Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

ABŞ qanununu Gürcüstan parlamentinə niyə təqdim ediblər?


Jurnalistlər Gürcüstan parlamentində "xarici agent" qanunu layihəsinə etiraz edirlər
Jurnalistlər Gürcüstan parlamentində "xarici agent" qanunu layihəsinə etiraz edirlər

Gürcüstan parlamentinə hakimiyyət yönlü “Xalqın gücü” fraksiyasının hazırladığı “xarici agentlər haqqında” qanununun iki layihəsi təqdim olunub.

Bu barədə məlumatı İmedi telekanalının efirində hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze verib.

Məlumata görə layihələrdən biri ABŞ-ın “xarici agentlərin qeydiyyatına dair” (Foreign Agents Registration Act – FARA) qanununun sözbəsöz tərcüməsidir.

Kobaxidzenin sözlərinə görə, təqdim olunan digər layihə ABŞ qanununun “daha liberal” variantıdır.

Müqayisə üçün

Belə ki Amerika qanunundan fərqli olaraq bu variantda xarici agentlərin yalnız qeydiyyatı və maliyyələşdirilməsinin şəffaflığı tələb olunur, qanunu pozanlara qarşı cinayət işlərinin açılması və ya onların həbsi nəzərdə tutulmur.

Yeri gəlmişkən, əsasən hakim “Gürcü arzusu” partiyasını tərk edənlərdən ibarət olan “Xalqın gücü” parlament fraksiyasının üzvü Quram Maçaraşvili bu iki layihənin niyə eyni vaxtda təqdim olunmasına aydınlıq gətirib.

Onun sözlərinə görə ABŞ qanunu parlamentə olduğu kimi ona görə təqdim edilib ki, bu qanunun ikinci layihə ilə müqayisədə nə qədər sərt olduğu görünsün.

Maçaraşvili düşünür ki, bu ikinci qanun layihəsinin hər iki fraksiya tərəfindən qəbul edilməsinə imkan yaradacaq.

“Rusiyadakı nəticəni verəcək”

Gürcüstanın qeyri-hökumət təşkilatları, müxalifət və bir çox ictimai xadimləri hakimiyyətin arqumentlərini “demaqoqluq” adlandırır və “xarici agent haqqında” qanunun istənilən formada qəbuluna etiraz edirlər.

Hakimiyyətin tənqidçiləri bildirirlər ki, belə bir qanunun qəbul olunması ən azı bütün qeyri-hökumət sektoruna “damğa vurulması” və gözdən salınması ilə nəticələnəcək.

Tənqidçilər deyirlər ki, “xarici agent” ifadəsi Amerikadan fərqli olaraq bütün keçmiş sovet məkanında mənfi emosiyalara və reaksiyalara səbəb olur.

Onların fikrincə qanun vətəndaş fəallığının və QHT-lərin bu sayaq damğalanması ilə böyük bir ehtimalla Rusiyada olduğu kimi repressiyalarla nəticələnəcək.

Gürcüstanın çoxu xaricdən maliyyələşdirilən QHT-lərinin nümayəndələri deyirlər ki, onlar fəaliyyətlərinin şəffaf hesabatlılığını təmin etməyə hazırdırlar.

XS
SM
MD
LG