Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Gürcüstan azərbaycanlısı: 'Gərək olan-qalan toyuq-cücəni satalar ki gəlsinlər'


Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası

"60-yaşlı atamın qardaşı öldü, təyyarədən qorxduğu üçün Bakıya gələ bilmədi. Quru sərhədlər bizi yasdan, toydan, yurdumuzdan-yuvamızdan didərgin salıb. Ailədə altı nəfərik, təyyarə ilə gəlmək istəsək, gərək kəfən puluna kimi hamısını da biletə verək", – bu sözləri AzadlıqRadiosuna özünü "Gürcüstan məhbusları" adlandıran onlarla insandan biri, Tbilisidə yaşayan Nicat Quliyev deyir.

Torpağına gözüyaşlı baxanlar

N.Quliyev 10 ildir Gürcüstanda yaşayır. Azərbaycan 2020-ci ilin martında koronavirus pandemiyasına görə quru sərhədləri bağlayıb. Bu ilin martında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın bitdiyini elan etdikdən sonra Azərbaycan quru sərhədləri açmayıb. "Virus bitib, yoluxma azalıb, hətta (Şimali) Koreya belə quru sərhədləri açdı, hakimiyyət nəyi və niyə gözləyir?" – Quliyev şikayətlənir.

İndiyədək Azərbaycanda 820 mindən çox koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, 10 minə yaxın xəstə vəfat edib. Hazırda ölkədə azı 1 min 300 aktiv xəstə olduğu bildirilir.

"Atam Qırmızı Körpü sərhəd məntəqəsində gözləri dolmuş şəkildə iki gün gözlədi. Hələ əmim sağ idi, atam Bakıya getmək istəyirdi. Əlindəki pasportunu göstərərək "500 metrlik məsafədəki torpağıma gedə bilmirəm" deyirdi, danışdıqca səsi titrəyirdi. Bizim icmada imkanlı heç kim yoxdur, iki təyyarə bileti almaq belə çoxuna müşküldür. Biz təyyarə ilə Bakıya getmək istəsək, gərək xeyli pul xərcləyim", –N.Quliyev söyləyir.

O, pandemiyanın bitmədiyi zamanlarda hökumətin güzəştlər tətbiq etdiyini xatırladır və təəssüflənir ki, hazırda o güzəştlərdən də məhrumdurlar. Buna görə də özlərini 2020-ci ilin sonundan "Gürcüstan məhbusları" kimi təsnif edir.

Hazırda Bakıdan Tbilisiyə birtərəfli biletin qiyməti 179 manat göstərilir. Öncədən aldıqda endirim olunduğu bildirilir. Ancaq bugünlərdə Bakıdan Tbilisiyə təcili iş üçün gedib-qayıdanlar biletə 600 manat xərclədiklərini deyirlər.

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Məsafələr..

Sevda və Elxan Abbasov cütlüyü isə quru sərhədlər bağlı olduğundan nə nəvə toyunda iştirak edə bilib, nə də nəticələrini görmək nəsib olub. Cütlük sentyabrın 25-də Nazirlər Kabinetinin qərarı ilə karantin rejiminin 2024-cü ilin yanvarına kimi uzadıldığı xəbərini AzadlıqRadiosundan eşidəndə əsəbiləşir.

"Məsafə də azdır, cibimizdə pul da. Həm də bu qoca yaşımızda təyyarəyə minmək uyğun deyil. Maşın ilə gedib-gəlmək olurdu. İndi bir təyyarə bileti maaşımız qədərdir. Azərbaycanda olan qohumlar da gələ bilmir. Onlar Qaxda yaşayırlar, əvvəllər ildə iki-üç dəfə qatarla gəlirdilər. Onda bir xoruz satıb rahat gəlirdilər, indi gərək olan-qalan toyuq-cücəni satalar ki gəlsinlər…", –64-yaşlı qadın gileylənir.

Onlar oktyabrın əvvəlində ölkə rəhbərliyinə müraciət edəcəklərini də deyirlər. Bu, Gürcüstanda yaşayan azərbaycanlıların icmasının yeddinci müraciəti olacaq.

43-yaşlı Vaqif (şərti ad.) də eyni məsələdən narazıdır. O da ana-atasını, qohumlarını üç ildir görmür, anasının 90-nı adladığını və "ölsə, getmək alınmayacaq, çünki təyyarəyə verəcək pulum yoxdur. Heç olmaya, xəstəsi olanlara güzəşt etsinlər" deyir.

Onun yaşadığı Rustavi sovet dövründə sənaye mərkəzi olub, maşın satışı ilə məşhurdur. Azərbaycan vətəndaşları illərdir ki, Rustavidən maşın alıb aparırlar. Elə Vaqifin bazarı da sərhəd bağlanandan ölüb.

"İndi alıcı maşını evakuatora yükləməli, özü isə təyyarə ilə uçmalıdır. Bu isə əlavə xərc deməkdir, satışları da azaldıb və qazancım yoxa bərabərdir", - deyən Vaqif qeyd edir ki, sərhədlərin bağlı olması hər iki tərəfdə yaşayan insanların cibinə də təsir göstərir, qazancına da, səhhətinə də. Vaqif anasını ancaq görüntülü danışarkən görməsinin onun psixoloji vəziyyətinə də təsirsiz ötüşmədiyini vurğulayır.

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Gürcüstan deputatına müraciətlər

Gürcüstanda "Vahid Milli Hərəkat" partiyasının Marneuli Bələdiyyə Məclisindəki deputatı Nərgiz Əliyeva AzadlıqRadiosuna deyir ki, quru sərhədlərin bağlı qalmasından narazı yüzlərlə şəxs ona da müraciət edib.

"Deyilənlərə görə, bu ilin sonuna kimi sərhədlərin açılması gözlənilmir. Mənim özümə müraciətlər, narazılıqlar çox olur. Gürcüstanda yarım milyona yaxın azərbaycanlı yaşayır və bizləri vətənimizə bağlayan çox şey var", –deputat bildirir.

Azərbaycanda 8 min 400 nəfərə yaxın etnik gürcü yaşayır. Bu, ilk dəfə AzadlıqRadiosunun ortaya çıxartdığı 2019-cu il siyahıyaalmasında öz əksini tapıb. Gürcüstandakı azərbaycanlıların sayı isə bundan dəfələrlə çoxdur.

Gürcüstan Milli Statistika İdarəsinin 2020-ci il hesablamalarına əsasən, azərbaycanlıların sayı 230 min nəfərdən çoxdur ki, bu da əhalinin 6 faizindən artığını təşkil edir.

Prezident "pandemiya" deyir, müxalifət "siyasi" adlandırır

Sonuncu dəfə Prezident İlham Əliyev ötən ilin iyulunda quru sərhədlərin COVID infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bağlı qaldığını açıqlayıb. Müxalifət, vətəndaş cəmiyyəti təmsilçiləri isə bu versiyaya inanmır, səbəbləri Qarabağda vəziyyətin hələ də sabitləşməməsində, 2022-ci ildə başlayan Rusiya-Ukrayna savaşında axtarırlar, səfərbərlikdən qaçanların ölkəyə gələcəyi ehtimalı ilə yozurlar.

Milli Məclisin deputatı Razi Nurullayevin sözlərinə görə, Azərbaycan hökumətini bu məsələdə qınamaq lazım deyil, dövlətin bildiyi səbəblər var və bu səbəblərdən sərhədi bağlı saxlayır: "Dövlət ehtiyac gördüyü üçün, təhlükə gördüyü üçün bağlı saxlayır. Ona görə də hökuməti bu məsələdə qınamaq olmaz, amma bununla bərabər ehtiyacı olan sahələrdə köməklər və yüngülləşdirici mexanizmlərin tətbiqi də yaxşı olardı".

2022-ci ildə Nazirlər Kabinetinin qarşısında "Quru sərhədləri açın!" tələbi ilə aksiya da keçirilib.

Türkiyədə oxuyan 25 min azərbaycanlı tələbənin 1 dərdi...
Gözlə

No media source currently available

0:00 0:04:31 0:00

Gürcüstanda yaşayan azərbaycanlılar bu il avqustun 23-də quru sərhədlərin açılması və ya quru sərhəddə alternativ giriş-çıxışın təmin olunması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib. Sənəddə vətəndaşların narahatlıqları öz əksini tapıb. Bu petisiyanın təşəbbüskarı Samirə Bayramova AzadlıqRadiosuna danışır ki, petisiyanın məqsədi güzəştlər əldə etmək olub və ona bir həftə ərzində azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər daxil olmaqla, mindən çox şəxs imza atıb: "Müsbət cavab gözləyərkən qərar çıxdı ki, karantin uzadılıb. Amma yenə ümidimiz var, düşünürük, yanvara kimi uzadılan müddətdə də xüsusi imtiyazlar tətbiq edilə bilər. Əgər tam sərhədin açılması mümkün deyilsə, ya müəyyən kateqoriyadan olanlar üçün açılsın, yaxud da əvvəlki kimi, kod sistemi olsun".

Kod sistemi niyə ləğv olunub

Bakıdan iqtisadçı Fərid Abbasov quru sərhədlərin bağlı qalmasını hüquqi, yaxud iqtisadi deyil, siyasi maraqlarla izah edir. O da quru sərhədlərlə bağlı bəzi güzəştlərin tətbiqini vacib sayır: "Vətəndaşları düşünərək sadəcə keçmiş kod sistemi bərpa edilməli, yaşı 50-dən çox olanlar üçün ayda iki-üç dəfə xüsusi avtobuslar təşkil edilməlidir. Müalicə üçün gedənlər isə bunu sənədlərlə təsdiqləyib istədiyi vaxt sərhədi keçmək hüququna malik olmalıdır".

Kod sistemi – Azərbaycana, yaxud Gürcüstana getmək istəyənlərə quru sərhəddən keçmək imkanının tanınmasıdır. Vətəndaş ölkədən quru sərhəd ilə çıxmaq niyyətini digər ölkənin səfirliyinə bildirir, səfirlik iki həftə ərzində, bəzən istisnalar daxilində bir həftəyə həmin şəxsə rəqəmlərdən ibarət kodu zənglə, yaxud fiziki görüşdə bildirirdi. Həmin kodu hər iki ölkənin sərhəd yoxlamasında bildirərək dövlətin ərazisinə girə bilirdilər. Bu, azərbaycanlılar üçün yaxşı fürsət sayılırdı, səyahət üçün xüsusi səbəb, yaxud kateqoriyalar müəyyən edilməmişdi. Həmin kod sisteminin 2022-ci ilin ikinci yarısından ləğv olunduğu bildirilir. Gürcüstanda yaşayan azərbaycanlılara deyilib ki, kod sisteminin ləğvinə eyni adamların dəfələrlə müraciəti səbəb olub. Azərbaycanlılar bu izahla razılaşmır.

AzadlıqRadiosu kod sisteminin ləğv səbəbini Azərbaycanın Gürcüstandakı səfirliyindən, yaxud Xarici İşlər Nazirliyindən öyrənə bilməyib, telefon zəngləri cavabsız qalıb.

Yeri gəlmişkən, hazırda həyat yoldaşı Gürcüstan vətəndaşı olanlar Gürcüstandan Azərbaycana quru sərhəd ilə qayıda bilirlər. Amma azərbaycanlı ailələr bu imkandan məhrumdurlar.

XS
SM
MD
LG