Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:26

Gürcüstan müxalifəti öz içindəki çəkişmələri aradan qaldıra biləcəkmi


Gürcüstanda etirazçı
Gürcüstanda etirazçı

Gürcüstanda hakim “Gürcü arzusu” partiyası fərqli düşünənləri təqib etdiyindən, Qərbdən uzaqlaşma riski ilə üzləşir. Bu fonda müxalifət partiyaları bir məsələdə həmfikirdirlər: ölkədə demokratiyanı qoruyub saxlamaq üçün payızda keçiriləcək ümummilli seçkilərdə qalib gəlmək vacibdir. Ancaq onlar bunu necə edəcəkləri ilə bağlı ortaq fikrə gələ bilmirlər.

Yeni qanuna görə, parlament seçkilərində 5 faizlik minimumu keçə bilməyən partiyalar mandat almır. Bu üzdən, topladığı səslərin hədər getməsini istəməyən nisbətən kiçik müxalifət partiyaları güclərini birləşdirməyə məcbur qalır. Di gəl, vahid müxalifət cəbhəsi yaratmaq, yaxud seçkiyə daha kiçik partiya alyansları ilə qatılmaq barədə mübahisələr bitmir. Vahid müxalifət cəbhəsi yaradılarsa, ən iri partiya – keçmiş iqtidar partiyası - Birləşmiş Milli Hərəkat (ENM) dominant olacaq. AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın məqaləsində deyilir ki, bu mübahisələr bəzi kiçik partiyaların tərəfdaş axtarmaq istəyinə son qoyub.

Avropanın gələcəyinə dair referendum?

“Müxalifətdə o qədər bacarıqsız adamlar var ki. Etməli olduqları tək şey birləşməkdir, ancaq heç onu da bacarmırlar”, - Sergi Xetsuriani adlı seçici bu gileyini sosial mediada başqa bir hökumət tənqidçisiylə bölüşüb.

Gürcüstanın hökumətlə münasibətləri get-gedə kəskinləşən prezidenti Salome Zurabişvili də risklərin böyük olması fikri ilə razıdır. O, oktyabr seçkilərini ölkənin “Avropa gələcəyinə” dair referendum adlandırır.

Tbilisinin Qərb tərəfdaşları da bənzər fikirdədir. Vaşinqton bəyan edib ki, media və vətəndaş cəmiyyətini hədəf alan yeni “xarici agent” qanunu üzündən, etirazların yatırılması və Qərblə bağlı dezinformasiya və neqativ ritorika səbəbindən ikitərəfli münasibətlərə yenidən baxılır. Brüssel Gürcüstanın Avropa İttifaqına qəbulu prosesini “hələlik dayandırıb” və Tbilisiyə maliyyə yardımını da dondurub.

2017-ci il konstitusiyasında əksini tapan və təzəlikcə işə düşən yeni sistem durumu daha da ağırlaşdırır. Axı 5 faizdən az səs toplayan partiyalar parlamentə buraxıılmayacaq və onların səsləri digər partiyalar arasında paylaşdırılacaq.

Müxalifətin yaxşı strategiyası yoxdur?

“Mən [müxalifət liderlərinin] eqolarından bezmişəm və yorulmuşam”, - kimliyini açıqlamamaq şərtiylə danışan bir Qərb diplomatı AzadlıqRadiosuna belə gileylənib.

Diplomatın sözlərinə görə, müxalifət daxilində mümkün əməkdaşlıq hətta kiçik şəxsi mübahisələrə görə də pozulur:

“İndinin özündə müxalifətin çox yaxşı strategiyası olmalıydı, hələlik, onu görmürəm”.

Milyarder Bidzina İvanişvilinin 2012-ci ildə qurduğu “Gürcü arzusu” partiyası bu il dördüncü dəfə hakimiyyətə gəlməyə çalışacaq.

Müxalifət partiyaları və on minlərlə etirazçı hakim partiyanı ölkəni Rusiya və avtoritarizmə doğru sürükləməkdə günahlandırır və prezident Zurabişvilinin vetosuna baxmadan, “xarici agent qanununun” qəbul edilməsini buna sübut sayır.

Baş nazir İrakli Kobaxidze və digər partiya rəsmiləri hakim partiyanın xarici qüvvələr qarşısında dövlət suverenliyini qoruyub saxlaya biləcək tək qüvvə olduğunu iddia edirlər.

Tarixən rəy sorğuları 5-6 partiyadan ibarət müxalifətin toplam “Gürcü arzusu” qədər, yəni əhalinin ¼-i ilə 1/3-i arasında dəstəyi olduğunu göstərir. Müxalifət partiyalarının bir hissəsi 5 faizdən çox dəstək toplaya bilmir. Bu da onların parlamentə düşməyəcəyindən xəbər verir və “Gürcü arzusu”nun qələbəsinə xidmət edir.

Bəzi müxalifətçilər iddia edirlər ki, bu cür nəticənin qarşısını almağın ən sadə yolu bütün partiyaların seçkiyə vahid siyahı ilə getməsi, seçki bülletenində vahid qüvvə kimi göstərilməsidir.


Müxalifətin vahid siyahısı çıxış yoludur?

ENM-in sədri Tina Bokuçava deyir ki, vahid siyahı seçicilərə daha tutarlı mesaj ötürər, kiçik partiyaların parlamentdən kənarda qalması riskini azaldar və müxalifətə dəstəyi artırar.

ENM və onun təsisçisi, həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili 2003-cü ildə “Qızılgül İnqilabı” nəticəsində hakimiyyətə gəlmiş, 2012-ci ildə isə “Gürcü arzusu”na yenilərək, hakimiyyətdən getməli olmuşdu.


ENM hələ də ən çox dəstəyi olan müxalifət partiyası sayılsa da, xalq bütövlükdə onu onillik hakimiyyətində avtoritarizmə yuvarlanan partiya kimi görür.

“Gürcü arzusu” yerdə qalan bütün müxalifət partiyalarını “kollektiv ENM” kimi qələmə verməklə xalqın ENM-ə həmin güvənsizliyindən yararlanmağa çalışır. Çox sayda müxalifət lideri və müxalif düşüncəli insan özünü ENM-dən ayırmağın seçkidə uğur qazanmaq baxımından vacib olduğunu iddia edir.

“ENM-i xortdan kimi göstərib, xalqı müxalifətə səs verməkdən çəkindirmək [“Gürcü arzusu”nun] işinə yarayıb. Gürcüstanda çox sayda seçici artıq “Gürcü arzusu”na səs vermək istəmir və artıq hökuməti dəyişməyin vaxtı gəldiyini aydınca görür, ancaq içində ENM olan heç bir şeyə də səs vermək istəmir”, - liberal-mərkəzçi “Lelo” partiyasından seçilmiş millət vəkili Salome Samadaşvilinin sözləridir.

“Lelo” və bəzi başqa kiçik partiyalar çox sayda kiçik müxalif alyansların yaradılması tərəfdarıdır. Onların fikrincə, belə kiçik alyanslar 5 faizlik limiti aşmağa kömək edəcək və ENM, yaxud hər hansı başqa müxalifət qüvvəsini sevməyən seçicilərə də seçim şansı verəcək.

İndiki sorğular nə göstərir?

Seçki ərəfəsində Vətəndaş Cəmiyyəti Fondu (Açıq Cəmiyyət Fondu şəbəkəsinin Gürcüstan şöbəsi) “Gürcü arzusu”nun qarşısına çıxa biləcək ən uğurlu müxalifət konfiqurasiyasını müəyyənləşdirmək məqədilə rəy sorğusu keçirib.

AzadlıqRadiosu yalnız müxalifət partiyaları arasında istifadə edilməsi nəzərdə tutulan nəticələri əldə edib. Nəticələr əhalinin 29 faizinin “Gürcü arzusu”nu dəstəklədiyini göstərir. Seçkiyə onunla birlikdə gedəcək sağyönlü “Xalqın gücü” partiyasınınsa 1 faizdən də az dəstəyi var.

XS
SM
MD
LG