ki, 2022-ci ildə növbəti il üçün Azərbaycandan "Green card" müraciətlərinin sayı 80-90 min olub: "Azərbaycandan müraciət edən hər 100 nəfərdən təqribən biri qalib olur. Bu il ən cavan "Green card" qalibinin 17, ən yaşlının 64 yaşı var".

Qeyd olunub ki, əvvəlki illərdə müraciətlərin sayı artan xətt ilə gedirdisə, son üç ildə bu sahədə artım yoxdur: "Üç il öncə "Green card" müraciəti üçün pasport məlumatlarını təqdim etmək tələbi yarandı. Bunun nəticəsində Azərbaycan da daxil olmaqla, bütün dünya üzrə "Green card" müraciətləri aşağı düşdü. Belə görünür ki, müraciət edənlərdən heç də hər kəsin pasportu olmur və ya vaxtı bitmiş olur. Digər səbəb təxminən iki il öncə Azərbaycanda müharibənin baş verməsidir. Üçüncü səbəb pandemiyanın psixoloji təsiridir".

Bildirilir ki, əvvəllər kartı qazananların bəzən 35-40 faizi ABŞ-a getmirdi: "İndi bu göstərici 10-15 faizə enib".

XS
SM
MD
LG