Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:40

Gürcüstan azərbaycanlısı niyə milli soyad ala bilmir?


Sema Sadıxova
Sema Sadıxova

Gürcüstanda milli və dini azlıqların “Salam" platforması qeyri-hökumət təşkilatı artıq üç ildir ki, “Soyadımı qaytarın” adlı kampaniya aparır.

AzadlıqRadiosunun Exo Kavkaza saytı yazır ki, ötən uzun müddətə baxmayaraq kampaniya hələ də Gürcüstan hakimiyyətindən etnik azlıq nümayəndələrinin soyadlarının milliləşdirilməsi tələbinə cavab ala bilməyib.

Söhbət ilk növbədə azərbaycanlıların soyadlarındakı ov/ova rus sonluqlarının götürülməsindən gedir.

Platformanın azərbaycanlı nümayəndəsi Səma Sadıq Exo Kavkaza saytına müsahibəsində deyib ki, etnik azlıqların, o cümlədən azərbaycanlıların -ov/-ova sonluqlu soyadları Rusiya imperiyasının, sonralar isə Sovet İttifaqının siyasətləri nəticəsində yaranıb:

“Biz bu kampaniyaya 2019-cu ildən başlamışıq. Amma buna qədər də azərbaycanlıların soyadlarındakı rus sonluqları ilə bağlı problemləri olub. Bu məsələ hələ bizim əcdadlarımızı, valideynlərimizi də narahat edib. Amma biz Gürcüstan qanunlarına görə soyadımızdakı bu sonluqları dəyişə bilmirik”.

Sema bildirib ki, petisiya imzalayanlardan bəzilərinin mobil telefonları olmayıb
Sema bildirib ki, petisiya imzalayanlardan bəzilərinin mobil telefonları olmayıb

Səma Sadık bildirir ki, indi Gürcüstan ərazisinin 20 faizi işğal olunduğu kimi vaxtilə azərbaycanlıların da soyadları "işğala" məruz qalıb.

Sadık deyib ki, Gürcüstanın Ədliyyə Nazirliyi soyadlarının dəyişdirilməsinə icazə vermədiyinə görə platforma üzvləri Gürcüstanda müvafiq qanunvericilik aktının qəbulunu tələb edən petisiya hazırlayıblar. Bu petisisyaya 25 min nəfər imza atıb:

“2016-cı ildə mən atamla birlikdə Tbilisidəki “Ədliyyə evinə” getdik. Orda bizə dedilər ki, qanuna görə biz soyadımızdakı sonluğu ata bilmərik. Bizə bildirdilər ki, nəslimizdə kiminsə belə bir soyadı daşıdığını təsdiq edən sənəd təqdim etməliyik”.

Rədd olunası ərizə üçün 300 lari

Səma izah etməyə çalışıb ki, Rusiya imperiyası, sonralar Sovet İttifaqının ilk dövlərində onların (əslində SSRİ əhalisinin hamısının-red) ümumiyyətlə heç bir sənədləri olmayıb və o da belə bir sənədi təqdim edə bilmir:

“Ədliyyədə mənə dedilər ki, bu məsələni qaldırmaq üçün ərizə yazmalıyam. Ərizənin təqdim olunması üçün 300 lari (112 dollar) ödəməliyəm. Mən ərizə üçün 300 lari ödənməsini tələb edən qanunla ilk dəfə idi üzləşirdim. Amma dərhal da əlavə etdilər: “Onsuz da sizə rədd cavabı veriləcək. Çünki bizdə belə bir qanun yoxdur”. Belə çıxırdı ki, rədd ediləcək ərizəyə görə məndən 300 lari istəyirdilər. 2016-cı ildən sonra ailəmiz və mən qərara gəldik ki, soyadımızı hər yerdə şifahi Sadık kimi işlədək. Yəni “ov”suz. Amma təəssüf ki, bütün sənədlərimizdə biz Sadıxovlar kimi qalırıq”.

Səma bildirir ki, bu məsələ ilə bağlı bir neçə millət vəkilinə müraciət ediblər. Müxalif “Girçi” partiyasından deputatlar Vaxtanq Meqrelişvili, Zurab Caparidze və partiyasız Tariyel Nakaidze onu bu prosesin əvvəlindən sonunadək dəstəkləyiblər.

"Salam" platformasının fəalları
"Salam" platformasının fəalları

Avropa məhkəməsinədək gedəcəklər

O hakim Gürcü Arzusu partiyasından insan haqları komitəsinin sədri Mixail Sarcveladzeyə də müraciət edib.

İqtidar deputatı ona deyib ki, hakim partiya bu məsələ ilə bağlı qanun layihəsi üzərində işləyir. Bu görüş 2020-ci ildə olmuşdu. Belə görünür ki, sözü gedən qanun layihəsi üzərinə iş hələ də bitməyib.

Exo Kavkaza yazır ki, Səma və onun platforması məsələ ilə bağlı məhkəməyə müraciət ediblər.

Hazırda yanvarın 18-də keçiriləcək apellyasiya dinləməsini gözləyirlər.

Səma bildirir ki, buna qədər məsələyə üç məhkəmə prosesində baxılıb:

“Bizə dedilər ki, topladığımız imzalardan 3400-ü etibarsızdır”.

Buna səbəb kimi həmin imzaların yanında mobil telefon nömrələrinin yazılmamasını irad tutublar.

Səma deyib ki, apellyasiya məhkəməsindən də müsbət nəticə gözləmir. O qeyd edir ki, mübarizəni dayandırmayacaqlar və Avropa İnsan Hüquqları Məhkəməsinədək müraciət edəcəklər.

AzadlıqRadiosu bu problem barədə reportajı hələ 2021-ci ildə hazırlamışdı

Gürcüstandakı azərbaycanlılar 25 min imza toplayır: 'Imtina edirik'
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

XS
SM
MD
LG