Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Seçki sonuclarının bəlirsizliyi fonunda gürcülər üzünü Qərbə çevirib


Aİ Gürcüstanı parlament seçkilərindəki pozuntuları araşdırmağa çağırıb.
Aİ Gürcüstanı parlament seçkilərindəki pozuntuları araşdırmağa çağırıb.

Gürcüstanda şok seçki sonuclarının ardınca bütün gözlər Qərbə yönəlib. Çoxları ümid bəsləyir ki, ABŞ ilə Avropa seçkinin saxtalaşdırıldığına dair müxalifətin iddialarını dəstəkləyəcək.

ABŞ və Avropa İttifaqı hələlik seçkinin nəticələrinə ehtiyatla cavab verib. Bu nəticələrə görə, hakim "Gürcü arzusu" partiyası səslərin 54 faizini, dörd müttəfiq müxalifət qüvvəsi isə birlikdə 38 faizini toplayıb.

AzadlıqRadiosunun Tbilisidə çalışan müxbiri Coşua Kuçeranın analitik yazısında deyilir ki, oktyabrın 26-da axşam – seçki sonuclarının açıqlanmasından az sonra müxalifət partiyaları nəticələrin saxtalaşdırıldığını bəyan edib. Müxalifətə yaxın exit-poll-lar isə seçkidə "Gürcü arzusu"nun tam məğlubiyyətini proqnozlaşdırırdı.

Ertəsi axşam Gürcüstan prezidenti Salome Zurabişvili də nəticələrin "total saxtalaşdırma" və hətta Rusiya "xüsusi" əməliyyatının nəticəsi olduğunu deyib. Gürcüstanda prezident vəzifəsi nominal xarakter daşıyır. Müxalifət partiyaları hakim partiyanı tənqid edən Zurabişvilinin dəstəyindən yararlanmağa çalışır.

Salome Zurabişvili Tbilisidə mitinqdə çıxış edir.
Salome Zurabişvili Tbilisidə mitinqdə çıxış edir.

Qərbin reaksiyası bundan qat-qat ehtiyatlıdır

Seçki müşahidə missiyaları səsvermədə seçicilərin qorxudulması, seçki qutularına saxta bülletenlərin atılması və bir dəfədən artıq səsvermə də daxil, çox sayda pozuntu qeydə alıb. Ancaq onlar bu pozuntuları səsvermənin legitimliyinə proyeksiya etməkdən boyun qaçırıblar.

Aİ öz bəyanatında Gürcüstan hökumətini pozuntuları araşdırmağa çağırıb. ABŞ Dövlət Departamenti isə beynəlxalq müşahidəçilərin nəticələri azad və ədalətli elan etmədiyini vurğulayıb. Ancaq onların hər ikisi seçkini qeyri-legitim elan etməkdən yayınıb.

Belə ehtiyatlı yanaşma Gürcüstanda ABŞ və Avropadan dəstək gözləyən müxalifət liderlərini məyus edib.

"İndi güzəşt və həlim sözlərin vaxtı deyil. Bu, diplomatiya məsələsi deyil, geosiyasət məsələsidir", - müxalif "Dəyişiklik naminə koalisiya" blokunun liderlərindən Nika Qvaramiya Britaniyanın "The Financial Times" qəzetinə müsahibəsində belə deyib.

"Qərb qərar verməlidir: ya Gürcüstan xalqını tərk etməli, ya da onun yanında möhkəm dayanıb seçkini tanımaqdan imtina etməlidir. Bunun orta nöqtəsi yoxdur", - "Utanc Hərəkatı"nın qurucularından Mariam Qequçadzenin X-də yazdığı sözlərdir.

Oktyabrın 28-də axşam on minlərlə vətəndaş Zurabişvilinin çağırdığı nümayişə gəlib. Zurabişvili bunu etiraz deyil, "iradəmizi dünyaya göstərmək üçün simvolik akt" adlandırır. Nümayişçilər üzərində "Dünya ictimaiyyəti, bizi tək qoymayın" sözləri yazılan plakatlar qaldırıblar.

"Aqmeşenebeli Strategiyası" partiyasının rəhbəri Giorgi Vaşadze deyib ki, nümayişdə müxalifət partiyaları "beynəlxalq idarəçilik altında" yeni seçkinin keçirilməsini tələb edib.

Təhlilçilərin fikrincə, beynəlxalq aləmin sakit qalmasının bir neçə səbəbi var

Onlar deyirlər ki, Macarıstanın millətçi-mühafizəkar baş naziri Viktor Orbanla "Gürcü arzusu"nun yaxın münasibətləri Aİ-nin reaksiyasını məhdudlaşdıracaq. Orban hakim partiyanı hətta nəticələrin elan olunmasından da öncə qələbə münasibətilə təbrik edib. O, oktyabrın 28-də yüksəkvəzifəli şəxslərlə görüşmək üçün Tbilisiyə gələrək mətbuat konfransı keçirib və hakim partiyanın qələbəsinin "danılmaz" olduğunu söyləyib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə Macarıstanın baş naziri Viktor Orbanı qarşılayır.
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə Macarıstanın baş naziri Viktor Orbanı qarşılayır.

"Orban Aİ-nin hərəkətinə mane olacaq. Üstəlik, üzv ola biləcək ölkə ilə münasibəti tam korlamaq da istəməzlər", - Karneqi Avropa Mərkəzinin aparıcı tədqiqatçısı Tomas de Vaal AzadlıqRadiosuna belə deyib.

Daha bir amil də iddia edilən saxtakarlığın mürəkkəbliyi və "Gürcü arzusu"nun bütün qələbəsinə şamil edilə bilinib-bilinməməsidir.

"My Vote" adlı gürcü müşahidə missiyası "Gürcü arzusu"nun seçkiləri saxtalaşdırmaq üçün "iri sxem" qurduğunu sübuta yetirən dəlillər aşkar etdiyini bildirib. Onun iddiasına görə, "Gürcü arzusu" yoxlama prosesini zəiflətmək üçün müxtəlif prosedurlar işə salmaqla "karusel" hallarına imkan yaradıb. Qrup oktyabrın 28-də seçki qurumlarını toplam 300 mindən çox seçicini əhatə edən bir qrup dairədə nəticələri ləğv etməyə çağırıb və daha çox dəlil aşkarlandıqca belə dairə saylarının artacağını deyib.

""Gürcü arzusu"nun qələbəsini təmin edən say fərqi önəmlidir, axı ciddi beynəlxalq müdaxilənin ağır nəticələri ola bilər. Aİ-nin dərindən müdaxilə edəcəyi halda, qütbləşmə və münaqişənin daha da artması mümkündür…", - Almaniyanın Henrix Böll Fondu Tbilisi ofisinin rəhbəri Sonya Şiffersin sözləridir.

Ancaq o deyir ki, beynəlxalq aləm pozuntuların miqyasını anlayandan sonra etirazlar sürərsə, bəlli koordinasiyanın ardınca daha güclü reaksiya gələ bilər. "Bu halda müstəqil beynəlxalq missiyanın pozuntuları araşdırmasını təkid etmək Aİ və onun demokratiyayönlü üzvləri üçün ən yaxşı seçim ola bilər".

'Azərbaycanlı uzağı müavin ola bilər' - Gürcüstan 'referenduma bərabər' seçkilərə hazırlaşır.
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

Di gəl, seçki sonucları ilə bağlı suallara cavabı ölkə içində axtaran gürcülər də var. Gürcüstanın cənubunda - erməni və azərbaycanlıların yaşadığı ərazilərdə çoxluğun "Gürcü arzusu"na səs verdiyini görəndən sonra buna sosial mediada mənfi reaksiya verməyə başlayıblar.

"Bu son seçki ən pis seçki idi"

Nəticələrin bu bölgələri diqqətdənkənar qoyan müxalifətin öz günahı olduğunu iddia edənlər də var. "Bu son seçki ən pis seçki idi: heç bir müxalifət lideri bölgəyə baş çəkmədi, yerli mediada heç bir gerçək kampaniya gözə dəymədi və seçkidən bir neçə gün öncə, sadəcə, bir neçə poster asıldı. …Ancaq "Gürcü arzusu" səsləri almaq üçün bütün mülki və güvənlik şəbəkələrini sıx səfərbər edib", - qohumları həmin bölgədə yaşayan, özü Tbilisidə çalışan təhlilçi Olesya Vartanyan X-də belə yazıb.

Tbilisi Beynəlxalq Film Festivalının direktoru Qaqa Çxeidze Gürcüstanın mərkəzi hissəsində yerləşən bir kənddə seçki müşahidəçisi olub və öz təcrübəsini Facebook postunda paylaşıb. O, seçki gününün sakit keçdiyini, baş verən kiçik pozuntuların düzəldildiyini, günün sonunda həmin dairədə "Gürcü arzusu"nun 58 faiz səs topladığını yazıb. O bunu hakim partiyanın "apatik" seçiciləri xahiş, təhdid, vəd, rüşvət və qorxutma ilə yola gətirməsinə bağlayıb: "Çox aydın göründü ki, "Gürcü arzusu" bu kənddə əvvəlcədən yaxşı işləyib və, bəlkə də, Gürcüstanın hər yerində bütün kəndlərdə yaxşı işləyib. Nəticələr də bunu təsdiqləyir".

XS
SM
MD
LG