Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:27

'Qızılgül inqilabı'ndan 20 il sonra Gürcüstanda partiyalar bir-birinə nifrət etsələr də, çox məsələdə həmfikirdirlər


Xüsusi təyinatlılar qan tökülmədən Eduard Şevardnadzenin prezident iqamətgahını tərk edərkən əlində qızılgül tutan gürcü qadın. 2003
Xüsusi təyinatlılar qan tökülmədən Eduard Şevardnadzenin prezident iqamətgahını tərk edərkən əlində qızılgül tutan gürcü qadın. 2003

Gürcüstanda düz 20 il öncə baş verən "Qızılgül inqilabı" ölkənin siyasi, iqtisadi həyatına və xarici siyasətinə köklü dəyişikliklər gətirdi. İnqilab və onun hakimiyyətə gətirdiyi şəxs – Mixeil Saakaşvili yoxsul, təcrid olunmuş ölkə üçün yeni ümid çırağı idi.

O dönəm ölkənin prezidenti olan Eduard Şevardnadzenin istefa verdiyi 23 noyabr tarixi inqilabın ildönümü kimi qeyd edilsə də, Gürcüstanda çoxları, özəlliklə indiki hakimiyyət həmin günü bayram saymayacaq.

""Qızılgül inqilabı" bu ölkəyə işgəncə, korrupsiya, ərazilərin 20 faizinin itirilməsini gətirib. 20-ci ildönümü qeyd etmək sadəcə həyasızlıqdır", - hakim "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidzenin sözləridir.

AzadlıqRadiosunun Tbilisidəki müxbiri Coşua Kuçeranın qələmə aldığı məqalədə deyilir ki, Gürcüstanın indiki və keçmiş hakim partiyaları bir-birinə dərindən nifrət bəsləyir. 2012-ci ildə - Saakaşvili və onun Birləşmiş Milli Hərəkat Partiyasının yenilməsindən sonra hakimiyyətə gələn "Gürcü arzusu" bugünədək özünü keçmiş rejimə qarşı müxalifətdə olması ilə tanıdıb. İndi bir neçə ittihamla həbsdə olan Saakaşvili xələflərini "Rusiyanın oyuncaq kuklaları" adlandırır. Gürcüstan siyasətindəki qütbləşmə o qədər dərindir ki, Avropa İttifaqı bu məsələni ölkənin birlik üzvlüyünə namizəd olması üçün əsas şərtlərdən biri sayır.

"Gürcüstandakı daha çox şəxsiyyət əsaslı qütbləşmədir"

"Gürcü arzusu" hökuməti xarici siyasətdən iqtisadiyyata və separatçı münaqişələrin həllinədək çox şeydə "Qızılgül inqilabı" və Saakaşvili hökumətinin 20 il öncə başladığı yolu davam etdirsə də, sözügedən düşmənçilik bu fakta kölgə salır.

Korneli Kakaçiya
Korneli Kakaçiya

Tbilisidə fəaliyyət göstərən Gürcüstan Siyasət İnstitutu adlı beyin mərkəzinin rəhbəri Korneli Kakaçiya deyir ki, Gürcüstan siyasətindəki bu bölünmə "Qərb ölkələrindəki kimi ideologiya əsasında baş verən klassik …qütbləşmə deyil": "Gürcüstandakı daha çox şəxsiyyət əsaslı qütbləşmədir… Onlar sadəcə bir-birini söyür, opponentlərinin nə qədər pis olduğunu deyir, ancaq heç vaxt problemlərdən danışmırlar".

Üç il öncə Almaniyanın Fridrix Ebert Fondu üçün politoloqların apardığı araşdırma iki blokun – "Gürcü arzusu" və Birləşmiş Milli Hərəkatın özəlliklə iqtisadi siyasət məsələlərində fərqlərdən çox, ortaq özəlliklərinin olmasını üzə çıxarıb.

Şevardnadzenin hakimiyyəti dövründə iqtisadiyyat durğunluq halında idi. Korrupsiya ittihamları geniş yayılmışdı. 2003-cü ilin noyabrında səslərin saxtalaşdırılması ilə bağlı şübhələr minlərlə vətəndaşın küçəyə axışması, noyabrın 22-də isə Saakaşvili tərəfdarlarının parlamentə hücum çəkərək prezidenti qaçmağa məcbur etməsi ilə nəticələnmişdi.

Altı həftə sonra böyük fərqlə seçkini qazanan Saakaşvili və hökumətinin güclü ideoloji baxışı vardı: qətiyyətli qərbyönlü xarici siyasət və radikal azad bazar iqtisadiyyatı siyasəti. Onun hakimiyyəti dövründə ölkə ABŞ-ın yaxın müttəfiqinə çevrildi. Rusiya ilə düşmənçiliksə 2008-ci ildə Rusiyanın Gürcüstana hücumu ilə nəticələndi. Saakaşvili hakimiyyətinin sonuncu ilində Dünya Bankının "Ease of Doing Business" reytinqində Gürcüstan dünyada doqquzuncu yeri tutmuşdu.

Bidzina İvanişvili
Bidzina İvanişvili

"Birləşmiş Milli Hərəkatdan daha opportunist idilər"

Ancaq Saakaşvili və partiyası 2012-ci il seçkilərində "Gürcü arzusu"na yenildi. Milyarder işadamı Bidzina İvanişvilinin qurduğu bu qarışıq koalisiyanın başlıca məqsədi get-gedə avtoritarlaşdığı deyilən rejimi devirmək idi. Saakaşvilinin partiyası hakimiyyətdən sui-istifadədə suçlanırdı. Seçkilərdən az öncə qızışan həbsxanada işgəncə qalmaqalı bu ittihamları daha da gücləndirmişdi.

Düzdür, Saakaşvilidən sonra baş verənlər heç bir böyük dəyişiklik, yaxud yeni siyasi istiqamət gətirmədi. "İvanişvili çox da siyasi adam deyil, onun vizyonu, yaxud hər hansı ideologiyası və ya proqramı yoxdur. Bu bütün "Gürcü arzusu"na sirayət edib. Onlar öz siyasi baxışı olan Birləşmiş Milli Hərəkatdan daha opportunist idilər", - Kakaçiya deyir.

Hakimiyyətə gələndən sonra "Gürcü arzusu" siyasi yeniliklər gətirdi. Yeni hakimiyyət Qərbə yaxınlaşmağa ara verməyəndə də Rusiya ilə qarşıdurmanı xeyli azaltdı. Özəlliklə Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya ilə münasibətlərini necə qurmaq məsələsi Gürcüstanın siyasətinin ən həssas nöqtəsinə çevrilib.

Son zamanlar "Gürcü arzusu" sosial mühafizəkarlıq istiqamətində kəskin dönüş edərək ailə dəyərləri və kimlik məsələlərini öz ritorikasına daxil edib. O bu məsələdə Macarıstanın baş naziri Viktor Orbandan ilham almış kimi görünür (Saakaşvili və hökuməti qatı liberal kimi tanınmasa da, onların idarəçiliyində mədəni məsələlərin rolu az idi).

Ancaq Gürcüstan vətəndaşlarının çoxu düşünür ki, iki siyasi qüvvə arasındakı oxşarlıqlar fərqlərdən çoxdur.

Paata Zakareişvili
Paata Zakareişvili

"Onların siyasəti yoxdur, fəaliyyətsizliyi var"

"Gürcü arzusu" hökumətinin ilk dövrlərində barışıq və vətəndaş bərabərliyi naziri çalışan, indi hər iki rejimin sərt tənqidçisi olan Paata Zakareişvili deyir ki, "Gürcü arzusu", əsasən, Saakaşvili hökumətinin xəttini davam etdirir. Onun sözlərinə görə, Şevardnadze hökuməti Abxaziya və Cənubi Osetiyanın de-fakto hökumətlərinin nümayəndələri ilə müntəzəm dialoq aparırdısa, Saakaşvili bu danışıqları dayandırdı: "Abxaz və osetinlərlə danışmağın mənası yoxdur. Onlar heç kimdir. Hər şeyi Rusiya və Moskva həll edir. Saakaşvilinin konsepsiyası bu idi".

Zakareişvili daha sonra əlavə edir: ""Gürcü arzusu" gələndə də az şey dəyişdi. Onlar sadəcə eyni yanaşmanı götürüb modernləşdirdilər", Onun sözlərinə görə, hökumət de-fakto qurumlarla danışmaqdan imtina yolunu davam etdirir və bunu çox vaxt ətalətdən və tənqid olunmaq qorxusundan edir: "Onlar bu məsələyə toxunmaqdan qorxurlar. "Gürcü arzusu" abxaz və osetinlərlə danışmağa başlayınca millətçilər deyəcəklər ki, "görürsünüz, onlar Rusiyanın siyasətini yürüdürlər"… Onların siyasəti yoxdur, sadəcə fəaliyyətsizliyi var".

Onun fikrincə, Abxaziya və Cənubi Osetiya məsələsində "Gürcü arzusu" Rusiyanın yeganə iş görüləsi tərəf olduğu yanaşmasını qəbul edir. Onların gətirdiyi yenilik, əvvəlki hökumət kimi, Moskva ilə birbaşa qarşıdurmaya girməkdənsə, onu razı salmağa çalışmaqdır: "Ancaq hər ikisi eyni kobud səhvə yol verir. Rusiya problemdir, problemin 80 faizidirsə, qalan 20 faizi bizim abxaz və osetinlərlə problemimizdir. Biz bu problemi çözməyincə Rusiya ondan sui-istifadə edəcək".

2003-cü ildə Tbilisinin mərkəzində müxalifət tərəfdarlarının polislə toqquşması
2003-cü ildə Tbilisinin mərkəzində müxalifət tərəfdarlarının polislə toqquşması

"Təkpartiyalı sistemə qayıtdıq"

İnsan haqları məsələsinə gəlincə, çoxları iki rejimin oxşar trayektoriya ilə getdiyini iddia edir: ilk vaxtlarda gözə çarpan açılma və liberallaşma siyasəti daha sonra tədricən artan avtoritarizmlə əvəzlənir. "Biz hər növbəti rejimlə get-gedə daha çox təsisatı nəzarətdə saxlayan təkpartiyalı sistemə qayıtdıq", - Prezident Salome Zurabişvili son müsahibəsində dilə gətirdiyi sözlərdir. O, prezident kimi, əsasən, rəmzi vəzifəyə 2018-ci ildə "Gürcü arzusu"nun dəstəyi ilə seçilsə də, sonradan hakim partiyanın qatı tənqidçisinə çevrilib. "Gürcü arzusu" bu yaxınlarda hökumətin icazəsi olmadan Avropa İttifaqına səfər etdiyi üçün prezidenti vəzifədən çıxarmağa da cəhd göstərib. Ancaq hakim partiyanın bu təşəbbüsü parlamentdə yetərli dəstək almadığından uğur qazanmayıb.

Saakaşvilinin hüquq-mühafizə sisteminə gətirdiyi məşhur genişmiqyaslı dəyişikliklər nəticəsində xırda korrupsiyaya, demək olar, tam son qoyulub. Siyasi bağlantılı iş adamlarının özəl münasibət görməsi timsalında yüksək səviyyəli korrupsiyaya gəlincə, belə korrupsiya hələ də var.

XS
SM
MD
LG